Uşaq yaşlarından məhkum olan görkəmli jurnalistimiz – Araşdırma

 
Tariximizin ən görkəmli şəxsiyyətlərindən biri də Ömər Faiq Nemanzadədir.
 
Çox təəssüf ki, onun adı layiqincə yad edilmir.
 
Halbuki, Ömər Faiq bütün parametrlərdə buna layiqdir.
 
Sosialist ideyalara dərin rəğbət bəsləyən Ömər Faiq ömrü boyunca feodal mütləqiyyəti ilə mübarizə aparmış, maarifi, elmi təbliğ edən yazılar yazmışdı.
 
“Molla Nəsrəddin” jurnalında da Mirzənin ən yaxın silahdaşı o idi.
 
Hətta jurnal onun baş redaktorluğu ilə çıxacaqdı, lakin Ömər Faiq Türkiyədə təhsil aldığına görə onun adına icazə verilməyəcəyini düşünüb Cəlil Məmmədquluzadənin adından icazə aldılar.
 
Ömər Faiqin həyatını bir məqalə ilə anlatmaq imkansızdır.
 
Ona görə də onun həbsxana həyatı haqda yazmaq istəyirəm.
 
Osmanlı imperatorluğu son günlərini yaşayır, Əbdülhəmid sultandır.
 
Bütün ölkəni xəfiyyə şəbəkəsi bürüyüb.
 
Dövləti bu cür xilas edəcəyini düşünür.
 
Müxaliflərə qarşı amansız olmaqdan çəkinmir.
 
Bu günlərdə isə Ömər Faiq İstanbulda Darüşşefaka məktəbinin şagirdidir.
 
Türkiyədəki mütərəqqi ideyalar ona da sirayət edib.
 
Hətta məşhur türk ateisti Abdullah Cevdətin dostu olub.
 
“Səkkizinci sinifdə dəstamazsız namaz qılmağa məcbur olduq. Çünki qılmayanlar böyük günah işləyənlər kimi zopayla döyülürdü. Buna görə də dinə və ibadətə qarşı olan fikirlərimizi gizlətməyə çalışırdıq”.
 
Namiq Kamalı oxuyur, onun Sultan haqqındakı yazılarını başqa şagirdlər arasında yayırdılar.
 
Atatürk də o illərdə hərbi məktəb tələbəsi idi və o da eynən Ömər Faiq kimi gizlicə Namiq Kamalı oxuyurdu.
 
Və qəribədir ki, o da məhz Namiq Kamal oxuduğuna görə gəncliyində həbsə atılmışdı.
 
O dövrdə sultan istibdadına qarşı olanların ilk dayanacağı idi Namiq Kamal.
 
Ömər Faiq məktəbdə dostları ilə birgə qəzet çıxarırdı.
 
Aylıq başladılar, həftəliyə keçdilər.
 
Qəzet nələri yazmırdı: Məmurların zülmü, məktəbdəki dərslərin gərəksizliyi, hökumət əleyhinə təbliğat.
 
Şagirdlərin buraxdığı bu qəzet müxalif bir orqana çevrilmişdi.
 
Qəzetdən məktəb idarəsi xəbər tutdu.
 
Şagirdləri döyüb həbsə atdılar.
 
Vəziyyət lap gərginləşdi.
 
Şagirdlər qiyama qalxdılar.
 
Əllərində karandaş yonan bıçaqlar, çarpayı açarları ilə hücum çəkdilər.
 
Qabaqlarına keçən məmurları döydülər, müdir qaçıb otağında gizləndi, qapısını sındırdılar.
 
Məktəbə qoşun yeridildi.
 
Qiyam yatırıldı, şagirdlər kötək və həbs cəzasına məhkum oldular.
 
Ömər Faiq də otuz kötək və bir ay həbslə cəzalandırıldı.
 
“Həbsxanalar məktəbdə, abdəstxanaların yanındakı kiçik bölmələrdən ibarət idi. Bu bölmələrin hər biri bir dustağa məxsus idi. Bölmənin yüksəkliyi adam boyunda, eni isə ancaq bir adam oturub ayaq uzadacaq qədər idi. Buralara döşək nədir, heç həsir belə qoymazdılar. Quru taxtalar döşək, əyindəki paltarlar isə yorğan vəzifəsini görürdü. Yemək verməzdilər, quru çörəyi belə doyunca yeyə bilməzdik. Qapının üstündə su və çörək vermək üçün kiçik bir deşik vardı. İşıq görünməzdi. Mən bir aydan sonra çıxdım. Zəiflikdən gəzə bilmirdim. İki aya qədər xəstəxanada yatdım”.
 
Osmanlı, Əbdülhəmid məktəb uşaqlarına belə bir cəzanı rəva görürdü.
 
Məktəbi bitirdikdən sonra Ömər Faiq poçt idarəsində işləməyə başladı, inqilabi fəaliyyətini davam etdirdiyi üçün həbs və təqibdən qaçıb Qafqaza qayıtdı.
 
Müəllimlik elədi, “Şərqi-rus” qəzetində çalışdı, sonralar Molla Nəsrəddin jurnalını Cəlil Məmmədquluzadə ilə birgə qurdu.
 
Onun ikinci həbs günləri Molla Nəsrəddin günlərinə təsadüf edir.
 
Və qəribədir, yenə də Əbdülhəmidə görə həbs yatacaqdı.
 
Əhvalat belə oldu.
 
1907-ci ilin sentyabr ayında Molla Nəsrəddin jurnalının 33-cü nömrəsi çap edildi.
 
Bu nömrədə Sultan Əbdülhəmidin bir meymun kimi Avropa konsulları qarşısında oynadığı rəsm edilmişdi.
 
Bu karikaturaya görə Ömər Faiq həbs edildi.
 
Jurnalın 2 oktyabrda çap edilən 37-ci nömrəsinin ilk səhifəsində Ömər Faiqin ayaqlarına zəncir vurulmuş şəkli çap edildi. Şəklin altında isə Sabirin iki misralıq şeiri vardı:
 
“Guşeyi-zindan sənə, ey növcavan?
 
Oldumu amalına qarşı məkan?”
 
Ömər Faiq Metex qalasında cəmi doqquz gün həbs yatdı.
 
3 oktyabrda çıxan “Zakafkazye” qəzetində onun azadlığa çıxması xəbəri vardı.
 
Ömər Faiqin həbsləri bununla bitmir, sonralar o Gürcüstaqnda menşeviklər tərəfindən dəfələrlə həbs edildi.
 
İnqilabdan sonrakı illərdə də həbs olunan Ömər Faiqin həyat yolu elə həbsxanada başa çatdı.
 
O repressiyaya qurban getdi.
 
Təlatümlər, keşməkeşlər, mübarizələrlə davam edən həyat yaşayan Ömər Faiq yazının, ədəbiyyyatın, maarifin gücünə inanan görkəmli bir ziyalı idi.

Загрузка...
Загрузка...