Zibillik hesabına yaşayan “Ətirli qadın”ın şok hekayəti: “ Qardaşlarım…”– Fotolar

Baxış sayı: 
55
2  
0  

 
Evə qayıdanda, adətən, metronun “Neftçilər” stansiyası tərəfdən çıxıram. Bu dəfə də belə oldu. Məni evə yaxın aparacaq avtobusa tələsirdim ki, bir mənzərə ayaqlarımı biri-birinə zəncirlədi. Səhhətində problemi qabarıq şəkildə gözə çarpan axsaq, beli bükük yaşlı bir xanımın zibil qutularından içki qablarının içindəki qalıqları boşaldaraq əlindəki çörək parçaları olan salafan paketə yığması diqqətimi çəkdi. Qadına yaxınlaşdım.
 
Mavi gözləri çuxura düşmüş , qırışları dərinləşən simasının nuru getməmişdi. Heydən düşsə də, halsızlaşa da çörək pulunu çıxarırdı.
 
Onunla görüşəndə əlində çanta vardı. Bir gün küçədə zibil qutularının yanında bir qadın onu görüb. Geyim almaq üçün onu özü ilə birgə aparıb. Çantanı geyimlərlə dolduran qadın gündəlik pulunu da verib yola salıb. Hər halda özü belə deyir:
 
“Ağrılarım hərdən çox dözümsüz olur. Heç kimim yoxdur. Ac qalmamaq üçün zibil qutularını gəzirəm. İçki qutuları tapanda sevinirəm ki, bugünkü dolanışığım alınacaq. Bax bu gördüyünüz geyim dolu çanta da xeyirxah bir qadının hədiyyəsidir. Qəbul etmək istəməsəm də, məcbur etdi”- deyir.
 
Züleyxa Nurullahinin 60 yaşı var. Deyir, ailədə iki bacı, üç qardaş – 7 nəfər olublar. Valideynləri öldükdən sonra ailəli olan qardaşları iki bacını evdən uzaqlaşdırıblar:
 
“O vaxtdan bacımla kirayədə yaşayırdım. Mən uzun illər çörək zavodunda işləmişəm. Buna görə də şəxsi ev üçün rəsmilərə müraciət etdim. Çox çətinliklə 1996-cı ildə bu evi aldım. Bacımla birgə yaşayırdım. Sonra bacım itkin düşdü. Bir gün evə gələndə gördüm, bacım yoxdur.
 
 
 
Səs-soraq olmayanda bildim ki, itkin düşüb. Polisə müraciət etdim. Şübhələndiyim adamın da ünvanını verdim. Bir müddət sonra qapı döyüldü. Qapını açmağımla həmin adamın mənə fiziki zor tətbiq eləməsi bir anın içində oldu. Nə baş verdiyini anlamamışdım. Əli ilə sifətimə elə bir zərbə endirdi ki, burnum sındı. Al-qan içində qonşuları köməyə çağırdım.
 
Qonşu qapımı açmağa çalışanda mənə zor tətbiq edən adam məni yalan deməyə məcbur etdi. Əks halda məni öldürəcəyi ilə hədələdi. Mən də məcbur olub al-qan içində olmağımı yıxıldığını dedim. “Qonaq” mənə “bacını bir də axtarmağa cəhd eləmə”- deyə barmaq silkələdi. İndi də tək-tənhayam. Güclə yaşayıram”.
 
Ailə qurmadığını deyən Züleyxa xanım evinin şəraitsizliyindən gileyləndi:
 
“Qış olanda gördüyünüz bu tör-töküntü evdə dayanmaq mümkün olmur. Evimdə istilik sistemi yoxdur. Mənə əmək pensiyası kəsilməyib. Bu da bir ayrı dərddir. Amma hələ ki evimin istilik sistemi ilə təmin olunmasını istəyirəm. İsti suya həsrətəm. Yuyunmaq üçün qonşulara gedirəm. Hərdən üz-gözümü yumaq üçün yaxınlıqdakı restorana üz tuturam. O da ki xəlvəti. Restoranın müdir biləndə k məni qovdu. Problemimlə bağlı kimə müraciət etsəm baxan yoxdu”.
 
 
 
Həmsöhbətim deyir ki, üçüncü qardaşı həbsdədir. Digər qardaşları da onunla maraqlanmır: “Həyat yoldaşları onları mənimlə maraqlanmağa icazə vermir. Heç mən özüm də istəmirəm”.
 
