​Vaşinqton kürdlərə dəstəyini davam etdirir

Baxış sayı: 
43
1  
0  

 
2020-ci ilin hərbi büdcəsində kürdlərə 550 milyon dollar ayrılıb
ABŞ-ın gələnilki dövlət büdcəsində Suriyada fəaliyyət göstərən kürdlərin daxil olduğu “Suriya Demokratik Qüvvələri”nə 300 milyon dollar yardım nəzərdə tutub. Daha 250 milyon dollar isə Suriya ilə sərhədlərin qorunması üçün həmsərhəd ölkələrə veriləcək.
 
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi 2020-ci ilin hərbi büdcə layihəsini Konqresə təqdim edib. Ümumilikdə gələn il ABŞ-ın hərbi xərcləri 718,3 milyard dollar təşkil edəcək. Bu məbləğin 544,5 milyard dolları əsas xərclər olacaq, 173,8 milyard dolları isə əsasən ölkə xaricində aparılacaq əməliyyatlar üçün nəzərdə tutulub. Bundan başqa, Meksika ilə sərhədin qorunması və mümkün əməliyyatlar üçün 9,2 milyard dollar ayrılıb.
 
Maraqlıdır ki, gələnilki hərbi büdcədə İŞİD-ə qarşı mübarizə üçün ayrılan vəsaitin həcmi azalıb. Belə ki, builki büdcədə İŞİD-lə mübarizəyə 1 milyard 400 milyon dollar ayrıldığı halda, gələn il üçün 1 milyard 45 milyon nəzərdə tutulub. Maraqlıdır ki, İŞİD-lə mübarizə üçün ayrılmış vəsaitin 745 milyon dolları İraq ordusuna, 300 milyon dolları isə Suriyada fəaliyyət göstərən silahlıların təlim və təchizatına ayrılması nəzərdə tutulub. 250 milyon isə əsasən sərhədin qorunmasına ayırıb.
 
ABŞ Müdafiə Nazirliyi keçən il də Suriyadakı kürdlərə ümumilikdə 550 milyon dollar ayırıb. Yəni 300 milyon birbaşa SDQ-nin silahlandırılmasına, 250 milyon isə sərhədlərin qorunmasına.
 
 
Qeyd edək ki, hazırda ABŞ-ın Suriyada əsas hərbi müttəfiqləri ölkənin şimalında fəaliyyət göstərən SDQ koalisiyası və onun mərkəzindəki kürd qüvvələridir. Yalnız ölkənin cənub-şərqində ət-Tənaf bölgəsində eyni adlı ABŞ hərbi bazası və və “Musavir ət-Tavra” adlı kiçik silahlı müxalif qrupa dəstək verilir.
 
Lakin eyni zamanda ABŞ gələn il İraq və Suriyada fəaliyyət göstərən İŞİD əleyhinə koalisiyaya 600 milyon dollar ayırıb. Bu məbləğin 450 milyon dolları koalisiya əməliyyatlarına dəstək, 150 milyon dolları isə təchizat üçün ayrılacaq. Daha 600 milyon dollar isə bu tip əməliyyatlarda ABŞ ordusunun əməliyyatlarına dəstək verəcək ölkələr üçün nəzərdə tutulub.
 
2020-ci il hərbi büdcəsi göstərir ki, ABŞ ordusu hələ gələn il də İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları davam etdirəcək. Daha bir mühüm nüans isə amerikalıların Suriyadan çıxmaq qərarına rəğmən kürdlərə hərbi dəstəyi davam etdirmələridir. Yeri gəlmişkən, bir neçə gün əvvəl ABŞ Mərkəzi Qüvvələr Komandanı ordu generalı Cosef Votel İŞİD-ə qarşı mübarizənin davam edəcəyini deyib. General bildirib ki, İŞİD-in Suriyadakı əsas mərkəzi məhv edilsə də, cihadçılar yenidən güclənə bilər. Sitat: “”Xilafət"i fiziki olaraq sıradan çıxarmaq böyük bir hərbi uğurdur, ancaq İŞİD və zorakılığa meyilli radikalizmə qarşı mübarizənin sona çatdığını demək olmaz, vəzifəmiz hələ də davam edir".
 
 
General Votel deyib ki, böyük hissəsi dağıdılmış və bölünmüş qruplaşmaya qarşı əməliyyatların davamına ehtiyac var. Eyni zamanda o, Suriyadakı İŞİD üzvlərinin və ailələrinin hələ də ciddi problem təşkil etdiyini qeyd edib. General deyib ki, bu problem ciddi şəkildə həllini tapmasa, radikalizm gələcəkdə yenidən inkişaf edə bilər.
 
General Votel deyib ki, ABŞ ordusunun Suriyadan tamamilə çıxması ordunun qarşıya qoyulmuş vəzifələri yerinə yetirməsindən asılıdır: “Bu vəzifə isə İŞİD-in məğlub edilməsi və ”öz qüvvələrimizi" qorumaqdır. Öz qüvvələrimizə risk yaradacaq şəkildə çəkilmirik" - deyə general Votel əlavə edib.
 
Bu isə həm də o deməkdir ki, ABŞ-ın Suriya planları daha uzun müddətə hesablanıb və yaxın zamanlarda bitəcək deyil. Ancaq eyni zamanda məlumdur ki, bu büdcə layihəsi Türkiyəni qəzəbləndirəcək. Vaşinqtonun bu addımı açıq-aşkar şəkildə Ankaranın maraqlarına ziddir. Güman ki, Ankara yaxın günlərdə bu layihəyə sərt təpki verəcək.
 
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...