Türk musiqiçi Sevda Ələkbərzadəyə heyran oldu: "Səsi lazer silahı kimidir..."

Baxış sayı: 
34
1  
0  

Xəbər verdiyimiz kimi, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində 57 nəfərlik orkestrin müşayiəti, Azərbaycan əsilli müğənni Sami Yusif, tanınmış xanəndə Təyyar Bayramov və aşıq Samirə Əliyevanın iştirakı ilə Nəsiminin “Sığmazam” qəzəlinə hazırlanan kompozisiya son həftələrin əsas gündəmlərindən biri olub.
 
Publika.az xəbər verir ki, sözügedən kompozisiya Sami Yusifin yutub kanalında yerləşdirilib və 10 gün ərzində 2 milyondan çox baxış sayı toplayıb. Layihə yutubda maraqla qarşılanıb. Belə ki, məşhur musiqiçi Emre Yücel yutub kanalında “Sığmazam” kompozisiyasının analizini edib. O bildirib ki, Sami Yusif yumşaq səslə oxuyan sənətçidir:
 
“Sami Yusif adətən bir oktava arasında ifa edir. Xorun avazları isə mükəmməldir, dinləmək çox böyük zövq verir. Çox nəfis alınıb”.
 
Təyyar Bayramovun muğam avazlarını musiqiçi "möhtəşəmdir" deyə qiymətləndirib:
 
“Off, inanılmazdır, bu hissəni kəsib min dəfə üzərində çalışardım. Soruşursunuz ki, boğaz və avazları necə inkişaf etdirmək olar. Bunun üçün min dəfə məşq edib eynisini təkrarlamaq lazımdır. Səsi başqa nə cür inkişaf etdirmək olar, bunun üçün hər hansı mexanizm yoxdur”.
 
Aşıq Samirənin ifası da musiqiçini eyni dərəcədə heyrətləndirib:
 
“Aydaa, inanılmazıdır. Bir yandan da ritm də çalınır, ya Rəbbim səhnə alışıb yanır. Dəli olublar... Möhtəşəmdir, enerji dəhşət saçır. Çox yüksək səviyyədə hazırlanıb. Qısqandım, bəli, həqiqətən də qısqandım. Orada olmaq istərdim”.
 
Musiqiçi Sami Yusifin Sevda Ələkbərzadə ilə “Girdim yarın bağçasına” duetinə də münasibət bildirib. Sevda Ələkbərzadənin səsinə heyranlığını gizlətməyən Emre Yücel sözlərinə belə davam edib:
 
“Sami Yusif aşağı notlarda təmiz, saf və incə ifa tərzdə ifa etməyə üstünlük verir. Avazları əcaib şəkildə oxumur, amma onun səsi insanı sakitləşdirir, hüzur verir. Hətta ifası qəzəl oxuyurmuş kimi səslənir demək olar. Musiqi gözəldir, insanı coşdurur.
 
Sevda Ələkbərzadənin səsi lazer silahı kimidir, mərmi də deyil, heç nə hiss etmirsən, birbaşa ürəyə toxunur. Güllə kimi səsi var. Off... Əvvəlki səs analizində Sevda Ələkbərzadənin caz mahnısını təhlil etmişdik. Möhtəşəm idi, bu da dəhşətdir. Azərbaycan boğaz və avazlarının ləzzəti Sami Yusifdə yoxdur. Sevda Ələkbərzadədə bu avazlar ballı-ballıdır, o qədər ləzzətdir ki, sanki qarşınızda çox dadlı yemək var. Səslə toxunmaq... bax Sevda Ələkbərzadə bunu edir. Sanki səsi ilə sizə xəfif şəkildə toxunur. İnanılmaz ifaçıdır, səsi ən üst səviyyədədir. Xəyal dünyasında olan bir duyğunu səs tellərinin hərəkəti ilə bu qədər fiziki hala sala və onu hiss etdirməyi necə bacarırsan, dostum. Bax bu, bir istedaddır. Sami Yusifin səsi baritondur, Sevda Ələkbərzadə isə hər şey... Dəhşət... Bütün səslərin ötəsidir”.
 
 
 
Məlumat üçün bildirək ki, Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, tarixi abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salınması məqsədilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqramın əsas təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olub. Yaradıcı prodüseri Rusiyanın məşhur prodüseri Andrey Baltenko, musiqi proqramının müəllifi isə dünyaca məşhur azərbaycanlı müğənni Sami Yusif olan mədəni proqram doqquz elementi özündə birləşdirir.
 
Bu elementlər “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar Sarayı”, “Novruz bayramı”, “Şəki Xan Sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunmuşdu.

Загрузка...
Загрузка...