Xətai rayonunda şəhid Veysəl Qasımovun xatirə lövhəsi qoyulub - FOTOLAR - VİDEO

Baxış sayı: 
49
3  
0  

 
Yanvarın 24-də Xətai rayonu Lütfi Zadə küçəsində şəhid Veysəl Qasımovun xatirə lövhəsinin açılışı olub.
 
Musavat.com bildirir ki, tədbirdə Xətai RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, qurumun nümayəndələri, rayon bələdiyyəsinin üzvləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, Qarabağ qaziləri və digərləri iştirak edib.
 
Əvvəlcə xatirə lövhəsi önündə şəhid Veysəl Qasımov bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xətai RİH-nin əməkdaşı Pənah İmanov çıxış edib:
 
“Azərbaycanın torpaqları uğrunda gedən döyüşlərdə öz canını qurban verən şəhidlərimiz var. Məhz onların qanı hesabına bu gün ölkəmiz inkişaf edir, hər yerdə stabillik hökm sürür. Torpaq, uğrunda ölən varsa, vətəndir. Bu kəlamın çox böyük dərin fəlsəfəsi var. Yəni, əgər torpaq üçün canını fəda edən igid oğlanlar varsa, o torpaq vətən hesab olunur.
 
Bu gün şəhid qardaşımız Veysəl Qasımovun xatirəsi üçün buraya yığışmışıq. Bu gün onun xatirə lövhəsinin açılışıdır.
 
Şəhidimizin anasında üzr istəyirik ki, bu məsələ bir qədər gecikdi. Əslində gecikmə deyildi, çalışırdıq ki, bu işi daha nəfis şəkildə həyata keçirək.
 
Bir müddət bundan əvvəl isə şəhidin adına salınan bulağın ətrafı təmir və bərpa olunub. Bu cür tədbirləri keçirməkdə məqsədimiz torpaqlarımız uğrunda canını verən igidlərimizin olduğunu gənc nəslə çatdırmaqdır”.
 
Pənah İmanov Xətai rayonunda aparılan abadlıq işlərindən də söz açıb. O, qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji cəhətdən təmiz və abad həyətlərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində 30-dan çox həyət “Abad həyət”ə çevrilib:
 
“Bu gün Azərbaycan tam inkişafla irəliləyir. Bu inkişafda Xətai rayonu da kənarda qalmayıb. Rayonumuz böyük sürətlə inkişaf edir. Hazırda olduğumuz bu həyət buna nümunədir. Məlumat üçün bildirim ki, parallel olaraq artıq 16 ünvanda həyətlərin abadlaşdırılması işi həyata keçirilir. Bu işlər çərçivəsində şəhidlərin xatirəsinə salınmış lövhələr, barelyeflər də yenidən təmir və bərpa edilir”.
 
Lövhənin açılışında şəhidin anası Səadət Qasımova və həyat yoldaşı Mərziyə Qasımova da çıxış edib. Onlar şəhidin xatirəsinin əziz tutulmasından məmnun qaldıqlarını dilə gətirib, göstərilən diqqətə görə Xətai rayon İcra başçısı Rafiq Quliyevə öz təşəkkürünü bildiriblər.
 
Tədbir şəhid Veysəl Qasımımovun məzunu olduğu 29 saylı tam orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları ilk öncə məktəbin foyesində şəhidin xatirəsinə həsr olunmuş, şagirdlər tərəfindən çəkilən rəsm sərgisi ilə tanış olublar.
 
Daha sonra dövlət himninin səslənməsinin ardından şagirdlər tərəfindən ədəbi-bədii kompazisiya nümayiş olunub. Kompazisiyada şəhidin həyat və döyüş yolundan söz açılıb, kiçik süjetlər göstərilib. Qeyd olunub ki, Veysəl Qasımov 28 il bundan əvvəl “Daşaltı əməliyyatında” iştirak edib. Həmin əməliyyat 1992-ci ilin 25 yanvarından axşam saatlarında başlanıb və bir gün sonra bələdçilərin xəyanəti ucbatından uğursuzluqla başa çatıb. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Həmin şəhidlərdən biri də Veysəl Qasımovdur. Şəhidin iki qız övladı var.
 
Məktəbin direktoru Reyhan Ələkbərova çıxış edərək bildirib ki, rəhbəri olduğu təhsil müəssisəndə hər zaman Azərbaycanın torpaqları uğrundan canlarından keçən şəhidlərə həsr olunan tədbirlər həyata keçirilir, görüşlər təşkil olunur.
 
Tədbirin sonunda Xətai RİH-nin nümayəndəsi Pənah İmanov, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı çıxış edərək, tədbiri təşkil edənlərə öz təşəkkürünü bildirib, şəhidlərin xatirələrinin hər zaman diqqətdə saxlamağın zəruri olduğunu vurğulayıblar.
 
Xalidə Gəray,
Rafət Şahbazlı,
Musavat.com

Загрузка...
Загрузка...