"Vaxtının azlığından Lütfi Zadəyə elmi işləri restoranda nahar zamanı təqdim edirdilər"- Sabiq rektor

 
 
 
Dünən dünyanın nəhəng alimlərindən biri, bəşəriyyətin elmi istiqamətini dəyişən əslən azərbaycanlı olan professor Lütfi Zadə dünyasını dəyişdi. Lütfi Zadənin bir alim kimi böyüklüyündən çox yazılıb, çox danışılıb. Amma yenə də nə qədər danışılsa, azdı.
 
Moderator.az 96 yaşında vəfat edən və böyük ehtimalla bir neçə gündən sonra Azərbaycanda dəfn olunacaq alim barəsində silsilə yazıları onun haqqında olan təəssürat və xatirələrlə davam etdirəcək.
AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin sabiq rektoru, professor Akif Musayev Moderator.az-a müsahibəsində yaxın elmi əlaqələri olan Lütfi Zadə barəsində xatirələrini danışıb:
 
“2008-ci ildə çalışdığı Berkli Universitetində Zadənin qonağı olmuşam. Üç gün ərzində  Zadə ilə daha da  yaxından tanış olmaq imkanım yarandı. Berkli Universitetində restoran var idi. Nahara getdik, restoran zalında bütün masalar dolu idi. Amma bir dördnəfərlik dəyirmi masa boş idi, məxsusi olaraq, Zadə üçün saxlanmışdı. Biz də gəlib orada oturduq. Mənim üçün maraqlı və qeyri-adi bir hadisə baş verdi. 1967-ci ildən elmlə məşğulam. Amma ilk dəfə olaraq bu cür maraqlı halla qarşılaşdım: Zadə nahar edən zaman iki nəfər öz elmi məqalələrinin təqdimatını edirdi. İndi görün necədir: başqa vaxtı onun zamanının almaq mümkün olmadığı üçün onlar da  bu nahar fasiləsindən istifadə edib, öz elmi işlərinin təqdimatını keçirirdilər.  Zadənin özü buna icazə vermişdi. Elə nahar zamanı da diqqətlə onları dinləyirdi.
 
Sonrakı söhbətimizdə məlum oldu ki, bu, artıq Zadə üçün ənənəvi hal olub. Çünki kifayət qədər gərgin iş qrafiki var idi. Zamanı olmadığı üçün nahar fasiləsindəki təqdimatlara icazə vermişdi".
 
 
Professor Zadə ilə bağlı başqa bir neçə maraqlı epizodu da əlavə edib:
 
"Bir dəfə də fars restoranına getdik. Mətbuatda bir dəfə hallanıb ki, Zadənin plovdan xoşu gəlir. Bu, həqiqətən də belədir.  O, bizi plova qonaq etdi. Onun davranışını, yeməyini diqqətlə izləyirdim. Böyük boşqabda plov gətirdilər. O, plovun hamısını yedi. 2008-ci il idi. Yəni, onda  yaşı 85-i keçmişdi. O zaman həm sevindim, həm də belə qənaətə gəldim ki, Zadə kifayət qədər möhkəm adamdır. Bundan sonra da çox yaşayacaq.
 
Restorana həyat yoldaşı ilə bir gəlmişdilər. Maraqlı bir hal yaşandı: Zadə maşını sürmək istəyəndə həyat yoldaşı ərkyana açarı ondan aldı. Dedi ki, mən sürəcəyəm və sürdü də. Hər ikisi yaşlı olsa da, kifayət qədər enerjili və sadə insanlar idilər”.
 
Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin Zadə ilə bağlı geniş müsahibəsini tezliklə təqdim edəcəyik. Müsahibədə Zadənin şəxsiyyəti, bioqrafiyası ilə bağlı maraqlı faktlar, elmi nəzəriyyələri ilə əlaqəli bilgilər və onun barəsində mətbuatda yazılanlara münasibət yer alacaq.
 
Elmin Nuri

Загрузка...
Загрузка...