Uşaqlıq dostunu görün nəyə görə öldürdü: “Əlini uzatdı...” – İnanılmaz

Baxış sayı: 
102
1  
0  

 
Sumqayıt şəhərində tanışını öldürməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com-un xəbərinə görə, Babək Həsənov ötən il fevralın 18-də sərxoş vəziyyətdə Sumqayıtda Heydər Əliyev prospektindəki Tibb Kollecinin yanındakı çayxanada tanışı Aydın Seyidovla salamlaşmaq məqsədi ilə ona əl uzadıb. Aydın da əvvəlcə əlini uzadıb, sonra geri çəkərək onunla salamlaşmayıb.
 
Dostların “salam” davası
 
Aydın Seyidovun tanışları – Təbriz Məmmədrzayev, Telman Muxtarlı və Ziya Hüseynovun yanında onunla salamlaşmamasını özünə qarşı ağır təhqir kimi qəbul edib və onu öldürmək qərarına gəlib. O, Kottec qəsəbəsində yerləşən dəmirçi sexinə gedib, oradan özünə məxsus ucu kəsici-deşici aləti götürərək bel kəmərinə bərkidib.
 
Təxminən saat 21.00-da yenidən həmin çayxanaya qayıdıb və Aydın Seyidovu söhbət etmək bəhanəsi ilə çayxanadan bayıra çıxarıb. Onlar birlikdə çayxananın yan tərəfinə keçiblər.
 
Çayxananın arxasında dava və qətl
 
Babək Həsənov digər şəxslərin yanında ona salam verməməsinin səbəbini soruşub. Aydın Seyidov artıq bunu unutmağı məsləhət bilib.
 
Babək bel kəmərinə bərkitdiyi kəsici-deşici aləti çıxarıb və həmin alətlə Aydının qarın nahiyəsinə zərbə vurub. Aydın Seyidov qaçaraq oradan uzaqlaşmaq istəyib.
 
Amma Aydın Seyidovun ölməsini qətiləşdirmək üçün Babək onu bir neçə metr qovub, əlində olan aləti onun arxasınca atıb. Alət Aydın Seyidova dəyməyib.
 
Babək Həsənov onun avtomobil yolunun qarşı tərəfinə keçdiyini görüb və oradan uzaqlaşıb.
 
Aydın Seyidov qaçaraq çayxanaya gəlib və oradakı şəxslər tərəfindən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətdən vəfat edib.
 
“Sonuncu dəfə Aydını öz toyunda görmüşəm”
 
İstintaq orqanı tərəfindən Babək Həsənov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Sumqayıtda sanitar-epidimioloji stansiyanın yataqxanasında atası Babaş Həsənov və anası Məryəm Quliyeva ilə Kəlbəcər rayonundan məcburi köçkün kimi məskunlaşıb: “Sumqayıt şəhərində Kottec qəsəbəsində profilaktoriyada dəmirçi işləyirəm. Hadisə nəticəsində vəfat etmiş Aydın Seyidovla Qubadlı-Mahrızlı tam orta məktəbində eyni sinifdə oxumuşam. Aramızda normal münasibətlərimiz olub. Sonuncu dəfə Aydını öz toyunda görmüşəm”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 18-də, axşam saat 18.00-da evdə təxminən 200 qram spirtli içki qəbul etdikdən sonra Sumqayıt şəhərində olan Tibb kollecinin yanında çayxanaya gedib:
 
“Orada sinif yoldaşım Təbrizlə nərd oynadıqdan sonra axşam təxminən saat 20.00-da nərd oyununu bitirdik, birlikdə çayxanadan çıxmağa hazırlaşarkən qapının ağzında Aydınla üz-üzə gəldik. Aydına əlimi uzatdım. O, əvvəlcə əlini mənə tərəf uzatdı, sonra geri çəkdi və arxada olan şəxslərlə əllə salamlaşdı. Aydın mənə “sən gözlə” deyə bildirdi.
 
Aydının bu hərəkəti şəxsiyyətimə toxundu, onu bu hərəkətinə görə cəzalandırmaq qərarına gəldim. Özümün iş yerinə gedərək iti uclu və kəsici aləti götürdüm, yenidən çayxanaya qayıtdım. Aydına yaxınlaşaraq onu söhbət etmək adı ilə bayıra çağırdım”.
 
“Törətdiyim əmələ görə peşmanam”
 
Babək Həsənov daha sonra ifadəsində Aydın Seyidovla aralarında yaranan mübahisədən, ona xəsarət yetirməsindən danışıb. Qeyd edib ki, Aydın Seyidovu öldürdüyü üçün peşmandır: “Aydını vurmamışdan əvvəl aramızda hər hansı dava olmayıb. Mənə hər hansı xəsarət yetirməyib. Hadisə zamanı sərxoş olmuşam. Aydın Seyidovu vurarkən istifadə etdiyim alətə xalq arasında “napilnik” deyirlər.
 
Həmin aləti Aydını arxasınca atanda yolun ortasına düşüb. Aləti götürməmişəm. Aydını “napilnik”lə vurmağımı heç kim görməyib. Törətdiyim əmələ görə peşmanam”.
 
“Aydın mənim yeganə dostum olub”
 
Babək Həsənovun sözlərinə görə, cinayəti törədəndən sonra kafeyə gedib və orada yenidən spirtli içki qəbul edib, iki bakal pivə içib: “Kafedə olarkən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən mənə zəng edildi. Zəng edən polis əməkdaşı məni bölməyə dəvət etdi. Mən də çağırışa əsasən bölməyə getdim. Aydını ödürmək məqsədi ilə vurmamışam. O mənim yeganə dostum olub”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
 
Hökmdən narazı qalan Babək Həsənov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini, maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza verilməsini istəyib.
 
Babək Həsənovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
 
Babək Həsənovun apelyasiya şikayəti təmin olunmayıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...