​Türk dünyasının böyük ideoloqu - Əli bəy Hüseynzadə

Baxış sayı: 
62
1  
0  

Əli bəy Hüseynzadə Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadimdir.
 
“Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm...” – deyən Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində türk dünyasında şimşək kimi çaxdı, təkcə Azərbaycanda deyil, bütün Turan elində ictimai fikrin durumuna aydınlıq gətirdi, onu yeni istiqamətə yönəltdi, ətalətdən, qəflət yuxusundan, zülmətdən uzaqlaşdırmağa, həmrəyliyə, birliyə əsaslanan istiqlal yoluna xidmət etməyə yönəltdi. Məhz bu mənada Əli bəy Hüseynzadə Azərbaycan ictimai fikrində yeni mərhələdir.
 
Əli bəy Hüseynzadə milli özünüdərkin və istiqlal düşüncəsinin yaradıcısı idi. O, Şərq ölkələrini Rusiyanın və İranın güclənməkdə olan millətçilik siyasəti caynağından xilas etməyin yolunu türkçülüyün yayılmasında görürdü. O, Turan elini yad, mürtəce cərəyanlardan xilas etmək üçün türk ideologiyasını yaymağa çalışırdı. Əli bəy Hüseynzadə türk dünyasının mücahidi idi. Baş redaktorluğu ilə 1906-1907-ci illərdə nəşr etdiyi “Füyuzat” yurnalı taleyin və tarixin ona verdiyi vəzifənin, həyat qayəsinin məramnaməsi idi. “Füyuzat”ın məzmunu və ideya istiqaməti mütəfəkkir alim Əli bəy Hüseynzadənin türkçülük məfkurəsi yolunu işıqlandırır. Onun siyasi, fəlsəfi və ədəbi düşüncələrini dərk etməyə imkan verir. “Füyuzat” yurnalı XX əsr Azərbaycan ictimai fikrində yeni fəlsəfi cərəyanın təməlini qoymuşdur. Əli bəy Hüseynzadəni əfsanəvi, fövqəlbəşər mütəfəkkir adlandıran müasiri Y.Akçuraoğlu yazırdı: “Əli bəy dövrünün həmfikri olan ziyalılarını (Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Hüseyn Cavid və b.) məcmuənin ətrafina toplayaraq yaradıcılıqlarına ciddi bir qayğı ilə yanaşır, təsir göstərir, onların dünyagörüşlərində milli düşüncəni oyadırdı”. Məşhur tədqiqatçı alim Tadeuş Svyataxovski yazırdı: “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadə idi”. Əli bəy Hüseynzadəni milli məfkurənin uçuruma getdiyi bir vaxtda Allah-Taala doğma xalqına xilaskar kimi bəxş etmişdir. Türk qövmünün ona böyük ehtiyacı vardı. O, öz təlimi ilə, Ə. Müznib demişkən, “millətinə milliyyətini anlatdı... Qafqazdakı türk balalarına türklüyü bildirdi, həsəbnəsəbini öyrətdi”. Əli bəy Hüseynzadə bütün türk dünyasının mücahididir”.
 
Türkləşmək məqamı Əli bəy Hüseynzadənin nəzəri doktrinası idi. O, qəti inamla yazırdı: “O millət, o qövm səadət və nicat tapa bilər ki, öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını öyrənir”. Əli bəy Hüseynzadə türkçülük ideologiyasının mənəvi prinsipi islamlaşmaq məramı haqqında danışarkən tövsiyə edirdi ki, Qurani-Kərim bütün müsəlman xalqlarının dilinə tərcümə edilib yayılsın. Ona görə ki, İslam dini türk birliyinin, milli mədəniyyətlərinin ən əxlaqi sağlamlığının təməlidir. “Allahını tanıyan millət, milli birliyini də dərk edəcəkdir”.
 
Qeyd etdiyimiz kimi, Əli bəy Hüseynzadə azərbaycançılıq ideyasının ilk yaradıcısı idi. O, öz ədəbi, ictimai-siyasi fəaliyyəti ilə milli ədəbiyyata yenilik gətirir, onu məhdud çərçivədən çıxarmağa çalışırdı. Əli bəy Hüseynzadənin yaradıcılığı gəncliyə güclü təsir göstərirdi. O, Abdulla Şaiq demişkən, “bir beyt belə yazmamış” Məhəmməd Hadi kimi istedadlı gənclərin “rübabını dinləndirir”, onlara şeir və sənətin nə olduğunu anladırdı. 1920-ci illərdən sonra sovet şovinist ideya konsepsiyası çərçivəsinə sığmayan ictimai-siyasi fəaliyyətinə görə Əli bəy Hüseynzadəni “mürtəce ideoloq”, “xalq düşməni” adlandıran və doğma vətənində siyasi-ədəbi irsinin tədqiqinə və nəşrinə qadağa qoyanlar böyük vətənpərvəri unutdura bilmədilər. Zaman öz hökmünü verdi. Sovet hakimiyyətinin 70 illik hökmranlığına son qoyuldu. Azərbaycanda müstəqillik bərpa olundu. Milli-mənəvi sərvətlərə, tarixi hadisələrə real münasibət yarandı. Məlum oldu ki, Ə.Hüseynzadə bütün varlığı ilə millətinə bağlı, vətəninin müstəqilliyi, azadlığı uğrunda döyüşən mübariz azərbaycanlı imiş... Ə.Hüseynzadə əsrin əvvəllərində nəinki Rusiya müsəlmanları içərisində, həm də bütün türk dünyasında milli-azadlıq hərəkatının genişlənməsində, milli şüurun oyanmasında, tərəqqiyə əngəl olan hər cür təzahürlərin aradan götürülməsində böyük xidmətlər göstərən bu yolda bütün çətinliklərə mətanətlə sinə gərən, qeyrətli vətəndaş, mübariz tribun imperializm əsarətinin güclü əleyhdarı, amansız və qətiyyətli düşməni olmuşdur”.
 
