​Türkiyənin dönük hərbi müttəfiqləri: NATO “Suriya bataqlığı”nda bata bilər

Baxış sayı: 
34
1  
0  

 
“Barış Pınarı” əməliyyatı yekunlaşdıqdan sonra Türkiyənin “unudularaq” yerinə yetirilməyən öhdəlikləri NATO-dakı “müttəfiqlər”inə xatırladacağı gözlənilir
Türkiyənin başlatdığı “Barış Pınarı” antiterror əməliyyatı artıq bir müddətdir ki, davam edir. Olduqca önəmli nəticələr də var. Və yəqin ki, hələ daha böyük uğurlar da qazanılacaq.
 
Dünən Türkiyə və ABŞ-ın siyasi rəhbərliyi arasında baş tutan danışıqların mövcud nəticələri də gələcək daha böyük uğurların xəbərçisi və təminatıdır. Belə ki, Türkiyə ABŞ nümayəndə heyəti ilə müzakirələrdə tarixi uğurlar qazandı. ABŞ Türkiyənin siyasi iradəsi qarşısında geri çəkildi. Və Türkiyənin bütün tələbləri tam şəkildə qəbul edildi:
 
1. "Barış Pınarı" əməliyyatına 120 saatlıq fasilə (atəşkəs deyil) verildi.
2. Bu müddət ərzində terrorçular 444 km uzunluğunda və 32 km dərinliyində bir bölgədən tam şəkildə uzaqlaşdırılacaq.
3. Terrorçular tam şəkildə tərksilah ediləcək. ABŞ-ın onlara verdiyi uzaqmənzilli ağır silahlar Türkiyənin iştirakı ilə məhv ediləcək.
4. Terrorçulardan boşaldılmış ərazilər təhlükəsizlik bölgəsi elan ediləcək və Türkiyə ordusunun nəzarətinə veriləcək.
5. Türkiyədə məskunlaşan suriyalı qaçqınların həmin bölgəyə yerləşdirilməsi üçün ciddi hazırlığa başlanacaq.
6. Türkiyəyə qarşı ABŞ-ın bütün sanksiyalar ləğv ediləcək.
7. Bu anlaşmanın pozulacağı təqdirdə, Türkiyə hərbi əməliyyatları bərpa etmək hüququ qazanacaq.
 
Bütün bunlar onu göstərir ki, Türkiyə hər kəsə cəza kəsən dünya jandarmı (ABŞ) üzərində tarixi siyasi qələbə qazandı. Türkiyə dünyanın yeni superdövləti statusu üçün artıq tam hazır vəziyyətə gəldiyini və bunun üçün yetərli hərbi-siyasi güc potensialına sahib olduğunu bir daha sübut etdi.
 
Ancaq son proseslər onu da göstərdi ki, Türkiyənin “dost” qılığına girmiş çoxlu düşməni də var. Belə ki, Türkiyə qoşunlarının Suriyaya girdiyi andan etibarən bəzi çox maraqlı məqamlar ortaya çıxmağa başladı. Növbəti dəfə təsdiqləndi ki, Suriya əslində, bir “beynəlxalq bataqlıq”dır. Və Türk əsgərinin Suriyaya girməsiylə bu “beynəlxalq bataqlığı” bütün yaradanlar kütləvi şəkildə ortaya çıxdı.
 
Bu bataqlığın sahibləri bir ağızdan Türkiyəni hədəfə aldılar, təhdid etdilər və “bizim bataqlığımızda nə işin var?” deyə bağırmağa başladılar, hay-küy saldılar. Rəsmi Ankaranı sanksiyalarla hədələdilər.
 
Məsələnin ən qorxunc tərəfi də əslində, elə budur. Çünki məlum oldu ki, Türkiyə bir bataqlığa girib. O bataqlığın mövcudluğunda xüsusi marağı olanlar var və onlar Türkiyənin qanın su yerinə axıdıldığı bu “bataqlığın qurudulması”na imkan vermək niyyətin də deyillər.
 
Əslində, hər hansı bir bataqlıqda kimlərinsə, maraqlarının olması qətiyyən təəccüblü də deyil. Çünki bataqlıq nə qədər təhlükəli və arzuolunmaz yer olsa da, onun faydalı tərəfləri də var. Məsələn, normal bataqlıqdan torf çıxarılır və bəzi ölkələrdə bundan qiymətli yanacaq kimi istifadə edilir.
 
