Türkiyədə Xəzər dənizi yaradan şairimizin faciəvi hekayəsi

Baxış sayı: 
164
0  
0  

 
Bəlkə böyük bir şair deyil Almaz Ildırım.
 
Ədəbiyyatımızda parlaq bir yer tutmamışdı.
 
Amma həyatı film kimidir.
 
Və bu 45 illik həyata sürgünlər, həbslər, işgəncələr və əzablar sığışmışdı.
 
“Bəlkə də lap yüz il yaşamışdı o...”
 
Bakıda Qala kəndində doğulmuşdu.
 
Azərbaycan Dövlət Universitetində oxuyurdu, ordan qovdular.
 
Sovet hakimiyyətinin liderlərindən olan Səməd Ağamalıoğlunun qarşısında kiril əlifbası əleyhinə çıxış eləmişdi.
 
Şeirlər yazırdı, millətçi xəttə yaxın idi.
 
Dərbəndə sürgün edildi, sonra Aşqabada.
 
Ordan gizlincə İrana qaçmağa qərar verdilər.
 
Evdə lampanı açıq qoyub çıxdılar.
 
Həyat yoldaşı Zivər xanım və iki aylıq oğlu Azərlə.
 
Yolda çörəkləri qurtardı.
 
Zivər xanım dilənçi kimi kəndə gedib çörək diləndi.
 
Almas Ildırım getsəydi ləhcəsindən şübhələnəcəkdilər.
 
Uşağı yolda qoyub getmək haqda da düşündülər.
 
Heç olmasa o xilas olacaqdı.
 
Amma etmədilər.
 
Sərhədçilər onları gördülər, amma qaça bildilər.
 
İranda həbs edildi, işgəncə verildi.
 
Həbsdən sonra Tehranda hamballıq eləməyə başladı.
 
Türkiyəyə getmək istəyirdi.
 
İrana da bu niyyətlə gəlmişdi.
 
Bir çarəsini tapıb Türkiyəyə getdilər.
 
Elazığda məskən saldılar.
 
Almaz Ildırım müəllim işlədi, nahiyə müdiri oldu.
 
Elaziğda bir göl vardı, adı da Gölcük idi.
 
Atatürkə məktub yazıb gölün adının dəyişdirilməsini xahiş etdi.
 
Gölün adını “Xəzər gölü” qoydular.
 
Tez-tez bu gölün sahilinə gəlir, vətən həsrəti ilə şeirlər yazırdı.
 
Elazığın Xan adlı kəndinin adını dəyişdirib Hankendi elətdirmişdi.
 
Özü üçün Azərbaycan yaratmışdı.
 
İkinci Dünya müharibəsinə böyük ümidlər bəsləyirdi.
 
Güman edirdi ki, almanlar SSRİ-ni işğal edəcək və Azərbaycan azad olacaqdı.
 
Dostuna yazırdı: “Bakı azad olunanda mən müstəqil cümhuriyyəti qurmaq üçün orda olacağam”.
 
Məmməd Əminlə məktublaşırdı.
 
Ondan əmr gözləyirdi.
 
Almanlar məğlub olduqda dərin qüssəyə batdı.
 
Günlərlə dinmədi, danışmadı.
 
Bütün ümidləri ölmüşdü.
 
Türkiyədə cəmi bir kitabı çap edilib.
 
Ölümündən bir az əvvəl Malatyanın Qala qəsəbəsinə təyinat aldı.
 
Elə ordaca böyrək çatışmamazlığından vəfat etdi.
 
1907-ci ildə Bakının Qala kəndində doğulan şair 1952-ci ildə Malatyanın Qala kəndində həyatdan köçdü.
 
Deyirlər, hər gün yuxudan duran kimi, Şərqə, Bakıya baxırmış.
 
Vəsiyyət eləmişdi ki, onu üzü Bakıya basdırsınlar.
 
Mollalar razı olmadı.
 
Bir müddət sonra qəbristanlıqdan yol çəkildi.
 
Qəbri də itdi.
 
Necə deyirdi şair?
 
“Qoca Türkün düşdüyü dərd yaman hey…”
 
Məqalə "Almas İldırım xatirələrdə" (XAN Nəşriyyatı 2017) kitabı əsasında hazırlanıb.
 
Müəllif: Qan Turalı

Загрузка...
Загрузка...