​Xruşova çürük kartof atanlar – baş katib onların cəzalandırılmamasını tapşırıb

Baxış sayı: 
29
2  
1  

 
SSRİ rəhbərləri arasında Nikita Xruşov və Mixail Qorbaçov ölkədaxili səfərləri zamanı yerli əhali ilə ən çox görüşən, təmasda olan sovet liderləri olublar. Hətta bir çox hallarda belə görüşlər əvvəlcədən planlaşdırılmamış şəkildə olub. Amma onu da qeyd edək ki, bəzən belə görüşlər səsli-küylü insidentlərlə yekunlaşıb. 1958-ci ildə Nikita Xruşovun Kuybışevə (indiki Samara) səfəri zamanı olduğu kimi...
 
1958-ci ilin 8 avqustunda Nikita Xruşov Kuybışev vilayətinə səfər edib. Səfərin əsas məqsədi yeni elektrik stansiyasının açılışında iştirak etmək olub. Qeyd edək ki, bu elektrik stansiyası həmin dövrdə dünyada ən böyük stansiyalardan biri sayılıb.
 
Xruşovu bu səfərdə Mərkəzi Komitənin nümayəndələri, o cümlədən Leonid İliç Brejnev və Mixail Suslov müşayiət ediblər.
Stansiyanın açılış mərasimi böyük təntənə ilə keçirilib. Axşam qonaqlar üçün ziyafət verilib. Səhərisi gün moskvalı qonaqlar vilayətin digər müəssisələrində olublar, yerli partiya təşkilatlarında görüşlər və müşavirələr keçiriblər.
 
Avqustun 11-də Kuybışevin mərkəzi meydanında Xruşovun iştirakı ilə mitinqin keçirilməsi və bu mitinqdə ölkə başçısının çıxışı nəzərdə tutulub. Həmin gün səhər saat 8-də şəhərdəki zavod və fabriklərdən, səhiyyə və təhsil müəssisələrindən minlərlə adam meydana göndərilib. Mitinqin keçirilməsi saat 12-yə planlaşdırılsa da, mitinqə toplaşanlar günorta saat 3-ə qədər gözləməli olublar.
 
 
 
Havanın isti olması, 6 saatdan artıq ayaq üstə dayanmaq şəhər sakinlərinin etirazına səbəb olub. Hətta arabir Xruşovun ünvanına sərt ifadlər də səsləndirilib. Onlar dağılışmaq istəyəndə, milis mane olub.
 
Mitinqin vaxtında başlanmamasının səbəbi isə Xruşovun yaxın kəndlərin birinə, “Lenin yolu” kolxozuna getməsi olub. Baş katibi bu kolxozda qarğıdalı sahələrinə aparıblar. Hətta Xruşov sahədə hazır məhsullar da yığıb. Sonra baş katibi elə sahənin ətrafında ağacların altında açılmış süfrəyə dəvət ediblər. Xruşov zəngin süfrə arxasında qədəh qaldıraraq tost da deyib:
“Bu süfrəyə nəzər salanda qürur hissi keçirirəm ki, kolxozçularımız necə də firavan yaşayır...”
 
Kolxoz ziyafətindən sonra mitinqə yollanan Xruşova “firavan həyat”ın nə olduğunu mitinq iştirakçıları əyani şəkildə sübut ediblər.
 
 
 
Baş katib və onu müşayiət edənlər tribunada görünəndə onları alqışlarla deyil, fitlə qarşılayıblar. Arxa cərgələrdən isə Xruşova əzilmiş pomidorlar, çürük kartoflar atılıb. Düzdür, onlar hədəfə dəyməyib, amma baş katibin çıxışına imkan verməyib. Mikrofonun işlək vəziyyətdə olmadığını zənn edən Xruşov Kuybışev vilayət Partiya Komitəsinin birinci katibi Yefremova dediyi sözləri bütün meydan eşidib:
 
- Bu nə özbaşınalıqdır? Bu lap xuliqanlıqdır, bu avaraları, yaramazları kim bura çağırıb?
 
Xruşovun kütləni sakitləşdirmək cəhdi boşa çıxıb. Yerdən şüarlar səsləndirilib: “Bizə ərzaq verin!”, “Uşaqlarımıza ayaqqabı və paltar ala bilmirik!”, “Qarğıdalıya son!” və s.
 
Xruşov tribunanı tərk etmək məcburiyyətində qalıb.
 
Hamı elə düşünüb ki, baş tutmayan mitinqə görə Xruşov ən ağır cəzalara əl atacaq, elə yerindəcə vilayət rəhbərləri tutduqları vəzifələrdən azad olunacaq. Bunu anlayan vilayət və şəhər rəhbərliyi baş katibi “yumşaltmaq” üçün bütün vasitələrə əl atıblar.
 
 
 
Növbəti gün Xruşovun Novokuybışevsk şəhərində neftayırma zavodunda görüşü nəzərdə tutulub. Vilayət rəhbərliyi bütün gecəni bu zavodda keçiriblər. Onlar bir gecənin içində zavodun dörd işçisini əsl qiraət ustasına çeviriblər.
 
Xruşov zavoda təşrif buyurunda qarşılanma mərasimi olduqca yüksək səviyyədə keçirilib. Dörd nəfərin çıxışı isə sözün əsl mənasında Xruşovu nəinki yumşaldıb, hətta “əridib”. Ziyafət zamanı vilayətin birinci katibi Yefremov mitinqdə baş verənlərə görə Xruşovdan üzr istəyib, pomidor və kartof atanların təsadüf nəticəsində mitinqdə iştirak etməsini qeyd edib və söyləyib ki, onlar layiqli cəzalarını alacaqlar. Xruşov əlini yelləyərək heç bir cəzanın verilməməsini göstəriş verib:
 
 
 
- Kommunizmə gedən yolda belə ünsürlərin arabir mövcud olması normal haldır. Kommunist partiyası humanist partiyadır. Səhv edənlərə, yolunu azanlara düşünmək üçün vaxt verir.
 
Amma etirazçıları əfv etməsinə baxmayaraq, Xruşov pomidor və kartof məsələsini unutmayıb. Növbəti ilin büdcə qəbulunda Kuybışevə ayrılan vəsait xeyli azalıb, vilayətin təchizatı isə daha da pisləşib.
 
İlham Cəmiloğlu, Musavat.com

Загрузка...
Загрузка...