“Suriya bataqlığı” da deyəsən, bir az buna bənzəyir. Bu “bataqlıq” da ABŞ-a və bəzi Qərb ölkələrinə lazımdır. Çünki həmin ölkələr bu “bataqlıq”da silah satırlar, enerji resursları qaynaqlarına və tranzit xətlərinə nəzarət edirlər, qısacası qanlı para qazanırlar. Və gələcəkdə bu batalığın Türkiyə də daxil olmaqla, ətraf bölgələrə doğru genişlədərək, qazanclarını qat-qat artırmağın planlarını da qururlar.
 
Картинки по запросу suriya savaşı
 
Təbii ki, rəsmi Ankara bu təhlükənin hər ötən gün daha da ciddiləşdiyini anlayırdı. Və bilirdi ki, əgər, Türkiyə indi bu bataqlığa girib, oranı qurutmasa, çox tezliklə Türkiyənin özünü o bataqlığın tərkibinə qatmağa çalışacaqlar.
 
Ona görə də, Türkiyə “Suriya bataqlığı”na istəməsə belə, öz qərarı ilə girdi. Və qanla bəslənənlərin bütün müqavimət cəhdlərinə baxmayaraq, indi bataqlığı qurutmağa, “yanan torf”u söndürməyə çalışır.
 
Nail olcaqmı? Bu sualı indidən birmənalı şəkildə cavablandırmaq çox çətindir. Hər halda, müqavimət hətta təsəvvüredilməz səviyyədə güclüdür. Dünyanın ən nəhəng dövlətləri bir ağızdan Türkiyəni sanksiyalarla hədələyir.
 
Situasiyanın qəribəliyi isə ondan ibarətdir ki, rəsmi Ankaranı hədələyən dövlətlərin sırasında Türkiyənin müttəfiqi sayılan ölkələr də var. Və həmin ölkələr Türkiyəyə qarşı digərlərindən daha aqressivdirlər.
 
Məsələn, Almaniya Türkiyəyə bütün növ silahların satışını dayandırdığını bəyanlayıb. Kansler Angela Merkel isə prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyənin antiterror əməliyyatlarını durdurmasını, qoşunları geri çəkməsini tələb edib. Üstəlik, A.Merkel prezident R.T.Ərdoğana Türkiyə ilə terrorçular arasında vasitəçilik edə biləcəyini də deyib.
 
Anlaşılmaz təklifdir. NATO üzvü olan bir dövlətin kansleri (baş naziri) alyansın digər üzvünə terrorçularla danışıqlar başlamağı və bu məsələdə öz vasitəçiliyini təklif edir. Yəni, belə çıxır ki, Almaniya üçün terrorçular artıq beynəlxalq subyekt statusu qazanıb.
 
Maraqlıdır ki, Türkiyə prezidenti də xanım kanslerin diqqətinə bu təklifin beynəlxalq hüquq baxımından, anormal davranış olduğunu çatdırıb: “Siz nə vaxtdan terrorçuları tərəf kimi qəbul edib, onlarla danışıqlar, müzakirələr aparırsınız? Bəlkə PKK-nı NATO-ya üzv də qəbul etmisiniz, sadəcə bizim xəbərimiz yoxdur?”
 
Göründüyü kimi, Türkiyə prezidenti öz cavabıyla hədəfi onluqdan vurub. Çünki NATO nizamnaməsinə görə, bu hərbi-siyasi alyansa üzv dövlətlərdən biri üzləşdiyi təhlükə ucbatından savaşa başlamaq məcburiyyətində qalarsa, digər üzvlər həmin dövləti müdafiə etməyə və savaşa qatılmağa borcludur.
 
Ancaq indiki situasiyada bunun əksi baş verir. NATO üzvləri terrorçu silahlı qruplaşmaların yanında yer almağa üstünlük verirlər. Halbuki bu, NATO-nun gələcək iflasına start verə biləcək səviyyədə yanlış mövqedir. Və bu mövqeni heç bir normal səbəblə arqumentləşdirmək mümkün deyil.
 
