Türk professor uşaq xəstəlikləri ilə bağlı bilmədiyiniz hər şeyi açdı - MÜSAHİBƏ

Baxış sayı: 
57
2  
0  

"Leyla Medical Center"in dəvəti ilə Türkiyədən gələn Prof. Dr. Cihan Meral bir neçə gün əvvəl Azərbaycanda xəstələri qəbul edib.
 
Publika.az-a müsahibə verən nevroloq uşaqlarda mövcud ola biləcək bütün nevroloji xəstəliklər haqqında geniş məlumat verib.
 
- Cihan bəy, Bakıya gəlmə səbəbinizi öyrənə bilərik?
 
- Bakıya uşaq nevrologiyası ilə bağlı pasientləri qəbul etmək və peşə təcrübələrimi yerli həkimlərlə paylaşmaq üçün gəlmişəm. Epilepsiya başda olmaqla, uşaqlarda mövcud ola biləcək bütün nevroloji xəstəliklərin müalicəsi ilə məşğulam. Buraya şiddətli beyin zədələnməsi, keçici iflic, sadə halsızlıq, otistik şikayətlər, nitq geriliyi, davranış pozğunluqları, əzələ xəstəlikləri və sinir zədələri kimi müxtəlif nevroloji şikayətlər daxildir.
 
- Nitq geriliyi valideynlər arasında narahatlığa səbəb olan və ən geniş yayılmış problemlərdəndir. Odur ki, söhbətə elə bu mövzudan başlayaq.
 
- Nitq geriliyinin başlıca səbəblərindən biri stimulun olmamasıdır. Bu, xüsusilə biruşaqlı ailələrə aiddir. Eyni zamanda telefon, televizor və s. bu kimi elektron cihazlar uşağın danışmaq bacarığını stimullaşdırmır. Lakin nitq pozğunluğunun digər səbəbləri anatomik və nevroloji problemlərlə əlaqəli də ola bilər.
 
- Qeyd etdiyiniz birinci problemin müalicəsində hansı üsullar tətbiq edilir? Valideynlərə nə məsləhət görürsünüz?
 
- Stimullaşdırıcı üsulları artırmağa ehtiyac var. Məsələn, uşağı bağçaya göndərdiyimiz və elektron cihazları uzaqlaşdırdığımız zaman nitq bərpa olmağa başlayır.
 
Uşaqların nitq geriliyi bəzən valideynləri şübhəyə salır, autizm qorxusu oyandırır. Biz uşaqların zehni inkişafını testlə ölçürük. Burada 4 parametr var, şəxsi, sosial və dil bacarıqları. Uşağı nəzarətdə saxlamaq üçün bu testi 3-4 ay fasilələrlə təkrarlayırıq.
 
- Bəs neçə yaşdan sonra və neçə saat uşaqlara elektron cihazlardan istifadə etməyə icazə vermək olar?
 
- Əslində 3 yaşına qədər uşaqları elektron cihazlardan tamamilə uzaq saxlamaq lazımdır. Əgər uşağın nitq qabiliyyəti yaxşıdırsa, sosial ətrafı ilə maraqları inkişaf edibsə, onun televizorda maarifləndirici və tərbiyəvi proqramları izləməsinə icazə vermək olar. Sözsüz ki, aşırıya qaçmaq olmaz. Elmi araşdırmalar da göstərib ki, elektron cihazlar diqqət pozğunluğu və hiperaktivliyə səbəb olur.
 
- Epilepsiya nədir?
 
- Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki pozuntular, yayılmış tutmalar müşahidə olunur.
 
Xəstəliyi müayinə etmək üçün pasientin şikayətlərini nəzərdən keçirir, hansı hərəkətləri etdiyini öyrənir, əgər çəkilibsə, həmin an lentə alınan videosuna baxırıq. Həqiqətən epilepsiya tutması varsa, epilepsiyanı ölçən EEQ tətbiq edirik. Elektroensefaloqrafiya və ya EEQ — baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Bu metod epilepsiya diaqnozunu və növünü təyin etməyə imkan verir. Növünü də müəyyən etdikdən sonra ona uyğun müalicə yazırıq.
 
- Uşaqlara verilən preparatlar nə dərəcədə zərərsizdir?
 
- Əgər həqiqətən epilepsiya diaqnozu qoyulubsa, açıq deməliyəm ki, müalicədə istifadə edilən dərmanların əks təsirləri var. Epileptik dərmanlar göz önünə qoyulacaq preparatlardan deyil. Xeyli əks təsirləri var. Bu zaman ortaya bir sual çıxır: “Epilepsiyanı dayandırmalı, yoxsa xəstə həyatına belə davam etməli?”. Odur ki, biz bu dərmanların xeyrinin zərərindən daha çox olacağını düşünərək yola çıxırıq.
 
- Epileptik tutması olan uşağı tamamilə müalicə etmək mümkündür?
 
