Xruşovun böyük layihəsi – o, Çində görub-arzuladığı sarayla bağlı arzusunu necə çin etdi...

Baxış sayı: 
23
1  
1  

 
Dövlət başçıları təkcə siyasi müstəvidəki fəaliyyətləri ilə deyil, həm də qurub yaratdıqları ilə yadda qalırlar. İllər ötür, hansısa bir körpüdən keçəndə, yaxud hansısa bir göz oxşayan tikilinin qarşısında dayananda ilk növbədə onun hansı rəhbərin dövründə tikildiyini düşünürsən. Belə fərqli tikililərdən biri də Kremlin Qurultaylar sarayıdır. Bu saray 1992-ci ildən Dövlət Kreml Sarayı adlanır...
 
1959-cu ilin dekabrında Mərkəzi Komitənin geniş tərkibli iclası keçiriləndə Nikita Xruşov iclasın gündəliyində nəzərdə tutulmayan ikinci çıxışı üçün sədarətdən icazə istəyib. O, çox da böyük olmayan girişdən sonra mətləbə keçərək bildirib ki, Kommunist Partiyasının qurultaylarını keçirmək üçün xüsusi binanın tikilməsinə ehtiyac var:
 
- Yoldaş kommunistlər, vahid partiyamızın ali orqanı olan qurultay ən mühüm siyasi tədbirlərdən biridir. Ancaq mən təəssüf edirəm ki, bu günə qədər qurultayın keçirilməsi üçün kommunistlərin ayrıca binası yoxdur. Nəyə görə bu mühüm siyasi tədbir Böyük Teatrda, yaxud İttifaqlar Evində keçirilməlidir? Təklif edirəm ki, Moskvada Qurultaylar sarayının tikilməsi üçün müvafiq qurumlar layihələr hazırlasınlar...
 
 
 
Gurultulu və sürəkli alqışlarla qarşılanan bu təklifdən sonra xüsusi komissiya yaranıb.
 
Əvvəlcə yeni sarayın hansı ərazidə tikiləcəyi haqqında müzakirələr başlanıb. Fikirlər müxtəlif olsa da, sonda Xruşovun təklifi qəbul olunub: Qurultaylar sarayı Kremlin ərazisində tikilməlidir. Bəzi arxitektorlar, inşaatçılar, tarixçilər yeni müasir binanın Kremlin arxitektura ansamblına uyğun gəlmədiyini izah etsələr də, təklif qüvvəsində qalıb.
 
Yeni sarayın layihələndirilməsi və tikintisi həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri Aleksey Kosıginə həvalə edilib. Amma təbii ki, “əsrin tikintisi” adını alan Qurultaylar sarayının inşasına birbaşa Nikita Xruşov nəzarət edib.
 
Ölkənin bütün tanınımış memarları və inşaatçıları layihəyə cəlb olunub, bir çox mütəxəssislər təcrübə əldə etmək üçün Avropa ölkələrinə, Amerika Birləşmiş Ştatlarına və Çinə ezam olunublar.
 
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu ideya Xruşovda 1959-cu ildə Çinə səfərindən sonra yaranıb. Belə ki, sovet lideri Çin inqlabının 10 illik yubileyində iştirak edərkən ümum-Çin xalq yığıncağının toplantıları üçün nəzərdə tutulmuş 10 min nəfərlik tutumu olan zalı gördükdən sonra bu qərarı verib.
 
 
 
Sarayın tikilməsi ilə bağlı yaradılmış xüsusi komissiyaya 12 layihə təqdim olunub. Ciddi araşdırmadan sonra Mixail Posoxinin rəhbərlik etdiyi qrup qalib olub. 22 il Moskva şəhərinin baş memarı olan Posoxin həm də SSRİ rəhbərlərinin bağ evlərinin “müəllifi” kimi də məşhur olub.
 
Əvvəlcədən çox da böyük olmayan bir sarayın tikintisi nəzərdə tutulsa da, sonradan layihə böyüyüb. Belə ki, 4 min nəfərlik əsas zal Xruşovun tələbi ilə dəyişdirilərək 6 min nəfərliyə çevrilib. Bundan əlavə, layihədə kiçik zal və diplomatlar zalı da nəzərdə tutulub.
 
Müzakirələr zamanı bu sarayda partiya tədbirləri ilə yanaşı teatr və konsertlərin keçiriləcəyi də nəzərə alınaraq bir neçə səhnənin quraçdırılması da layihəyə salınıb. Xruşovun təklifi ilə sarayda böyük ziyafət zalı da tikinti işlərinə əlavə olunub. Restoran, kafe, tibb məntəqəsi, qarderoblar, xüsusi görüşlər üçün qonaq otaqları, sanitar qovşaqlar, adminstrasiyanın kabinetləri və digər xidməti otaqlar kifayət qədər böyük bir kompleksin layihəsinə çevrilib.
 
 
 
Bunlarla yanaşı saray üçün ayrıca istilik, ventilyasiya, su, kanalizasiya, elektrik, rabitə sistemi də layihəyə salınıb.
Sarayın texniki avadanlıqlarla təchiz olunması da xüsusi diqqət mərkəzində olub. Eyni vaxtda 12 dilə tərcümə edə biləcək xüsusi avandanlıqların zallara quraşdırılması da nəzərdə tutulub.
 
Beləliklə, layihə təsdiq olunub.
 
Nikita Xruşov olduqca böyük həcmli bu işin icrasına 16 ay vaxt verib. 1961-ci ilin yazında partiyanın 22-ci qurultayının bu sarayda keçirilməsi nəzərdə tutulub.
 
Tikinti işləri üç növbədə aparılıb. Xruşov mütəmadi olaraq tikinti meydançasında görünüb. İşlərin gedişində heç bir maliyyə problemi ilə üzləşmə olmayıb.
 
 
 
22-ci qurultayın 1961-ci ilin yazından payızına keçirilməsi inşaatçılara bir az da vaxt verib. İşlər planlı şəkildə yekunlaşıb.
Nəhayət, Kremlin Qurultaylar sarayının Dövlət komissiyası tərəfindən təhvil alması məqamı yetişib. SSRİ dövründə həcmindən asılı olmayaraq istənilən tikintidə bu prosedur olduqca ciddi şəkildə həyata keçirilib.
 
Binanın layihədə əksini tapmış müvafiq çəki kütlələrinə davamlılığını yoxlamaq üçün dövlət komissiyası 30 min nəfərin sarayın içərisinə daxil olmasını tələb edib. Tələb “sərt” olsa da icra edilib. Amma 30 min nəfər yox, 20 min nəfərlə. Moskva hərbi qarnizonundan 20 minə yaxın əsgər Kremlə gətirilib. Onlar komandirlərinin əmrləri ilə sarayın damına, zallara, xidməti otaqlara yerləşdirilib. Daha sonra kommunikasiya xətləri, texniki avandanlıqların işlək olması yoxlanılıb. Dövlət komissiyası Kremlin Qurultaylar sarayının istismara verilməsinə icazə verib.
 
Sarayın açılışı 17 oktyabr 1961-ci ildə olub. Partiyanın 22-ci qurultayının başlanması ilə Kremlin Qurultaylar sarayı ilk qonaqlarını qəbul edib...
 
İlham Cəmiloğlu, Musavat.com

Загрузка...
Загрузка...