​Vaşinqton görüşü ərəfəsində düşmənin yeni təxribatı

Baxış sayı: 
94
1  
0  

 
Ermənistanın müdafiə naziri Qarabağda törədilən alçaq əməlin məsuliyyətini öz üzərinə götürdü, cani əsgərlərini mükafatlandırdı - cavabımız nə olacaq? Politoloqlar vəziyyətdən çıxış yolu təklif edir...
 
İşğalçı Ermənistan danışıqlara zərbə vuran növbəti təxribatçı addımını atıb. Belə ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir.
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi də həlak olan hərbi qulluqçu ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir. “Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir” - açıqlamada bəyan olunur.
 
Adətən düşmən tərəf təmas xəttində baş verənlərə görə məsuliyyəti qondarma rejimin üzərinə atırdısa, bu dəfə fərqli taktika seçildi. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan 19 yaşlı azərbaycanlı hərbçini qətlə yetirən hərbi qulluqçulara ali hərbi mükafatlar təqdim edib, həmçinin əsgərimizin məhz onun əmri ilə vurulduğunu açıqlayıb. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz facebook səhifəsində yazıb (Modern.az).
 
Bu açıqlama ilə faktiki olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi dünən cəbhənin Tərtər istiqamətində şəhid olan əsgər Xəlilov Elşən Vüqar oğlunun ölümünə görə məsuliyyəti rəsmən öz üzərinə götürmüş olub. Təsadüfi deyil ki, əsgərimizin ölümündən sonra işğal altındakı torpaqlarda yaradılmış qondarma rejimin “müdafiə nazirliyi” bu insidentlə bağlı olmadıqlarını elan etmişdi. İrəvan və Xankəndindən səslənən xəbərlər arasında olan ziddiyyət isə ayrı bir analizin mövzusudur. Hərbçimizin ölümünə görə məsuliyyəti üzərinə götürməklə Paşinyan hakimiyyəti cəbhədə situasiyanın gərginləşməsini hədəf seçib. Bu, həm də cəbhədə 6 aydan çox davam edən nisbi sakitlik dövrünün sonra yetməsi deməkdir. Düşənbə görüşündən sonra Paşinyan etiraf etmişdi ki, uzun illər boyu ilk dəfədir cəbhə boyu sakitlik hökm sürür. Ancaq sakitliyi yenə də düşmən pozdu - özünün təxribatçı addımları ilə.
 
Sankt-Peteburqdakı iqtisadi forumda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. O, prezidentlərin iştirak etdiyi panelə qatıldıqdan sonra mətbuat konfransı keçirib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyan azərbaycanlı jurnalistlərdən birinin sualına cavab olaraq ağzına gələni danışıb: “Əvvəlcə deyib ki, yüz illərlə öz torpaqlarında yaşayan ermənilər bu torpaqları işğal edə bilməzdilər. Paşinyan sonra keçib futbolçu Mxitaryanın Bakıya gəlməməsinə, Bakıda Mxitaryan formasında gəzən azarkeşin polis tərəfindən ”saxlanılmasına" və “Turan” agentliyinin əməkdaşının İrəvana rahat səfər etməsinə...
 
Paşinyanın bu dediklərinin hamısının arqumentləşdirilmiş cavabını vermək olardı. Çox axtardım, bizim agentlik və ya televiziya əməkdaşlarından Paşinyana verilən suala və cavaba rast gəlmədim. Halbuki Paşinyana sual verən jurnalistimiz, heç olmasa, Ermənistanın baş nazirinin cavabının ilk cümləsinə bu şəkildə yerindən replika verməliydi: “Nə vaxtdan Şuşa, Kəlbəcər, Ağdam və digər işğal altındakı ərazilər ermənilərin olub, məgər orada yüz illərlə ermənilər yaşayıb, bəs hanı orada yüz illərlə yaşayan azərbaycanlılar?” Politoloq vurğulayıb ki, informasiya müharibəsinə hər zaman hazırlıq tələb olunur.
 
 
N.Paşinyanın bu mövqeyi bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyəti danışıqlarda pozitiv nəticələrin əldə olunmasında maraqlı deyil. Əslində Şuşada rəqs edəndən sonra Paşinyanla danışıqların heç bir mənasının qalmadığı rəyi yaranıb. İndiki situasiya, son on gündə iki hərbçimizin şəhid olması isə danışıqlara yer qoymur, əksinə, savaş riski kifayət qədər yüksəkdir. Ancaq hələ ki Minsk Qrupu baş verənlərə görə mövqeyini açıqlamayıb. Belə görünür ki, onlar daha çox Ermənistanın maraqlarından çıxış edirlər. Əslində Qarabağda “futbol çempionatı” adlı yarışın keçirilməsindən, həmçinin Ağdamda düşmən ordunun hərbi təlimlərə başlamasından sonrakı sükutun məntiqi nəticəsidir bu itkilər. Beynəlxalq qurumlar erməni həyasızlığına reaksiya vermədiyi üçün düşmən daha da quduzlaşır.
 
