Trampın planı İsrail-Fələstin konfliktini həll edə biləcək?

Baxış sayı: 
57
3  
0  

Natiq Cəfərli: "ABŞ prezidentinin irəli sürdüyü təklifin həyata keçməsi çox çətin görünür"
 
"Qüdsün tamamilə İsrailin nəzarəti altına keçməsi heç də asan olmayacaq, bu səbəbdən də hələlik Trampın planını seçkiqabağı təbliğat adlandırmaq olar"
 
"Türkiyənin Trampın təklif etdiyi plana mənfi reaksiya verəcəyini öncədən proqnozlaşdırmaq olar"
 
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən əvvəl İsrail-Fələstin konfliktinin həlli ilə bağlı "Yüz ilin Anlaşması" planını açıqlayacağını bəyan edib. Bu barədə teleqraf.com-da yer alan informasiyada deyilir ki, Tramp "Yüz ilin Anlaşması" adlandırılan "Yaxın Şərq Sülh Planı"na dair fikirlər səsləndirib və bu planı İsrailin baş naziri ilə müzakirə edəcəyini bildirib: "Bu görüşdən əvvəl planı açıqlayacağıq. Fələstinlililərlə də qısa görüşüm oldu. Lakin onlarla yenidən danışacağıq. Anlaşmada fələstinlilərə bir sıra təkliflər verilir, əvvəlcə etiraz edəcəklərini bilirəm, amma əslində bu anlaşma onlara uyğundur".
 
Tramp sözügedən anlaşmanın çətin olduğunu da qeyd edib: "Anlaşma əldə etməyi sevirəm. Bu, çox böyük və vacib bir anlaşmadır". Ağ Evdən verilən açıqlamada isə Benyamin Netanyahu və Mavi-Ağ İttifaqının lideri Benni Qantzın yanvarın 28-də Vaşinqtona səfər edəcəyi vurğulanıb. Donald Trampın planının detalları açıqlanmasa da, bir sıra ehtimallar müzakirə mövzusuna çevrilib. İddiaya görə, anlaşmada Qüds şəhərinin tamamilə İsrailə verilməsi təklif olunasa da, Fələstinin də maraqlarını əks etdirən təkliflər var. Fələstin dövlət başçısı Mahmud Abbas isə anlaşmada ölkəsinin lehinə heç bir maddə yer almadığını bəyan edib. Fələstin lideri Mahmud Abbasın rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna isə bildirib ki, əgər ABŞ-ın təklif etdiyi plan beynəlxalq qanunvericiliyə zidd olsa, Fələstin hökuməti bu razılaşmadan imtina edəcək: "Əgər razılaşma imtina etdiyimiz formullar əsasında elan edilsə, hökumət qanuni haqlarımızı qorumaq üçün tədbirlər görəcək".
 
Bu arada, İsrailin Azərbaycandakı səfiri Corc Dik isə Donald Trampın İsrail-Fələstin münaqişəsinin həllinə töhfə verəcəyinə inandığını deyib. Bununla bağlı apa.az-da yayımlanan məlumata görə, səfir ABŞ-ın həqiqi sülh səylərinə rəhbərlik edə biləcək yeganə tərəf olduğunu bildirib: "Bildiyiniz kimi, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu və ölkə müxalifətinin liderini gələn həftə Vaşinqtona dəvət edib. Onların Vaşinqtonda İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı razılaşmanı müzakirə edəcəyi gözlənilir. ABŞ İsrailin yaxın müttəfiqidir. Eyni zamanda, ABŞ yeganə tərəfdir ki, həqiqi sülh səylərinə rəhbərlik edə bilər. Necə ki, ABŞ bunu daha əvvəl Misirdə, İordaniyada edib. Biz amerikalı dostlarımıza inanırıq. Onlar həqiqətən də regionda davamlı və həqiqi sülhün əldə olunmasında maraqlıdırlar. Biz hamımız Tramp administrasiyasının addımını diqqətlə izləyirik. Əgər deyilənlər doğrudursa, mən inanıram ki, Trampın irəli sürəcəyi hər hansı təşəbbüs İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcək".
 
"Bu il ərzində Donald Trampın İsrail-Fələstin konflikti, o cümlədən mövcud olan digər qlobal problemlərlə bağlı təklifləri daha çox olacaq"
 
Картинки по запросу Natiq Cəfərli
 
Mövzu ilə əlaqədar mövqeyini "Hürriyyət"lə bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli hesab edir ki, bu il ərzində Donald Trampın İsrail-Fələstin konflikti, o cümlədən mövcud olan digər qlobal problemlərlə bağlı təklifləri daha çox olacaq: "Çünki bu il ABŞ-da seçki ilidir və Tramp ikinci dəfə seçilməkdə israrlıdır. Bu səbəbdən də səs gətirə, ona ciddi reytinq qazandıra biləcək beynəlxalq münaqişələrin həlli ilə bağlı təkliflərlə, bundan sonra da çıxış etməsi mümkündür. Sadəcə, İsrail-Fələstin konflikti artıq keçən əsrin 40-cı illərindən mövcuddur və bunun çox qısa bir zamanda ədalətli şəkildə həll olunacağına güman azdır. Ona görə ki, Fələstin torpaqlarının böyük bir qismi qeyri-rəsmi olaraq İsrail tərəfindən zəbt edilib və həmin ərazilərin boşaldılması, ən azından 1968-ci il sərhədlərinə qaytarılması məsələsinin belə tezliklə həll olunacağını düşünmürəm. Əslində, İsrail-Fələstin konflikti ilə bağlı həmişə iki həll variantı müzakirə olunub. Onlardan biri sərhədlərin 1968-ci ildən öncəki vəziyyətə qaytarılması və iki ayrı dövlətin yaradılmasıdır. Çünki Fələstin hələ də tam hüquqlu dövlət kimi fəaliyyət göstərə bilmir. Düzdür, BMT-nin məşvərətçi üzvüdür və bir çox ölkələrdə nümayəndəlikləri var, lakin buna baxmayaraq, hələ də tam hüquqlu dövlət kimi fəaliyyətə keçə bilmir".
 
