​Türkiyəni 2020-də gözləyən əngəllər, uğur və hədəflər

Baxış sayı: 
51
1  
0  

 
Fikrət Yusifov: “Qardaş ölkənin iqtisadiyyatı sürətlə durğunluqdan xilas olur”
Əhəd Məmmədli: “Türkiyə addım-addım problemlərinin öhdəsindən gəlir, onun nüvə derjavası olması mütləqdir”
 
Türkiyə üçün üzümüzə gələn 2020-ci ilin necə başlayıb, necə bitəcəyi indidən müzakirə mövzusuna çevrilib. Bu da səbəbsiz deyil. Çünki qardaş ölkə son illər həm daxildə, həm də xarici siyasətdə çox ciddi təlatümlər yaşadı.
 
Doğrudur, bu problemlərin tam əksəriyyətinin öhdəsindən gəlindi. Amma problemlərin tam çözüldüyünü də demək olmaz. On sırada qardaş ölkənin üzv olduğu NATO ilə problemləri qalır. Eyni zamanda, Suriya məsələsi çözülməyib, ABŞ başda olmaqla, bir sıra güclü Avropa ölkələri ilə münasibətlər ürəkaçan deyil.
 
Bəs Azərbaycanın 1 nömrəli müttəfiqi üçün gələn ilin gözləntiləri nədən ibarətdir?
 
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Türkiyənin iqtisadiyyatında yaranan problemlərin durmadan aradan qaldırıldığını bildirdi: “Türkiyə iqtisadiyyatı durğunluq vəziyyətindən uğurla çıxmaqdadır. Bunu tək qardaş ölkənin rəsmi orqanlarının verdikləri məlumatlar deyil, eyni zamanda, beynəlxalq təşkilatların rəsmi hesabatlarında Türkiyə iqtisadiyyatının real durumunu və yaxın gələcəkdəki inkişaf perspektivlərini əks etdirən məlumatlardan da görmək mümkündür. Belə ki, Avropa Birliyi bu yaxınlarda dərc etdirdiyi hesabatda 2019-cu ildə Türkiyə iqtisadiyyatı üçün öncə verilmiş 2,3% azalmanın cəmisi 0,3 % olacağını bildirimişdi. Yəni Türkiyə iqtisadiyyatında proqnozlaşdırılan azalma gözləniləndən 7 dəfədən çox aşağı səviyyədə olacaq. Bu, o deməkdir ki, qardaş ölkənin iqtisadiyyatı sürətlə durğunluqdan xilas olur. Həmin hesabatda 2020-ci ildə Türkiyə iqtisadiyyatının 3,1%, 2021-ci ildə isə 3,5% artacağı proqnozlaşdırılır. Eyni zamanda, Türkiyədə bu il üçün nəzərdə tutulmuş işsizlik səviyyəsi 13,7%-dən 13,3%-ə enəcək və gələn il bu rəqəm bir qədər də azalaraq 12,9% səviyyəsində olacaq. İnfilyasiya göstəricisinin də bu il gözlənilən 15,3% səviyyədən 2020-ci ildə 10,3%-ə, 2021-ci ildə isə 9,3%-ə düşəcəyi proqnozlaşdırılır. Bütün bu pozitiv makroiqtisadi göstəricilər Türkiyə iqtisadiyyatına əsaslı töhfə verən sahələrdən biri olan turizmin inkişaf dinamikasında olduqca əyani bir şəkildə əks olunur. Belə ki, əgər 2018-ci ildə Türkiyəyə 46,1 milyon turist gəlmişdisə, cari ildə bu rəqəmin 50 milyon nəfəri keçəcəyi və gələn ildə də əsaslı şəkildə artacağı gözlənilir. Ümumiyyətlə isə, 2023-cü ilə Türkiyə ölkəyə gələcək turistlərin sayını 75 milyon nəfərə çatdırmağı proqnozlaşdırır ki, bu da ildə turizmdən 65 milyard dollar gəlir əldə etməyə imkan verəcək”.
 