Ancaq NATO-nun baş katibi Yens Stoltenberq hər halda, buna cəhd edib. Hazırda Türkiyəyə qarşı ən sərt mövqe tutan Norveçin keçmiş baş naziri olan Yens Stoltenberq NATO-nun Türkiyənin üzləşdiyi real təhlükəyə həssaslığını anlayışla qarşıladığını vurğulayır. Ardınca isə NATO-nun Suriyada baş verənlərə qarışmadığını da sözlərinə əlavə edir.
 
Yəni, NATO baş katibi alyansın üzvü olan dövlətə deyir ki, “Üzləşdiyin təklükəyə verilən reaksiyada haqlı ola bilərsən. Ancaq bizi bu işə qarışdırma, özün öz başının çarəsinə bax”.
 
Bəs, NATO-nun nizamnaməsindən qaynaqlanan müttəfiqlik öhdəlikləri harada qaldı? Bu məsələyə isə NATO-nun baş katibi aydınlıq gətirməyə həvəsli deyil. Ola bilsin ki, vaxtilə baş naziri olduğu Norveç də daxil olmaqla, NATO-ya üzv olan əksər dövlətlərin Türkiyəyə qarşı mövqe tutmaları, “Suriya bataqlığı”nın qurudulması cəhdinə müqavimət göstərmələri alyansın baş katibini məlum öhdəlikləri unutmaq məcburiyyətində buraxır.
 
Ancaq nəzərə almaq lazımdır ki, NATO-nun baş katibi və alyans üzrə müttəfiqlər məcburi yaddaş problemi yaşamiş olsalar da, Türkiyənin indi ən çox xatırladığı məqam məhz həmin öhdəliklərdir. Və böyük ehtimalla “Barış Pınarı” əməliyyatı yekunlaşdıqdan sonra rəsmi Ankara “unudularaq” yerinə yetirilməyən həmin öhdəlikləri Türkiyənin NATO üzrə “müttəfiqlər”inə xatırladacaq.
 
Böyük ehtimalla yaddaş oyunları qaydasız və etimadsız münasibətlər müstəvisinə keçərsə, bu, NATO-nun gələcək taleyini ciddi təhlükə altına sala bilər. Çünki Türkiyə hər il NATO-ya öz büdcəsindən külli miqdarda üzvlük haqqı ödəyir. Türkiyə Silahlı Qüvvələri NATO-ya üzv ölkələr arasında ABŞ-dan ordusundan sonra ikinci ən böyük ordudur. Və NATO-nun bütün beynəlxalq hərbi əməliyyatlarında qeyd-şərtsiz iştirak etməklə öz müttəfiqlik öhdəliklərini qüsursuz yerinə yetirir.
 
Bütün bunları nəzərə aldıqda, Türkiyənin də öz müttəfiqlərindən eyni dürüstlüyü ummaq haqqı var. Bunun qarşılığı alınmadıqdasa, rəsmi Ankaranın NATO-da fəaliyyətinin səmərəliliyini, Türkiyəyə faydasını yenidən dəyərləndirmək məcburiyyətində qala biləcəyini düşünmək olar.
 
Xüsusilə də, Rusiya ilə hərbi müttəfiqlik bağlarının yaranmasıyla yeni alternativin ortaya çıxacağı təqdirdə, Türkiyənin NATO-ya külli miqdarda üzvlük haqqı ödəyərək, bu qurumu öz büdcəsindən maliyyələşdirməyə həvəsli olacağı qətiyyən inandırıcı görünmür. Bu isə dünyanın ən güclü alyansının gələcək taleyinin təhlükə altına düşə biləcəyi ehtimalını doğurur.
 
Düzdür, hələlik proseslərin inkişaf səviyyəsi və istiqamətləri bu təhlükənin artıq mövcudluğunu iddia etmək üçün yetərli deyil. Ancaq NATO-dakı müttəfiqlərinin əl-ələ verərək, Türkiyəni çökdürməyə can atması ilə bağlı reallıq hadisələrin inkişaf istiqamətləri arasından belə bir ssenarinin mümkünlüyünü istisna etməyə imkan vermir. Bu isə o deməkdir ki, Türkiyənin hərbi müttəfiqləri öz öhdəliklərinə xatırlayıb, mövqelərinə pozitiv düzəlişlər etməzlərsə, əslində, elə NATO “Suriya bataqlığı”nda bata bilər.
 
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Загрузка...
Загрузка...