​ “Uşaq pulu yalnız yoxsul ailələrə verilsin” təklifi etiraz doğurdu – BU NƏ DEMƏKDİR?

Baxış sayı: 
42
1  
0  

 
"Mexanizmi seçmək çox asandır, burada mürəkkəb mexanizmlərdən istifadə etməyə ehtiyac yoxdur, təki hökumətin istəyi olsun”
 
 
Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar uşaq pulunun bərpası məsələsinin vacibliyinin gündəmə gəlməsi fonunda onun verilmə mexanizmləri barədə danışarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:
 
 
"Əhalinin, uşaqlar və böyüklər üçün istehlak səbəti müəyyənləşib. Düzdür, elan edilən rəsmi istehlak səbətinin məbləği çox aşağıdır, 200 manat civarındadır. Ona görə düşünürəm ki, hökumət uşaq pulu vermək fikrində olsa, onun mexanizmini seçmək çox asandır. Çünki Azərbaycanda iqtisadiyyat o qədər də pilləli və mürəkkəb deyil. Sadəcə olaraq dövlət büdcəsindən vəsait ayrılar, hər bir uşaq üçün müəyyən məbləğ nəzərdə tutula bilər. İnkişaf etmiş ölkələrdə uşaq pulu məfhumu əsasən vergi güzəştlərilə həll olunur. Bu ölkələrdə işlə təmin edilən əhali həm də vergi ödəyicisidir. Vergi ödəyicisi olan şəxslər də anadan olan ilk uşağa görə ölkələrdən asılı olaraq 400-600 avro arası məbləğində vergi güzəştlərindən yararlanır. Hətta bəzi ölkələrdə ikinci uşağa görə vergi güzəşti daha böyük məbləğdə olur. Belədə onun aldığı uşaq pulu daha çox olur. Azərbaycanda isə vergi ödəyiciləri məhdud çevrəyə aiddir. Həmçinin ölkəmizdə iqtisadi aktivlik aşağıdır. Ona görə də ölkəmizdə uşaq pulu verilərkən mürəkkəb mexanizmlərdən istifadə etməyə ehtiyac yoxdur. Uşaq pulunu müəyyən müddət ərzində dövlət büdcəsi hesabına ödəməliyik. O zamana qədər ki, uşaq sahibi olan əhalinin hər biri vergi ödəyicisi olsun. Ondan sonra ölkəmiz də vergi güzəştləri hesabına uşaq pulunun ödənilməsi sisteminə keçə bilər”.
 
 
 
 
Həmsöhbətimzi uşaq pulu verilərkən ayrı-seçkilik salınmasının da əleyhinədir: "Bu günlərdə deputat Fazil Mustafa bildirdi ki, uşaq pulu ancaq yoxsul ailələrə verilsin. Belə yanaşma doğru deyil. Hər halda varlı da, yoxsul da uşaq böyüdür. Həddi-bulluğa çatan uşağa "Vətənə borcun var” deyirik. Həmin yeniyetmənin Vətənə borclu olması üçün onu borclandırmalıyıq. Yəni 18 yaşına qədər dövlət olaraq ona münasibətdə nəsə xərc çəkilməlidir ki, o da Vətənə borclu olsun. Bu səbəbdən uşaq pulunun verilməsi bir tərəfdən də dövlətin mənəvi borcudur”.
 
 
Qeyd edək ki, artıq xeyli müddətdir ölkədə uşaq pulunun bərpa edilməsinin vacibliyi məsələsi gündəmdədir. İqtisadçılar, deputatlar, siyasilər bu məsələyə öz münasibətlərini bildirirlər. Ancaq məsələ ondadır ki, uşaq pulunun verilməsi üçün ortalıqda onun verilmə mexanizmləri də olmalıdır.
 
 
 
 
 
Elçin
 
Sfera.az

Загрузка...
Загрузка...