​Zəhərlənməyə davam edəcəyik: Hələ 8-10 il lazımdır ki...

Baxış sayı: 
35
2  
0  

2021-ci il yanvarın 1-dən etibarən, Belarusda iaşə obyektlərində birdəfəlik plastik qabların istifadəsi və satışı qadağan ediləcək. Bu barədə Belarusun Nazirlər Şurası qərar qəbul edib.
Bəs Azərbaycanda belə bir qərar qəbul oluna bilər mi?
 
Bununla bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ilk növbədə bu problemin həlli üçün alternativ yollar təklif olunmalıdır.
 
“Mən düşünürəm ki, radikal üsulla bunun qarşısını almaq mümkün deyil. Məncə Belarusiyada da tətbiq ediləcək radikal üsul səhvdir. Çünki bu işdə istehsalçılar, xaricdən mal göndərənlər və istehlakçılar maraqlıdır. Administrativ üsulla bu yola əl atmaq səhv istiqamətdir. Gərək alternativlər tətbiq olunsun. Əgər Belarusiyada alternativlər hazırdırsa, onda istehlakçılar da ona doğru gedəcək. Azərbaycanda isə tədricən bu işlər görülür. Təsadüfi deyil ki, bizim təşkilat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihəsi çərçivəsində bu yaxınlarda regionlarda bu işlərlə bağlı maarifləndirmə işlərinə başlayacaq. İnsanlara başa salmağa çalışacağıq ki, plastik qablarda üzüm yarpaqlarının üzərinə kimyəvi aktiv turşular töküb şoraba qoymasınlar, və yaxud da körpələr üçün qidaları bu qablara doldurub saxlamasınlar. Yəni birinci gərək istehlakçılar maariflənsin. Düşünürəm ki, Azərbaycanda tədricən, yəni 8-10 ilə bu qablardan istifadənin qarşısını almaq olar".
 
Ekspert Azərbaycanda uzun müddətdir müzakirəsi gedən sellofan torba probleminin hələ də öz həllini tapmaması məsələsinə də toxunub.
 
“Sellofan probleminin həll olunmamasının səbəbi tələb və təklif məsələsidir. Bazarda tələb varsa, mütləq təklif olacaq. Artıq bununla bağlı dəyişikliklər var. Demək olar ki, bütün marketlərdə sellofan torbaların qalınlığı 2 dəfə azaldılıb. Biz həmişə təklif edirik ki, heç olmasa MDB məkanının təcrübəsi olmalıdır. Yəni, sellofan paketlər pulla satılmalıdır. Həmçinin, torbalar şəffaf olmalıdır, üstündə rəng olmamalıdır. Bazar torbaları, həsir zənbillər ən gözəl alternativlərdir. Çox təəssüf ki, alıcılar buna rəğbət göstərmirlər".
 
Dünyada məhsulları plastik qablaşdırmada istehsal edən şirkətlərə cərimələrin tətbiq edilməsi təklifi də geniş geniş müzakirələrə səbəb olur. Ekspert bunun tərəfdarı olmadığını bildirib:
 
“Şirkətlərə cərimə tətbiq edilməsinin tərəfdarı deyiləm. İstehlakçılar bu qablara və ya torbalara tələbi azaltmalı, xüsusən də şüşə qablardan istifadə etməlidirlər”.
 
Sabrina Eldarqızı
 
Yenisabah.az

Загрузка...
Загрузка...