Usta tikintidən yıxıldı, ayağı, burnu sındı – Milyonları olan biznesmen məsuliyyətdən yayınır (FOTOLAR)

Baxış sayı: 
87
1  
0  

 
 
“Ulu Göyçə” MMC adlı tikinti şirkətində işləyən usta İlkin Şükürov iş zamanı yıxılıb.
 
Hadisə nəticəsində onun sol ayağı qırılıb, burnu sınıb və müxtəlif bədən xəsarətləri alıb. Amma ona şirkət tərəfindən heç bir yardım edilməyib.
 
Minval.info saytına danışan şikayətçi bildirib ki, Xətai rayonunda aparılan tikintidə onunla çalışan hər kəsin həyatı təhlükə altındadır, çünki heç biri sənədlə, müqavilə ilə çalışmır, şirkət qanuni yollardan boyun qaçırır:
 
“Şirkət vergidən yayınmaq üçün əmək müqaviləsi bağlamır, təhlükəsizlik haqqında düşünmür. Mən mart ayının 22-i 5-6 metr hündürlükdən yıxılmışam. Sol ayağım, burnum sınıb, tikiş atılıb. Məni yıxılanda tikintidən apardılar “AzərSuTikinti” xəstəxanasına, orada işin üstünü bağlamaq istəyirdilər ki, polis bilməsin, səs olmasın. Xəstəxanada olan tibb bacılarının israrı ilə məni Sabunçuya apardılar. Mənə dedilər ki, izahatda onların adını verməyim, bildirməyim, sonra da orada atıb qaçdılar. Heç bir xərcimi ödəmədilər. Özümün şirkətdən 800 manat alacağım var idi, ondan bir az veriblər sadəcə, o da öz pulumdur.
 
Bir ay 3 saylı Şəhər klinik xəstəxanasında müalicə almışam və hələ də müalicəm də avam edir. Ayağım hazırda gipsdədir. Ayağıma görə işləyə bilmirəm, hələ 4-5 ay da işləyə bilməyəcəm. Çünki açıq sınıqdır. Mənim işimə Xətai rayon prokurorluğunda Yusif İldırımzadə adlı şəxs baxırdı, ona güvənirdilər, indi onu da işdən çıxarıblar. (Baş prokuror Kamran Əliyev Xətai rayonunun prokuroru Yusif İldırımzadəni tutduğu vəzifədən azad edib. Bununla bağlı K. Əliyev əmr imzalayıb)”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Şükürov deyir ki, o, 12 ildir bu şirkətlə çalışır, amma ilk dəfə iş zamanı yıxılıb, ona kömək etmirlər: “Şirkəti Asif, Vasif və Əli İsmayılov adlı qardaşlar idarə edir. Bunların adlarında çoxlu MTK var. 12 ildir bu qardaşların MTK-larında işləyirəm, buraya “Turan”, “Şəfəq”, “Ləpələr” kimi MTK-lar da daxildir. İndi mənim işlədiyim, yıxıldığım binanı “Şahan” MTK tikməyə davam edir. Amma həmin vaxtı adı “Ulu Göyçə” idi.
 
Əmək müfəttişliyi məsələyə ciddi yanaşmır, ya da öz maraqları var. Çünki şirkət mənə dəymiş ziyanı ödəməlidir, onlar da bu işdə yardım etməlidir, işləri budur, amma etmirlər, ciddi yanaşmırlar. Mənim işləyə bilmədiyim müddətə görə ödəniş edilməlidir. Həmçinin, müalicəm, üzümdə edilməli olan əməliyyat xərclərim var”.
 
Şikayətçi deyir ki, müxtəlif orqanlara müraciət edib, amma nəticəsi yoxdur: “Əlimdə bununla bağlı sənədlər var. Fakt mən bu şirkətdə işləmişəm, tikinti zamanı yıxılmışam, başıma bu qədər iş gəlib, hazırda da əziyyət çəkirəm. Bununla bağlı heç bir tədbir görülmür. Mənim tək tələbim dəymiş zərərin və müalicə xərclərimin şirkət tərəfindən ödənilməsidir”.
 
Qeyd edək ki, üç qardaşdan daha çox Vasif İsmayılovun adı yerli mətbuatda tez-tez hallanır. Bunun səbəblərindən biri onun Belarusiyadakı biznesidir. İsmayılov oradakı tikinti işləri, böyük layihələrlə adını mətbuatda hallandıra bilib. Media yazır ki, V.İsmayılovun Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxınlığı onun biznesinin daha da böyüməsinə səbəb olur. “Sudotexnologiya” MMC şirkəti Belarusiyada böyük layihələrə imza atıb. Bu şirkətə hərəsinə 50 faiz pay olmaqla biznesmenlər Vasif İsmayılov və Aqibət Məmmədov nəzarət edirlər. Vasif İsmayılov bu şirkətlə yanaşı daha bir neçə şirkətin sahibidir. Həmin şirkətlər bir sıra Belarus-Azərbaycan layihələri reallaşdırıblar. Məsələn, 2009-cu ildə prezident Lukaşenko hərracdan kənar qaydada 1.3 hektar torpaq sahəsini İsmayılovun “Azneman” şirkətinə ayırıb. Bu, Minskin o vaxtkı rəhbəri Mixail Pavlovun xahişi ilə baş verib. Həmin ərazidə bir neçə ay əvvəl “Abşeron” çoxfunksiyalı kompleksi açılıb. Kompleksdə restoran, habelə “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir.
 
2013-cü ildə isə İsmayılovun “Ulu Göyçə” MMC şirkəti Bakıda Belarusun yeni səfirliyinin binasını tikib təhvil verib. Binanın açılışında Azərbaycan və Belarus prezidentləri iştirak ediblər. İsmayılovun adı Azərbaycanın tikinti kompleksinin inkişafına görə təltif olunanlar arasındadır.
 
“Sudotexnologiya” MMC şirkətinin ikinci təsisçisi Aqibət Məmmədov da tikinti sektorunun iri oyunçularından biridir.  O, “Gəncə Körpü Tikinti-2” ASC-nin sahibidir. Bu şirkət Azərbaycanda uzun illərdir körpülərin, avtomobil yollarının, su xətlərinin və s. tikintisini həyata keçirir, büdcədən ən çox pul alan podratçılardan biridir.
 
Məhəmməd Türkmən
 
Minval.İnfo

Загрузка...
Загрузка...