Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik - TƏFƏRRÜAT

Baxış sayı: 
105
1  
0  

 
Əxlaqsızlıq yuvası olması ilə məşhur olan "Pəhləvanlar" kafesini işlədən şəxslər hakim qarşısına çıxarılıb.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda kafedə əxlaqsızlıq yuvası saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Qabil Ramazanov, onun qardaşı Habil Ramazanov və Yalçın Əzimlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
 
İlk olaraq polis əməkdaşı, əməliyyatçı Tural Hüseynov ifadə verib.
 
O deyib ki, əməliyyat məlumatı əsasında "Pəhləvanlar" kafesinə yollanıblar. Polis əməkdaşı bildirib ki, əməliyyat məlumatı həmin kafedə qadınların azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olub.
 
Tural Hüseynov deyib ki, hadisə yerinə gedərkən 2 hal şahidi də onlarla olub. Onun sözlərinə görə, əməliyyat zamanı ofisdən narkotik vasitə də ələ keçirilib.
 
Yalçın Əzimlinin vəkili polis əməkdaşına sual verib. Vəkil soruşub ki, əməliyyat zamanı Yalçın Əzimlini orada görübmü.
 
Polis əməkdaşı əvvəlcə Yalçın Əzimlini xatırlamadığını deyib. O bildirib ki, hadisədən bir neçə ay keçdiyi üçün tam olaraq xatırlaya bilmir: "Orada adam çox olduğundan kimlərinsə üzünü yadımda saxlamamışam. Amma xatırladığım budur ki, bu adam orada nəsə satırdı. Səhv etmirəmsə, müştərilərə qoruyucu vasitə satırdı".
 
Təqsirləndirilən Qabil Ramazanov polis əməkdaşına suallar verib, soruşub ki, əməliyyat zamanı ofisinin qapısını, dəmir barmaqlıqlar niyə qırılıb.
 
Polis əməkdaşı isə deyib ki, qapılar açıq olub.
 
Qabil Ramazanov məhkəməyə izahat verib: "Otağımdan kameralar aparılıb. Anbardan 40 minlik malımı götürüblər. Orada kamera aparatları, enerji içkiləri var idi. Hamısını aparıblar. Mən əməlimi etiraf edirəm. Qadınlarla işləmişəm, bunu siz də bilirdiniz, hamı bilirdi. Amma qalan əməllər mənə aid deyil".
 
Polis əməkdaşı isə kafedə malların aparılması ilə bağlı deyilənlərin yalan olduğunu bildirib: "Biz əməliyyata 5 nəfər getmişik. İki nəfər də hal şahidi var idi. Orada xeyli adam var idi. Əgər biz ordan nəsə götürmüşüksə, yəqin bir adam görüb".
 
Digər polis əməkdaşı Pərviz Məmmədov da eyni məzmunlu ifadə verib.
 
O, təqsirləndirilən şəxslərdən Yalçın Əzimlini tanıdığını, əməliyyat zamanı gördüyünü deyib.
 
Pərviz Məmmədovdan əməliyyatla bağlı suallar soruşulub. Ondan kafedə işləyən qadınların müştərilərlə intim münasibətini görüb-görmədiyi soruşulub.
 
Polis əməkdaşı bildirib ki, kafedəki 4-5 otaqda qadınlar müştərilərlə münasibətdə olduğu zaman saxlanılıblar.
 
Məhkəmədə digər əməliyyatçılar da dindirilib və eyni məzmunlu ifadə veriblər.
 
Məhkəmə araşdırması davam etdirilir.
 
İttihama görə, Qabil Ramazanov özünə məxsus "Pəhləvanlar" kafesində əxlaqsızlıq yuvası təşkil edib.
 
Məlumata görə, Qabil Rmazanov 18 otaqdan ibarət kafesində ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla cinsi əlaqədə olmasına şərait yaradıb. Bunun qarşılığında həmin qadınlara müştərilərdən aldığı pulun müəyyən hissəsini ödəyirmiş.
 
İttihamda yazılır ki, kafedə xüsusi hazırlanmış otaqlarda qadınlar kişi müştərilərə pul müqabilində intim xidmət göstəriblər. Həmin kafeni işlədən Qabil Ramazanov, qardaşı Habil Ramazanov və Yalçın Əzimli həmin obyektdə əxlaqsızlıq yuvası təşkil etməklə qazanc əldə ediblər.
 
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı kafenin ikinci mərtəbəsində müştərilərlə intim əlaqədə olmaq üçün gözləyən 49 qadın saxlanılıb.
 
Əməliyyat zamanı kafenin birinci mərtəbəsində yerləşən 18 otaqdan 5-də kafedə işləyən qadınlarıa intim münasibətdə olan müştərilər olub. Onlar da əməliyyatçılar tərəfindən saxlanılıb və zəruri tədbirlər görüıüb.
 
İttihamda o da göstərilir ki, Qabil Ramazanovun kafedəki iş otağından narkotik vasitə də aşkar edilib.
 
İstintaq orqanı Qabil Ramazanov, barəsində Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edib.
 
Digər iki təqsirləndirilən Habil Ramazanov və Yalçın Əzimlinin barəsində isə Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə ittiham verilib.
 
Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.
 
Bu işlə bağlı ilginc məqam həbs edilən qardaşlarla bağlıdır. Ramazanov qardaşları dəfələrlə televiziya verilişlərində, tədbirlərdə pəhləvan kimi şoular göstəriblər. Onların pəhləvan kimi fəaliyyəti ilə bağlı youtube kanalında dəymiş sayda videogörüntülərlə var. Həbs edilən Ramazanov qardaşlarının böyük qardaşları da pəhləvan olub.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...