Türkiyənin ABŞ-ı qorxuya salan MÜKƏMMƏL SİLAHI: “S-400”-lər Ankaraya niyə lazımdır?

Türkiyə Rusiyadan “S-400” havadan müdafiə sistemini alması bu silahın əhəmiyyətini və mahiyyətini dünya gündəminə oturtdu.
Bu alış-veriş ABŞ da daxil olmaqla, əksər NATO-ya üzv olan ölkələrin narahatlığına səbəb oldu. Çünki 2,5 milyardlıq bu sistem NATO daxilində ilk dəfə Türkiyədə istifadə olunacaq.
Publika.az “S-400” ballistik raketlərdən müdafiə sisteminin özəlliklərini təqdim edir.
Tarixi və texniki özəllikləri
Hazırda dünyada istifadədə ən yaxşı havadan müdafiə sistemi hesab edilən “S-400” Rusiyanın Soyuq Müharibə dövründə hazırlamağa başladığı raketdən müdafiə sisteminin 4-cü nəslini təmsil edir.
 
 
Bu sistemin hazırlanmasına 1993-cü ildə başlanıb. Lakin, xüsusilə, Soyuq Müharibə sonrası müdfiə sənayesinə tətbiq edilən büdcə kəsrləri səbəbilə sistemin tamamlanması olduqca uzun zamana başa gəlib. Sistem yeni bir texnologiya kimi deyil, köhnə sistemin davamı olaraq hazırlanıb.
Bu səbəbdən mövcud sistemdə istifadə edilən texnologiyanın 70-80%-i əvvəlki model olan “S-300”dən götürülüb. Bunlar arasında raket toplama sandıqları, fırlatma rampları və radarlar var.
Yeni sistemin sınaqdan keçirilməsi 1999-cu ildə, istifadəyə verilməsi isə 2007-ci ildə baş tutub.
“S-400” insanlı və ya insansız hər növ hava cihazının həm kəşfiyyat, həm də silah növlərini məhv etmək potensialına sahibdir. Maksimum 400 km məsafəyə, 30 km yüksəkliyə uçmaq imkanı var.
Əlavə olaraq, hər hədəfə iki raket kilidləyərək paralel olaraq 80 hədəfi vura bilir. Həmçinin, 3500 km uzaqlıqdan fırladılan orta mənzilli ballistik raketləri zərərsizləşdirmək potensilına sahibdir.
Sistemin içində yerləşdirilən bir raketin ağırlığı 1,8 ton, uzunluğu 8 metr, çapı isə 50 sm-dir. Bundan başqa, sistem 145 kq çəkiyə sahib savaş başlığı da daşıya bilir.
Sistem necə işləyir?
Uzun mənzilli izləmə radarı havadakı cihazları təqib edir və bilgini baş proqrama göndərir. Potensial hədəflər baş proqramda dəyərləndirilir.
Hədəf təyin edildikdən sonra baş proqram raketin atılmasına qərar verir Atılma ilə bağlı məlumatlar hədəfə görə ən yaxşı mövqedə yerləşən atış maşınına göndərilir və buradan qurudan havaya raketlər atılır. Nişan radarı raketin hədəfə çatmasına yardımçı olur.
“S-400” sistemi haralarda istifadə edilir?
Sistem ilk dəfə 2007-ci ildə paytaxt Moskvanın müdafiəsində istifadə edilib.
Ancaq daha sonra, xüsusilə, Rusiyanın tətbiq etdiyi xarici siyasətə paralel olaraq bəzi kritik nöqtələrdə də yerləşdirildi. Bu mövqelərin başında Suriyanın Tartus şəhərində yerləşən Rusiya hava bazası yer alır. Hazırda Suriya ordusu ilə yanaşı, Kalinqrad, Ukrayna və Krımda da “S-400” müdafiə sistemi mövcuddur.
 
 
Rusiya son dövrlərdə müxtəlif ölkələrlə bu sistemi satmaq üçün razılaşmalar əldə edib. O, 2015-ci ildə Çinə 6 dəst, 2016-cı ildə isə Hindistana 6 milyard dollar qarşılığında 5 dəst sistem satılması üçün razılaşma imzalayıb.
Türkiyə bu sistemi hansı məqsədlə almaq istəyir?
Bu barədə Publika.az-danışan hərbi ekspert Azad İsazadə Türkiyənin çoxdan belə bir niyyətinin olduğunu deyib:
“İstehsalı sırf Rusiyaya aid olan “S-400” havadan müdafiə sisteminə Türkiyə uzun müddətdir ki, sahib olmaq istəyirdi. O, Rusiya ilə aparılan son danışıqlarda, nəhayət, bu məqsədinə nail oldu və razılaşma əldə etdi.
Bu sistemə sahib olmaq Türkiyə üçün vacib məqamdır. Həm İraqda qeyri-sabitliyin davam etməsi, həm də qonşu Suriyanın müharibənin cənginə keçməsi Türkiyəni sərhədlərinin qorunmasına dair addımlar atmağa vadar edir.
 
 
Türkiyənin havadan müdafiə sistemi bu günə qədər Amerikanın “Patriot” sistemi əsasında qurulurdu. Bu sistemin Rusiyanın istehsal etdiyi sistemdən kəskin bir fərqi yoxdur. Buna görə də Türkiyənin məhz Rusiya ilə hərbi alış-veriş etməsi sırf siyasi məqsəd daşıyır. O, bu yolla Amerikadan asılı olmadığını və olmayacağını göstərmək istəyir.
 
 
Ticarətlə bağlı xəbərlər yayıldıqdan dərhal sonra Ermənistan mətbuatında belə bir xəbər yayıldı ki, Türkiyə “S-400” alsa, Azərbaycana da verəcək. Lakin bu absurd məsələdir. Çünki Azərbaycanın havadan müdafiə sistemi onsuz da, mövcuddur və bizim belə bir sistemə hələ ki, ehtiyacımız yoxdur. Lazım olduğu təqdirdə, biz asanlıqla “S-400”-ə sahib ola bilərik.
Lakin Azərbaycanın quru və hava sərhədlərinə bədxah qonşular tərəfindən hər hansı təhlükə gələrsə, Türkiyə “S-400” sistemini öz qardaşından əsirgəməyəcək. Məhz bu hal istisnalıq daşıyır”.
Zümrüd

Загрузка...
Загрузка...