Politoloq Məhəmməd Əsədullzadə hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ölkəmizə son səfəri danışıqlara zərbə vurub: “Həmsədrlərin səfəri rəsmi Bakıya danışıqlarda Paşinyanın təklif etdiyi erməni separatçıların tərəf kimi qatılmasının zəruriliyini qəbul etdirmək idi. Artıq rəsmi İrəvan danışıqlarda Qarabağdakı separtçıların tərəf olmasını açıq qabardır və bunsuz problemin həlli olunmayacağını qeyd edir. Minsk Qrupunun həmsədrləri də Paşinyanın bu təklifi ilə razılaşıb. Əsasən Moskva və Paris bu qərarı dəstəkləyir”.
 
Ekspert hesab edir ki, Paşinyan bu planla danışıqları manipulyasiya edir: “O, yaxşı bilir ki, Azərbaycan buna getməyəcək. Qeyd edim ki, separatçıların danışıqlarda iştirakı mümkün deyil. Artıq danışıqları Paşinyan iqtidarı sabotaj edir. Moskva da proseslərdə Ermənistanın yanındadır. Məhz separatçıların danışıqlarda tərəf olması planı Lavrova məxsusdur. Moskva çalışır ki, Azərbaycana bu yolla təzyiq etsin. Buna baxmayaraq, rəsmi Bakı Qərblə, xüsusilə Vaşinqtonla intensiv danışıqlar aparmalıdır”.
 
M.Əsədullazadə hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında davam edən “Sarsılmaz qardaşlıq” taktiki-döyüş atışlı təliminin keçirilməsi, bundan əlavə, mütəmadi hərbi təlimlər münaqişə ətrafında müəyyən dəyişikliyə xidmət etməlidir: “Danışıqlarda hərbi ritorika üstünlük təşkil etməlidir”. Ekspertin fikrincə, maraqlı tərəf olaraq Qarabağda yeni formalaşan erməni icması ilə Azərbaycan icması arasında dialoq baş tuta bilər: “Hazırkı məqamda isə Xankəndində Köçəryan və Sərkisyana bağlı terrorçu qrupların icma kimi fəaliyyəti qanunsuzdur. Paşinyan çalışır ki, gələn il qondarma seçkilərdə öz adamını icma başçısı seçdirsin və onun buyuruqları burada keçərli olsun. Ermənistana güzəşt limiti bitir və biz getdikcə aprel uğurunun diplomatiyada təsirini azalda bilərik. Ona görə də biz müdafiə deyil, hücum taktikası ilə irəliləməliyik”.
 
 
Politoloq Tofiq Abbasov isə “Yeni Müsavat”a dedi ki, baş verənlər İrəvanın sülh prosesinin tabutuna sonuncu mıxın çalınması anlamına gəlir: “Onlara sülh lazım deyil və təsadüfən Tonoyan iddia edir ki, yeni strategiyanı ”yeni müharibə və yeni torpaq qazancı" düsturu əsasında qurmağın vaxtı çatıb. Bu, əslində Azərbaycana müharibə elan olunması deməkdir və rəsmi Bakı artıq həm Minsk Qrupuna sərt xəbərdarlıq etməli və Ermənistan qoşunlarının Azərbaycandakı mövqelərinə zərbə endirməlidir. Əks təqdirdə, itirən Azərbaycan olacaq. Söhbət tək imic itkilərindən getmir. Vəziyyət elə həddə dirənib ki, sülh prosesi işləmir və iflasa uğrayıb. Odur ki, işğalçı və həmsədrlərdən mərhəmət gözləmək bütün gözləntiləri alt-üst edəcək".
 
Politoloq konkret mövqe ortaya qoyulmasını zəruri sayır: “Vəziyyətdən ən yaxşı çıxış yolu rəsmi Bakının BMT baş katibi Quterreşə müraciət etdikdən sonra Ermənistanı sülhə vadar etmək əməliyyatına başlamaqdan ibarətdir. Zənn edirəm ki, belə gediş ən münasib və işğalçıya ibrət verə biləcək gedişdir”.
 
 
Bu arada müdafiə naziri general-polkovnik Zakir Həsənov “Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbər verdiyimiz kimi, iyunun 7-də Naxçıvanda ”Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu təlimlər isə düşmən tərəfdə ciddi ajiotaja səbəb olmuşdu. Lakin çox maraqlıdır, Ermənistanda Naxçıvandakı təlimlərlə bağlı xofun yaşandığı bir məqamda Qarabağ cəbhəsində davamlı təxribatlara əl atıldı. Güman etmək olar ki, bununla hakimiyyət xalqın narahatlığını aradan qaldırmaq və özünün “güclü” olduğunu nümayiş etdirmək istəyib. Ancaq şübhə yoxdur ki, düşmənə adekvat cavab veriləcək. Bu zaman isə Naxçıvan istiqamətindən də düşmənə sarsıdıcı zərbənin vurulacağı istisna deyil. Hər halda, ötən ilin Günnüt əməliyyatı təcrübəsi var.
Naxçıvanda keçirilən təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. Təlimlər iyunun 11-də başa çatacaq.
 
Elşad Paşasoy
Siyasət şöbəsi

Загрузка...
Загрузка...