Əli bəy Hüseynzadə müasirimizdir. Onun müdrik tövsiyələri, bəşəri ideyaları bu gün də həmvətənlərinə milli birlik uğrunda mübarizədə yardımçı olur. Bütün türk dünyasında yazıçı, publisist və siyasi xadim kimi tanınan Əli bəy Hüseynzadənin zəngin irsi doğma vətənində dərindən-dərinə öyrənilir, əsərləri nəşr olunur, adı əbədiləşdirilir. Onun baş mühərriri olduğu “Füyuzat” yurnalı yeni biçimdə nəşr edilir və müstəqil Azərbaycanın açıqfikirli, fədakar övladlarının tribunasına çevrilmişdir. Azərbaycanın mütəfəkkir yazıçısı və ictimai-siyasi xadimi Əli bəy Hüseynzadə bütün türk dünyasında həmişə azadlıq mücahidi kimi yad ediləcəkdir.
 
HƏYAT VƏ YARADICILIĞI
 
Ziddiyyətli ömür yolu keçmiş, Kəlküttədən tutmuş Parisə qədər, Qahirədən Peterburqa kimi geniş bir ərazidə tanınmış Əli bəy Molla Hüseyn oğlu Hüseyzadə 1864-cü ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Salyanda anadan olmuşdur. Tiflisdə Qafqaz müsəlman ruhani məclisinin məktəbində müəllim işləyən atası, hələ Əli bəy kiçik yaşlarında olduğu zaman vəfat etdiyi üçün, babasının himayəsində yaşamışdır. Əli bəyin babası Qafqaz şeyxülislamı Axund Molla Əhməd (1812-1887) din xadimi olmasına baxmayaraq, öz dövrünün görkəmli alimlərindən biri idi. O, 1870-ci ildə Tiflisdə litoqrafiya yolu ilə çap edilmiş “Dilguşə” və “Tərbiət-ül-Ətfal” kimi dünyəvi əsərləri ilə yanaşı, bir neçə dini kitabların müəllifidir. Molla Əhməd Azərbaycanda ilk dəfə olaraq illəri hicridən miladiyə çevirmək üçün sinxronik təqdim cədvəli hazırlamış və onu çap etdirmişdir. Bu şəxsin “Tarixi-ədəbiyyatı-türkü” adlı əlyazması halında əsəri də vardır. Molla Əhmədin ziyalı dostları arasında Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa görkəmli şəxsiyyətləri görmək mümkün idi. Bir sözlə gənc Əli bəy ziyalılar mühitində böyümüşdür. İlk savadını da elə məhz atasının dərs verdiyi məktəbdə alan Əli bəy daha sonra təhsilini 1875-ci ildə 1-ci Tiflis gimnaziyasında davam etdirmişdir. O, rus dilini mükəmməl öyrənməklə yanaşı, əvvəlcə atasının və sonralar isə babasının vasitəsilə ərəb və fars dillərini də dərindən mənimsəmişdir. 1885-ci ildə gimnaziyanı bitirən Əli bəy təhsilini davam etdirmək üçün Peterburqa yola düşür. Onda rəssamlıq sənətinə güclü meyl olduğundan Peterburq bədii akademiyasına girmək qərarına gəlir. Bu barədə o, yazdığı məqalələrin birində qeyd etmişdir. Lakin özünün qeyd etdiyi kimi, dəqiq elmlərə həvəs daha da üstün gəldiyi üçün o, həmin ildə Peterburq universitetinin fizika və riyaziyyat fakultəsinə daxil olmuşdur. Və beləliklə, Peterburq həyatı Əli bəyin yaradıcılığında dərin izlər buraxmışdır. Gənc Əli bəy fizika və təbiət fakultəsində oxumaqla yanaşı Şərq fakultəsində də məşhur professorların mühazirələrini daim dinləmişdir. Bu illərdə o, artıq latın, yunan, fransız, alman və ingilis dillərini də mükəmməl öyrənmişdi. Buna görə də 6 o, qədim yunan və Qərbi avropa şairlərinin, yazıçılarının və alimlərinin əksəriyyətini orijinaldan oxumuşdu. 1887-ci ildə Peterburqda rus çarı III Aleksandra edilən sui-qəsdən sonra Əli bəy Hüseynzadə Rusiyanı tərk etməyə məcbur olmuşdur. Bundan sonra Əli bəy Hüseynzadə təhsilini davam etdirmək üçün İstanbula üz tutmuşdur. İstanbul darülfununun “Əskər tibbiyyə”fakultəsində təhsilini davam etdirən gənc Əli bəy tələbələr arasında öz istedadı ilə tez fərqlənmiş və Qərb fəlsəfəsini, ədəbiyyatını və mədəniyyətini tanıtdırmaqda aparıcı bir qüvvəyə çevrilmişdir.
 
(Ardı var)
 
Hazırladı: Məmməd MİRZƏLİYEV,
 
Tarix üzrə Fəlsəfə doktoru

Загрузка...
Загрузка...