​Ya Məhəmməd Hakimi , Ya “Qarabağ”...

Baxış sayı: 
67
2  
0  

 
Sabah Avropa Liqasının qrup mərhələsində İspaniya  “Sevilya”sı ilə mühüm qarşılaşmaya çıxan klubumuz nəyə ümid edə bilər?
Sabah Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Sevilya” “Ramon Sançes Pisxuan” stadionunda “Qarabağ”ı qonaq edəcək. Bakı vaxtı ilə 00:00-da start götürəcək matçı İsveçdən olan hakimlər briqadası yönəldəcək.
 
Baş hakim Məhəmməd Əl-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək. Məlumat üçün deyim ki, müsəlman olan 34 yaşlı Məhəmməd Əl-Hakim İraqın Nəcəf şəhərində doğulub. 8 yaşında İsveçdə yaşayır. 2015-ci ildə ölkənin ən yaxşı hakimi seçilib. Məhəmməd bu mühüm qarşılaşmada köməyimiz olsun...  
 
“Qarabağ” Avroliqanın 4-cü turunda APOEL-ə uduzması ilə qrupdan çıxmaq işini xeyli çətinləşdirdi. Ağdam klubu nəinki 1:0 üstünlüyünü qoruya bildi, üstəlik, bu qələbəyə layiq olmayan APOEL-ə son dəqiqədə üç xal verdi.
 
Bu səbəbdən hətta “Qarabağ” qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər. Bakıda heç-heçə edib, öz meydanında qələbə qazanan APOEL şəxsi görüşlərdə üstündü və yekunda xallar bərabər olsa, Kipr klubu 1/16 finala çıxacaq.
 
Bir daha xatırladaq ki, 4 turdan sonra 12 xal yığan “Sevilya” təkcə növbəti mərhələni yox, qrup liderliyini də təmin edib. “Qarabağ”la APOEL-in 4 xalı var - öz aralarındakı oyunlara görə Nikosiya təmsilçisi 2-cidi. 3 xalla sonuncu yerdə qərarlaşan “Düdelanj”ın da növbəti mərhələ şansı qalır.
 
APOEL sabah “Düdelanj”la səfərdə oynayacaq. Son turda isə “Sevilya”nı qəbul edəcək.  “Qarabağ” isə son turda lüksemburqlularla öz meydanında qarşılaşacaq.
 
Əgər sabah Sevilyadan xalla dönə bilməsək, APOEL “Düdelanj”ı məğlub etməklə mərhələ adlayacaq. Azərbaycan təmsilçisi İspaniyada ən azı 1 xal əldə etsə, Kipr klubu səfərdə qələbə qazansa belə, ikinci pillənin sahibi son turda müəyyənləşəcək. Belə bir qəliz vəziyyət...
 
Bu vəziyyəti əsaslı şəkildə düzəltmək üçün isə “Qarabağ” sabah “Sevilya”nı məğlub etməlidir! Bu halda  1/16 final mübarizəsində biz favorit olacağıq. Sonrası Allah Kərimdir...
 
“Sevilya”ya qalib gəlmək çətin görünür. Üç gün əvvəl komandanın səfərdə “Valyadolid”lə oyununa baxdım. İlk  turlara nisbətdə xeyli yaxşı komanda gördüm. Görüş onların 1:0 hesablı qələbəsi ilə başa çatdı, amma heç-heçə olsaydı belə, “Sevilya” yaxşı formadadır.
 
“Qarabağ” isə təəssüf ki, geriləməkdədir və  son turda “Sumqayıt”a çempionatda ilk dəfə uduzmaları da bunu göstərir. “Qarabağ” milli çempionatda da son oyunlar ancaq xal itirir.
 
Klubun yeni transferi Xayme Romero "Sevilya" ilə oyunu öncəsi “Deportes ABCdesevilla” nəşrinə müsahibəsində bu barədə də danışıb. İspan yarımmüdafiəçi La Liqa təmsilçisi ilə Bakıdakı görüşü də xatırladıb: “Onlarla ilk oyunumuzu Bakıda keçirdik. Həmin vaxt bir neçə gün əvvəl La Liqada liderliyə yüksələn komandaya qarşı çıxış etdik və 0:3 hesabı ilə uduzduq. Sevilyada oynamağın necə olduğunu bilirəm. Bu yaxınlara qədər ”Kordoba"da çıxış edirdim və təbii ki, “Sevilya”nın haranı təmsil etdiyini bilirəm. Ölkəmizdə oynamaq həmişə özəldir".
 