"Tramp Qüdslə bağlı belə bir təklifləri səsləndirməklə yəhudi lobbisinin xoşuna gəlməyi, onların səsini, dəstəyini qazanmağı düşünür"
 
Politoloq bildirdi ki, sözügedən konfliktin həlli ilə bağlı irəli sürülən ikinci variant isə konfederativ dövlətin yaradılmasıdır: "Bu varianta görə, İsraillə Fələstin birgə konfederativ dövlət yaradırlar. Yəni iki müstəqil dövləti birləşdirən konfederasiya yaradılır və bunun əsasında birgə idarəetmə metodları, mexanizmləri tətbiq edilir. Lakin burda problem ondan ibarətdir ki, uzun illər davam edən münaqişə hər iki toplumda, əsasən də Fələstin tərəfdə çoxlu sayda yaralar açıb. Məhz bu da öz növbəsində, birgə yaşayış imkanlarını məhdudlaşdırıb. Çünki hər iki toplumda bir-birinə qarşı inamsızlıq, hətta bəzən nifrət var. Və bu, birgə yaşayışla bağlı problemlərin önə çıxmasına səbəb olur. İndi isə ABŞ prezidenti tərəfindən irəli sürülən planda Fələstin avtonomiyasının Qüdsdən tamamilə imtina etməsi və bunun əvəzində Qəzza bölgəsində İsrailin blokadasının aradan qaldırılması, eyni zamanda Fələstin dövlətinin İsrail tərəfindən tanınması təklif olunur". REAL-ın icra katibi bu qənaətdədir ki, sözügedən planın həyata keçirilməsi çox çətin görünür: "Çünki Qüds fələstinlilərlə yanaşı, bütün İslam aləmi üçün müqəddəs şəhər sayılır. Belə ki, müsəlman aləminin ən müqəddəs məkanlarından biri olan məscidi Əl-Aqsa da həmin şəhərdə yerləşir. Ona görə də Qüdsün tamamilə İsrailin nəzarəti altına keçməsi heç də asan olmayacaq. Çünki buna həm müsəlman dünyasından ciddi təpkilər olacaq, həm də Fələstin avtonomiyasının belə bir təklifi qəbul etməsi o qədər də real görünmür. Bu səbəbdən də hələlik Donald Tramp tərəfindən irəli sürülən planı seçkiqabağı təbliğat adlandırmaq olar. Çünki yəhudi lobbisi ABŞ seçkilərində həlledici olmasa da, çox vacib rol oynayır. Odur ki, Donald Tramp Qüdslə bağlı belə bir təklifləri səsləndirməklə yəhudi lobbisinin xoşuna gəlməyi, onların səsini, dəstəyini qazanmağı düşünür. Amerikada seçkilərin taleyini həll edəcək əsas məqamlardan biri də məhz lobbi təşkilatlarının fəaliyyətinə bağlıdır. Ona görə də qısa zamanda, yəni bu il ərzində İsrail-Fələstin konfliktinin həlli mümkünsüz görünür. Lakin ən azından bu məsələnin gündəmə gəlməsinin Amerika seçkilərində müzakirə mövzularından birinə çevrilməsi dəqiqdir".
 
"Bu məsələdə Avropa Birliyi, Rusiya və ABŞ-ın tutduğu mövqe həlledici olacaq"
 
Türkiyənin ABŞ prezidentinin İsrail-Fələstin konfliktinin həlli ilə bağlı təklif etdiyi plana sərgiləyəcəyi reaksiyaya gəlincə, Natiq Cəfərli qeyd etdi ki, rəsmi Ankara Qüsdün tamamilə İsrailin nəzarətinə verilməsiylə razılaşmayacaq: "Türkiyə buna mənfi reaksiya göstərəcək. Çünki Türkiyə dəfələrlə bəyan edib ki, Fələstin məsələsinin ədalətli həlli sərhədlərin 1968-ci il vəziyyətinə qaytarılması, həmin sərhədlər çərçivəsində iki müstəqil dövlətin elan olunmasından keçir. Düzdür, İsrail artıq elan olunub. Odur ki, rəsmi Ankara Fələstinin də həmin sərhədlər çərçivəsində müstəqil dövlət kimi tanınmasını təklif edir. Ona görə də Türkiyənin Donald Trampın İsrail-Fələstin konfliktinin həlli ilə bağlı təklif etdiyi plana mənfi reaksiya verəcəyini öncədən proqnozlaşdırmaq olar. Amma açığını demək lazımdır ki, bu məsələdə Avropa Birliyi, Rusiya və ABŞ-ın tutduğu mövqe həlledici olacaq. Yəni əgər bu üç güc mərkəzi eyni mövqedən çıxış edərsə, o zaman Fələstin avtonomiyasının işi çox ağır olacaq. Türkiyə bu məsələdə nə qədər də Fələstinin yanında olub dəstək verməyə çalışsa da, bu üç güc mərkəzi eyni məxrəcə gəlsə, bu məsələnin həllində Türkiyə üçün kifayət qədər problemlər yaşanacaq. Odur ki, Türkiyənin təkbaşına və ya müsəlman ölkələrini yanına alaraq cədhləri bu məsələnin həllini mümkün etmir. Çünki bir çox məsələlərlə bağlı müsəlman dövlətləri arasında da heç də fikir birliyi yoxdur".
 
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Загрузка...
Загрузка...