Vahid Əhmədovun çıxışı rezonans doğurdu - deputatlardan etirazlar

Baxış sayı: 
139
2  
0  

 
Milli Məclisin plenar iclasında çıxış edən Birinci vitse-spiker Əli Hüseynli deputat həmkarı Vahid Əhmədovun fikirlərinə reaksiya verdi. V.Əhmədovun Müdafiə Nazirliyini və qarabağlı deputatları tənqid etməsinə cavab olaraq Ə.Hüseynli bunları söylədi: “Vahid müəllim, çox təəssüf olsun ki, siz çıxışınızda buradakı həmkarlarımızı regionlara bölməyə cəhd etdiniz. Bu zalda oturan deputatlar, əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir. Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.
 
Spiker Sahibə Qafarova da çıxış edərək bildirdi ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir.
 
Deputat Fəzail Ağamalı da həmkarının dediklərinə etiraz etdi. “Cənab prezident dövlətimizə, cümhuriyyətimizə hamımızdan sədaqətlidir, bunu hamı bilməlidir”-deyə, F.Ağamalı əlavə etdi. Daha sonra F.Ağamalı keçmiş müdafiə nazirinin fəaliyyətindən bəhs etdi: “Biz bilirik ki, o dövrdə əsgərlərin çəkmələrini valideynlər alırdı, ancaq onun pullarını kimlərsə mənimsəyirdi. Bu gün Müdafiə Nazirliyi yüksək səviyyədə öz işini qurur. Aprel zəfəri də bunun nəticəsidir. Biz ordumuzla fəxr edirik”.
 
Vitse-spiker Fəzail İbrahimli isə dedi ki, kifayət qədər düşmənlərimiz var: “Belə bir məqamda əl-ələ verməliyik. Burda deyilən hər bir sözü ölçüb-biçməliyik. Bilərəkdən-bilməyərəkdən deyilən fikirə reaksiya verməməyimiz Milli Məclis rəhbərliyinin də bu fikirlərlə bağlı razılaşmağımız deməkdir. Dövlət, millətlə bağlı danışanda yüz ölçüb, bir biçmək lazımdır. Millətin taleyi ilə bağlı olan məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır”.
 
E.Paşasoy,
 
Musavat.com

Загрузка...
Загрузка...