Картинки по запросу Əhəd Məmmədli
 
Politoloq Əhəd Məmmədliyə görə, Türkiyənin ən böyük problemi terrordur: “Bu il ərzində PKK terror təşkilatına tarixində bəlkə ən böyük zərbələr endirildi. Türkiyə sərhədlərində “Kürdüstan”ın qurulması planı məhv edildi. Şimali İraq və Şimali Suriyada havadan və qurudan antiterror əməliyyatları aparıldı. “Barış pınarı” antiterror əməliyyatı nəticəsində Şimali Suriyada növbəti ərazilər terrorçulardan təmizləndi. Növbəti ildə PKK, FETO kimi terror təşkilatları ilə amansız mübarizə gözləyirəm. Bu terror təşkilatları tamamilə məhv edilməlidir. Türkiyə region və dünyada hərbi cəhətdən daha güclü olmalıdır. Qardaş ölkə nüvə derjavası olmaq yolunda addımlar atmalıdır. Müasir dünyada böyük dövlət üçün tam təhlükəsizliyinin, ərazi bütövlüyünün təminatı atom bombasına malik olması yolundan keçir. Türkiyə atom bombasına malik olacağı təqdirdə PKK, YPQ, FETO və digər problemləri daha rahat şəkildə həlletmə lüksünü əldə edəcək. ABŞ, Rusiya və Çinlə tam bərabərhüquqlu statusla danışacaq. Bütün bu sadalıdıqlarımın olması üçün Türkiyənin nüvə derjavası olması mütləqdir. Bundan əlavə, iqtisadi spektrdə Ankara dollar asıllığından azad olmağı bacarmalıdır. Maliyyə bazarında Türkiyə lirəsinin mövqelərini bərkitməyə çalışmalıdır. Ən azı Cənubi-Şərqi Anadoluda PKK terror təşkilatı tam şəkildə məhv edilməli, siyası baxımdan da PKK-nın siyasi qolu HDP-nin mövqeləri kürdlər tərəfində daha çox zəiflədilməli, Ağ dənizdə qaz mübahisəsini Türkiyə öz xeyrinə həll etməyə bacarmalı, xalqın sosial durumu yaxşılaşdırılmalıdır. Çalışılmalıdır ki, sanksiyaların qarşısı alınsın. Hakim AK Partiya yenilənməlidir, yeni enerji, nəfəs gətirilməli, Rəcəb Tayyib Ərdoğana layiqli varis hazırlanılmalıdır. AK Partiya-MHP ittifaqı davam etməlidir. Türkiyə türk və İslam dünyasının liderinə çevrilmək yolunda böyük əzm və iradə ilə irəli addımlamalıdır. Çünki Türkiyə son İslam xilafətinin varisidir. Bütün dünya müsəlmanlarının bu varisə ümidi və gözləntiləri var. Qardaş ölkə bu ümid və gözləntiləri doğrultmağı bacarmalıdır. Gördüyünüz kimi, hələ görüləsi işlər çoxdur”.
 
Politoloq problemlərin getdikcə aradan qaldırıldığını düşünür: “Türkiyə addım-addım problemlərinin öhdəsindən gəlir. Türkiyəmizin problemlərinin həll edilməsi, daha da böyüməsi, qüdrətli dövlətə çevrilməsinin yeganə yolu AK Partiya-MHP müttəfiqliyinin davam etdirilməsidir. Bunun davam edəcəyi təqdirdə Türkiyə daxili və xarici problemlərinin öhdəsindən gələcək. Gələn il Türkiyənin siyasi-iqtisadi-sosial-hərbi sahələrdə daha böyük uğurlar, nəticələr qazanmasını gözləyirik. Bunun üçün bütün imkanlar var. Bu imkanlardan yararlanmaq lazımdır. Türkiyənin güclü lideri, monolit iqtidarı var. Bu güclü lider, monolit iqtidarın da sağlam müttəfiqi var. Güclü lider, monolit iqtidar, sağlam müttəfiq deyəndə yəqin anlaşıldı ki, Ərdoğan AK Partiya-Baxçalı MHP ittifaqını nəzərdə tuturam. Ərdoğan AK Partiyanı, Baxçalı da MHP-ni gücləndirmək, təmizləməkdə davam edərək, bu yolda birlikdə addımlamalıdırlar. Türkiyə yüz ildən sonra yenidən dünyanın ən böyükləri sırasında yer almalıdır. Təbii ki, bu yolda Azərbaycanımız da qardaşı Türkiyənin yanında olmalıdır. Güclü Türkiyə - güclü Azərbaycan deməkdir. Böyük Türkiyə - Bütöv Azərbaycan deməkdir. Ona görə güclü, böyük Türkiyə Azərbaycanın milli maraqları deməkdir. Hədəflərə doğru Türkiyə ilə Azərbaycan birlikdə addımlamalıdırlar. Güc, qələbə birlikdədir”.
 
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
 

Загрузка...
Загрузка...