- Uşaq nevroloqları bu məsələdə çox şanslıdır. Uşaq epilepsiyalarının çoxu idiopatik epilepsiyadır. Ümumiyyətlə epilepsiya simtopatik, ideopatik və kriptogenik olmaqla 3 yerə ayrılır. Simptomatik epilepsiya beyin kistləri ilə bağlıdır. Bu zaman simptomları aradan qaldırırıq, lazım olarsa cərrahi müdaxilə edirik. Beyində heç bir orqanik səbəb olmadan baş verən epileptik tutma idiopatik epilepsiya qrupuna aid edilir. Yəni MRT normal olsa da, EEQ-lərində problem çıxır. Odur ki, uşaqlıq çağındakı idiopatik epilepsiyaların çoxu yaş məhdudiyyətli olduğu üçün düzələ bilir. Dolayısı ilə biz çox şanslıyıq, dərmanları ən az 2 il qəbul etmək lazımdır. 2 il ərzində xəstənin epilepsiya tutmaları aradan qalxarsa, dərmanları azaldaraq 6 ay sonra müalicəni dayandırırıq.
 
- Epilepsiyaya uşaqların hansı yaş dövründə rast gəlinir?
 
- İstənilən yaş dövründə ola bilər. Tutmanın çeşidləri çoxdur.
 
- Yeni doğulan uşağın nevroloji sağlamlığını nə müəyyənləşdirir?
 
- Bir çox reflekslər var ki, onlara diqqət edilir. Əgər bu reflekslər canlıdırsa, bu zaman uşağın nevroloji baxımdan sağlam olduğunu müəyyən edirik. Həmçinin bir çox müayinə üsulları var ki, onlar bizə bunu təyin etməyə imkan verir.
 
- Nevroloji problemlərin yaranma riskini azaltmaq üçün analara nə tövsiyə edərdiniz?
 
- Nevroloji xəstəliklər ağırdır, bunların çoxu ya doğuşdan, ya da genetik olur. Anaların edə biləcəyi hər hansı bir tədbir yoxdur. Uşaq həkimlərinin nəzarəti ilə xəstəliyin olub-olmaması müəyyənləşdirilir. Məsələn, 9 aylıq uşaq otura bilmirsə və ya yaxud 15 ayından sonra gəzə bilmirsə, demək ki, problem var. Analar uşaqda anormallıq olduğunu anlayan kimi həkimə müraciət etməlidir. Xəstəliyi ana uşağın hərəkətlərindən və davranışlarından hiss edə bilir.
 
- Cihan bəy, doğuş prosesi uşağın nevroloji sağlamlığında hansı rola malikdir?
 
- Əlbəttə ki, doğuşun necə keçməsi mühümdür. Məsələn, təbii doğuş ağır keçərsə, ya doğuşdan sonra, ya da ana qarnında uşaq oksigensiz qalır. Bu, nevroloji problemlərin, əsas da beyin iflicinin ortaya çıxmasına səbəb olur. Dolayısı ilə doğuşun asan və ya çətin olması uşaq nevrologiyasında ciddi rol oynayır.
 
- Autizmli uşaqların müalicəsinə erkən başlamaq onların həyatı üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Nəyi dəyişir?
 
- Uşaqların müayinəsi zamanı məsələn, B6 vitamin çatışmazlığından qaynaqlanan autizm varsa, o çatışmazlığı müalicə etdikdən sonra autizm yoxa çıxır. Yaxud da epilepsiya beyin toxumalarına zərər verirsə, uşaq özünə qapanıb autizm olursa, epilepsiyasını müalicə yolu ilə o uşaq autizmdən çıxır.
 
Son dövrlərdə genetika sahəsində irəliləyişlər bəzi xəstəliklərin diaqnozunu çox rahat şəkildə təyin etməyə imkan verir. Bundan sonra onların müalicəsini çox rahat şəkildə həyata keçiririk. Amma autizmdə hələ də çözülməyən nöqtələr var. Hər halda diaqnozunu təyin edə bildiyimiz xəstələri müalicə etməyə çalışırıq.
 
- Ev heyvanlarının autizmli uşaqlara yaxşı təsir etdiyi deyilir. Bu nə dərəcədə realdır?
 
- Autizmli uşaqların müalicəsində delfin və at terapiyası təklif olunur. Lakin elmi araşdırmalarda bunlardan sadəcə at minmə terapiyasının müsbət təsiri olduğu üzə çıxıb. Uşaq ata mindiyi zaman ayaqları ona sürtünərək elektrik alır və bu beyinə siqnal göndərir. Ev heyvanlarının müalicəvi effekti arasında sadəcə atın təsiri sübut olunub.
 
- Ailələr uşaqlarını peşəkar həkimə əmanət etdiyini nədən anlaya bilər?
 
- Xəstənin ailə üzvləri həkimə gəldiyi zaman ağlındakı bütün sualları verməli və onlara cavab tapmalıdır. Əgər həkim valideynləri narahat suallarla yola salırsa, o, yaxşı həkim deyil. Peşəkar həkim valideynlərin ağlında uşaqlarının vəziyyəti ilə bağlı heç bir sual işarəsi qoymamalıdır. Əgər xəstə ailəsi onların bütün suallarına cavab verən həkimə müraciət etsə, onda məqsədinə daha tez çatar.
 
- Finlandiyada nevroloqların barmaqla sayılacaq qədər az olduğu deyilir.
 
- Bu cəmiyyətin nə qədər təhsilli və intellektual olması ilə bağlıdır. İnkişaf etmiş cəmiyyətlərdə xəstəliklər əlbəttə ki, daha az baş verir.
 
Aytən Məftun

Загрузка...
Загрузка...