Türkiyədə çevrilişi MKİ şefi xəbər verdi: “Bu, an məsələsidir”

Baxış sayı: 
145
0  
0  

 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyədə baş verən dövlət çevrilişlərindən həmişə məlumatlı olub.
 
Teleqraf.com xəbər verir ki, ötən əsrin 60-cı illərinin əvvəlində MKİ-nin direktoru Allen Dalles Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyədə hakimiyyətdə olan Demokrat Partiyasının sonunun gəldiyini elan edib.
 
Türkiyədə baş verən 27 may 1960-cı il dövlət çevrilişindən əvvəl Vaşinqtonda Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantıya MKİ-nin direktoru Allen Dalles də qatılıb. Gündəliyə Türkiyədəki siyasi vəziyyət də daxil edilib.
 
Toplantıda MKİ direktoru “Türkiyədə dövlət çevrilişi artıq an məsələsidir” fikrini işlədib. İclasda əlindəki dosyeni açan Dalles Ankaradakı ABŞ səfirliyindən gələn hesabatlara diqqət edərək çıxışa başlayıb.
 
Dalles bildirib ki, 10 ildir Türkiyədə hakimiyyətdə olan Demokrat Partiyasının sonu çatıb: “Baş nazir Adnan Mendeleslə keçmiş prezident İsmət İnönü arasında qanlı davaya çevrilən fərdi qarşıdurma konstitusiya böhranına gətirib. Nəticədə tələbə mitinqləri çoxalıb, əhali ayağa qalxıb”.
 
Dalles çıxışının davamında bildirib ki, bəzi hərbçilər də etirazlara qatılır: “Türk ordusu ilə polis arasında düşmənçilik artıq kin-küdurətə çevrilib. Ordu iki yerə bölünüb. Yüksək çinli zabitlər hələ hökumətə sadiqdirlər. Ancaq aşağı səviyyəli personal hökumət və müxalifət arasında bölünüb. Görünür, baş nazir Menderes narazılığın əhatə dairəsini dərk etmir. Vəziyyət daha da mürəkkəbləşə və son nəticədə ordu hakimiyyətə əl uzada bilər”.
 
Qeyd edək ki, 1960-cı il mayın 27-də Türkiyə Respublikası tarixində ilk hərbi çevriliş həyata keçirilib. Həmin gün səhər saat 3.15-də çevrilişçi piyada və süvari birlikləri, 3.30-da isə tanklar hərəkətə keçiblər.
 
Saat 4.36-da polkovnik Alparslan Türkeşın radiodakı çıxışı ilə çevriliş barədə bütün dünyaya elan edilib.
 
Bu çevrilişin Türkiyədə həyata keçirilmiş digər çevrilişlərdən fərqi ondadır ki, bu dəfə əsasən ordunun ən üst yox, aşağı rütbəli zabitləri (37 nəfər) əsas rol oynayıblar.
 
Çevriliş nəticəsində Milli Birlik Komitəsi hakimiyyətə gəlib.
 
Prezident Cəlal Bayar, baş nazir Adnan Menderes başda olmaqla iqtidardakı Demokrat Partiyasının yüzlərlə üzvü zindana atılıb. Ümumilikdə minlərlə hərbçi, siyasətçi, hüquqşünas, müəllim və digər təbəqədən olan insan azadlıqdan məhrum edilib.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...