Tramp təkləndi: Qüds qərarına gözlənilməz reaksiyalar

 
ABŞ Prezidenti Donald Trampın dünən Qüdslə bağlı qərarını açıqladı. Tramp canlı yayım vasitəsilə Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını belə elan etdi: “Əvvəlki prezidentlər bunu seçki vədi olaraq söyləsələr də, ancaq reallaşdırmayıblar. Mən bu vədi yerinə yetirirəm. Dövlət Departamentinə ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək məsələsində hazırlıq görməsi təlimatını verirəm”.
 
Teleqraf.com xəbər verir ki, qərara ilk reaksiya İsrail Baş naziri Benyamin Netanyahudan gəlib. O deyib ki, yəhudilər Trampın bu hərəkətinə əbədi olaraq minnətdardılar.
 
Ancaq bu qərardan məmnun qalan yeganə ölkə İsrail olub.
 
Bütün dünya Trampın bu qərarını tənqid edib. Minlərlə etirazçı Türkiyə və İordaniyada küçələrə çıxıb. Qəzza bölgəsində fələstinlilər ABŞ bayrağına od vurublar.
 
Liderlərin də bu qərara reaksiyası gecikməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Qalın qərarı səhv adlandırıb və Ankaranın bu məsələdə Fələstinin tərəfində olduğunu bildirib:
 
“Bu qərarı qınayırıq və tanımırıq”. Baş nazir Binəli Yıldırım və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bu məsələ ilə bağlı Trampa qarşı sərt fikirlər söyləyiblər.
 
Fransa Prezidenti Emmanuel Makron Əlcəzairdə keçirilən mətbuat konfransında qərarı təəssüf hissi ilə qarşıladığını bildirib:
 
“Bu qərar beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir. Trampın bu addımından təəssüflənirik”.
 
İngiltərənin Baş naziri Tereza Mey bildirib ki, London ABŞ-ın öz səfirliyini Qüdsə köçürmə qərarına qarşıdır: “Bu addım regionda sülhün gələcəyi üçün faydası yoxdur”.
 
Almaniya Kansleri Angela Merkel hesab edir ki, Qüdsün durumu müzakirələr yolu ilə həll olunmalıdır: “ABŞ-ın Qüdslə bağlı qərarını dəstəkləmirik”.
 
İran Xarici İşlər Nazirliyi də Trampın qərarı ilə bağlı bəyanat yayıb: “Bu qərar BMT-nin qərarlarının açıq-aşkar pozulmasıdır. Müsəlmanların ilk qibləsi Məscidi-Əqsanın yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi özəlliyə malikdir. İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirərək, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün işğalına son qoymaq üçün, eləcə də Fələstin xalqının əsaslı hüquqlarının təmini məsuliyyətini dərk etməyə çağırır”.
 
BMT-nin Baş katibi Antonio Quterreş Trampın bu qərarından məyus olduğunu deyib:
 
“İkidövlətli həll yoluna alternativ yoxdur. İsrail və Fələstin liderlərinin tutarlı danışıqlara qayıtması üçün əlimdən gələni edəcəyəm”.
 
Fələstindəki HƏMAS təşkilatı da Trampın Qüds qərarını sərt reaksiya ilə qarşılayıb:
 
“Dekabrın 8-də “qəzəb günü” keçiriləcək. ABŞ prezidenti bu qərarı ilə cəhənəmin qapılarını açdı”.
 
İraq, Suriya, Misir və Livan xarici işlər nazirlikləri də qərara qarşı fikirlər səsləndiriblər.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...