Bizimlə söhbətdə qonşular bu qadına kömək göstərilməsinin vacibliyini bildirdilər. Onlardan biri dedi ki, imkan düşəndə qadına yardım edirlər: “Qazandığı qəpik-quruşu da həbsdə yatan qardaşına göndərir. Elə olur, kömək üçün bizə əl açır. Biz də əlini geri çevirmirik”.
 
Züleyxa Nurullahi ilə danışanda probleminin işıqlandırılmasını istəmədi: “İnsanlar məni yanlış anlayar, elə bilərlər, onlardan sui-istifadə edirəm”.
 
 
 
Həmsöhbətimizin keçirdiyi ağır güzərana rəğmən, ondan xoş ətir ətrafa yayılırdı. O özü deyir ki, necə durumda olmasına baxmayaraq, ətirdən istifadə etməyi unutmur. Hətta onu “Ətirli Züleyxa” da adlandırırlar. İndi Züleyxa xanımın əsas istəyi evinin şəraitsizliyinə kömək edilməsidir.
 
Məsələ ilə əlaqədar “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, Nizami rayonu Qara Qarayev prospektində yerləşən 74-cü binada ümumiyyətlə istilik sistemi təmin olunmayıb: “Həmin bina sovetlərdən qalma binadır. Ora istilik paylayıcılarla təmin olunmayıb. Bina Nizami Rayon İcra Hakimiyyətinin balansındadır. Amma, istilik sistemlərinin təmin olunma Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin də payına düşür. Binaların aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və saxlanılması bina mülkiyyətçilərinin vəzifəsidir.
 
 
 
Mənzillərdən keçən istilik xətləri isə mənzil mülkiyyətçiləri tərəfindən bərpa olunmalıdır. Qurumlar tərəfindən binanın istilik sistemi ilə təmin olunması üçün maliyyə vəsaiti ayrılmalıdır. Bundan sonra hər hansı addım atmaq olar”.
 
Əmək pensiyası məsələsinə görə isə Nizami Rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan bildirdilər ki, pensiya yaşına çatmayan kimsəsiz şəxslər üçün 130 manat müavinət təyin edilə bilər. Bunun üçün həmin şəxslərin 62 yaşı tamam olmalıdır. Əgər həmin şəxslərin 62 yaşı tamam deyilsə və fiziki məhdudiyyətlidirsə, bu halda ünvanlı sosial yardım üçün müraciət edə bilər.
 
Həmin şəxslərin əlillik dərəcəsinin olub-olmaması isə qeydiyyatda olduğu poliklinika təyin etməlidir. Əgər deyilən nüanslardan heç biri yoxdursa, yaşayış yardımı üçün hər hansı ictimai birliklərə müraciət edə bilər. Bundan başqa, əmək əlilləri üçün pansionat (“Qocalar evi”nə) müraciət etmək olar. Bunun üçün isə yaşı 70-i tamamlamalıdır.
 
 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələ ilə əlaqədar isə bildirdi ki, qanunvericiliyə uyğun olaraq hazırda qadınların əmək pensiyasına çıxma yaş həddi 61,6, kişilərdə isə 64,6-dır:
 
“Bu rəqəm 65 yaşa qədər hər altı aydan bir artır. Əgər qadınlarda əmək pensiyası hüququ yaranmırsa, 62 yaşda sosial müavinət hüququ yaranır və bu hüquqla təmin edilirlər. Əgər şəxsin yaşı əmək pensiyası hüququnun təminatı üçün çatmırsa və kimsəsizdirsə, sosial xidmətçilərdən istifadə edə bilər.
 
Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət işçiləri dövlət büdcəsi hesabına o şəxslərə vaxtı-vaxtında baş çəkir, gündəlik tələbatlarını ödəmək məqsədilə xidmət göstərirlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fonduna rəsmi şəkildə müraciət olunmalıdır.
 
Həmin şəxslərin Ünvanlı Dövlət Sosial Yardım üçün də müraciət etmək hüququ da var. Eyni zamanda belə şəxslərin əmək qabiliyyəti, özünüməşğuletmə potensialı mövcuddursa, Dövlət Məşğulluq Xidmətinin müvafiq şöbələrinə müraciət etməklə işlə təmin oluna bilərlər”.
 
Müəllif: İmamət İsmayılova

Загрузка...
Загрузка...