YAP-çı deputatdan Cabbarovun yeni təyinatına – Reaksiya

 

 
Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsini cəmiyyət müsbət qarşıladı. Yeni nazir ölkəmizdə tanınmış şəxsdir və müsbət imicə malikdir.
 
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncamını şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, Mikayıl Cabbarov çalışdığı bütün sahələrdə həmişə müsbət nəticələr əldə edə bilib:
 
“Onun Təhsil Nazirliyində çalışdığı dövr təhsilə yeni ab-havanın gəldiyi dövr kimi tarixdə qalacaq. Təhsil sisteminə xeyli yeniliklər gəldi, cəmiyyətdə müəllim statusunun və nüfuzunun qalxması üçün böyük işlər görüldü. Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi, imtahanların keçirilməsi təhsilin inkişafına ciddi təkan verdi. Bacarıqlı müəllimlərin məktəb direktoru və tədris hissə müdirləri vəzifələrinə təyinatı üçün yeni sistemin tətbiqi də razılıqla qarşılandı və özünü doğrultdu.
 
Mikayıl Cabbarovun dövründə Təhsil Nazirliyi cəmiyyət üçün açıq təşkilata çevrildi və təhsillə bağlı heç bir məsələ reaksiyasız qalmadı. Mikayıl müəllimin özü də səmimi, demokratik düşüncəli, dövlətcil bir idarəçi kimi özünü tanıtdı. İnanırıq ki, o, yeni vəzifəsində də yenilikçi və dövlət maraqlarını qoruyan bir rəhbər kimi çalışacaq və hörmətli prezidentin etimadını doğruldacaq. Bu işdə ona uğurlar arzulayırıq”.
 
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib.

Загрузка...
Загрузка...