X.Romero Sevilyaya bütün güclərini ortaya qoymaq üçün gedəcəklərini söyləyib: “Mövsümün əvvəli ilə müqayisədə vəziyyətimiz bir az pisdir. İndi əvvəlki oyunlarımızı sərgiləyə bilmirik. Ölkə çempionatında da son oyunlar çox qələbə qazanmırıq. Fikrimcə, bizim Çempionlar Liqasına və Avropa Liqasına erkən başlamağımızın ”Qarabağ"a təsiri oldu. Ancaq “Sevilya”ya hər şeyimizi ortaya qoymaq üçün gedəcəyik".
 
 Qol.az xəbər verir ki, “Qarabağ”ın daha bir ispaniyalı legioneri  Miçel Madera da həmin nəşrə danışıb. O deyib ki, qarşıdakı matç çətin olacaq: ““Sevilya”nın gücünə hamı bələddir. Mənə “Ramos Sançes Pisxuan”da  oynamaq sevinci nəsib olub. Bu, xüsusi bir hissdir. Bura super, gözəl bir stadiondur. Bilirik ki, bizi çətin matç gözləyir. “Sevilya” çox güclüdür və öz meydanında adətən, rəqiblərə xal qazanmağa imkan vermir".
 
“Qarabağ”ın şansları haqda da danışan Miçel deyib: “Əgər APOEL ”Düdelanj"ı udsa, biz isə “Sevilya”ya uduzsaq, “Qarabağ” üçün hər şey bitəcək. Ümid edirik ki, müsbət nəticə qazana bilərik"
 
Daha bir ispaniyalı Dani Kintana da ölkəsinin mətbuatına açıqlama verib. Kintana mütləq xal qazanmalı olduqlarını deyib: “”Sevilya"nın heyətində Franko Vaskesi çox bəyənirəm. Əla futbolçudur və mövsümü yüksək səviyyədə keçirir. Növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq xal qazanmalıyıq. Bunun çox çətin olacağını bilirik. “Sevilya” əla komandadır. Mənə görə, onlar bu turnirin favoritidir".
 
2015-ci ildən “Qarabağ”da çıxış edən ispaniyalı futbolçu yaxşı formada olmadıqlarını da etiraf edib: “Böyük rəqibə qarşı oynamağın motivasiyası fərqli olur. Əlbəttə ki, həyəcanlıyıq. Ən yaxşı vəziyyətdə deyilik, çünki son vaxtlar mənfi nəticələrimiz var. Ancaq komandanın meydana əzmlə çıxacağına əminəm. Avropa Liqası başqa turnirdir və ”Ramon Sançes Pisxuan"da oynamaq bunu daha da xüsusiləşdirir".
 
Baş məşqçi Qurban Qurbanovun da motivasiyası yerində deyil. Baş məşqçi “Sumqayıt”la qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında  bildirib ki, klub son vaxtlar tam istədiyimiz heyətlə oynaya bilmir: “Çox səbəb axtarmaq istəmirəm. Futbolçuların fikirlərinin ”Sevilya" ilə Avropa Liqasının oyununda olduğunu düşünmürəm. Gördüm oyun da alınmır, çox da riskə getmədim". Baş məşqçi deyib ki, hər bir məğlubiyyət futbolçulara təsir edir: “Biz peşəkarıq. ”Sevilya" ilə matça qədər düzgün işləməliyik. Səhvləri hər kəs özü analiz edəcək. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq".
 
Nədənsə, rəqibin çətin, “Qarabağ”ın işinin çöçün olduğunu bilsəm də, Sevilyadan xoş xəbər olacağına ümidim böyükdür. “Qarabağ” bizi ən çətin anlarda sevindirməyi bacaran komandadır.
 
Uğurlar “Qarabağ”!    
 
Nazim  SABİROĞLU,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...