​Türkiyə və Azərbaycan arasında mühüm sənəd - parlament təsdiqlədi

Baxış sayı: 
99
2  
0  

 
Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Tahir Mirkişili məlumat verdi. Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Razılığa gələn tərəflərdən hər hansı biri digər razılığa gələn tərəfə bildiriş verməklə növbədənkənar görüş keçirilməsini tələb edə bilər. Birgə Sazişin müddəalarına uyğun olaraq ona verilən funksiyalardan hər hansı birini həyata keçirə bilər. Razılığa gələn tərəflərdən birinin tələbi və digər razılığa gələn tərəfin təsdiqi əsasında Birgə Komitə bu sazişin icrasına təsir göstərən digər hər hansı bir məsələni araşdıra bilər. Birgə komitə həm də bu sazişə aid olan məsələlərə dair tövsiyələr verə bilər. Birgə komitə fəaliyyəti ilə əlaqədar prosedur qaydalarını ilk iclasında müəyyənləşdirəcək. Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.
 
Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minəcək. Qeyd olundu ki, Saziş müddətsiz bağlanıb. Saziş razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.
 
T.Mirkişili qeyd etdi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” bu il fevralın 25-də imzalanıb.
 
T.Mirkişili 2019-cu ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyəsinin 33 faiz artaraq 4,5 milyard ABŞ dollarına çatdığını qeyd etdi. Bildirdi ki, Türkiyə Rusiyadan sonra Azərbaycanın qeyri-neft məhsullarının ixracı ilə bağlı ikinci yerdədir.
 
Sənəd səsə qoyularaq qəbul edildi.
 
E.Paşasoy,
 
Musavat.com

Загрузка...
Загрузка...