​Tramp “şeytan əməli” ilə qovğada

Baxış sayı: 
94
2  
0  

 
Bu gecə biz yuxuda olan vaxt uzaq ABŞ-da maraqlı bir hadisə olub, əziz sosial şəbəkə istifadəçiləri. Prezident Tramp öz ölkəsində sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
 
“Öz ölkəsində”ni ona görə vurğulayıram ki, hələlik bu sərəncamın bizə dəxli yoxdur. Amma əmin ola bilərsiniz ki, 1-2 aya qalmaz, o sərəncamın dünyanın bir çox ölkəsinə dəxli olacaq. Hələ onu da deyim ki, Trampdan qabaq öz ölkələrində sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsini təşkil edənlər çox idi.
 
Məsələn, Çin, İran, Şimali Koreya, Türkmənistan, Kuba və o tipli ölkələr Trampdan əvvəl bu fikrə gəlmişdilər ki, sosial şəbəkələri özbaşına qoymaq olmaz, sosial şəbəkəni öz başına qoyarsan, halvaçılar da profil açar, zurnaçılar da.
 
Ser özü imzaladığı sərəncama dair belə bir şərh verib ki, bu, söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncamdır.
 
Prezident deyib ki, bu sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”, amma ta edə bilməyəcəklər.
Tramp həmin saytların işinə baxmağı, yəni “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb və “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.
 
Trampın sevimli sosial şəbəkəsi olan "Twitter" şirkətinin rəhbərliyi isə bəyan edib ki, prezindentin cəhdləri internetdə söz azadlığını təhdid edir, guya ki, bu sərəncam "mürtəce və siyasiləşdirilmiş" bir şeydir.
 
Maraqlıdır ki, Tramp sosial şəbəkələrin buxovlanmasına dair sərəncamı barədə xəbəri məhz sosial şəbəkədə, öz əziz platforması "Twitter”-də yayıb.
 
Bu, müəyyən dərəcədə 1970-ci ilərin ortalarında iranlı axundların etdiyi hərəkətə oxşayır. Onlar o vaxt gənclərin kütləvi şəkildə kasetli maqnitofonlara meyl etdiyini görərək öz cümə xütbələrində maqnotofon çıxaran şər imperiyalarını yerdən-yerə vurmuş, maqnitofonu “şeytan əməli”, “gənclərin tərbiyəsini pozan murdar cihaz” adlandırmışdılar, amma 1978-79-cu illərdə Fransada sürgündə olan ayətullah Xomeyninin xalqa müraciətlərini məhz həmin maqnitofonlarla, liderin səsi yazılmış kasetləri əldə-ələ ötürərək yaymışdılar.
 
Demək, bəzən “şeytan əməlləri” də faydalı ola bilir. Baxır, ona necə yanaşırsan.
 
Bizdə belədir ki, xəlayiq kütləvi şəkildə sosial şəbəkələrdən istifadə edir, amma eyni zamanda onu “şeytan əməli” sayır.
Məsələn, axtarsan, bir xeyli adam ölkədəki boşanmaların sayının artmasının səbəbini sosial şəbəkədə görür. İzah belədir ki, ər və arvad ayrı-ayrılıqda sosial şəbəkələrə girirlər və orada başqa insanlarla tanışlıq, ünsiyyət imkanlarından yararlanırlar, ara yerdə ailələr dağılır.
 
Sosial şəbəkələrdəki polemikaların siyasi qüvvələr arasındakı konflikti dərinləşdirdiyini iddia edənlər də var və onlar xeyli haqlıdırlar. Bir ara özüm də müşahidə edirdim ki, ölkədəki aktiv siyasi partiyaların fəal üzvləri eyzən sosial şəbəkədə rəqibləri ilə atışır, mübahisə edir, çox vaxt da qızışıb söyüşürlər. Bunlar əsasən elə adamlardır ki, əslində partiya adından polemika aparmalı, irad bildirməli, irada cavab verməli deyillər. Amma kompetrin dalına keçib rəqib partiyanın sədrini “debil”, “satqın”, “səy”, “bambılı” adlandırırlar və müvafiq də cavablar alırlar.
 
Dini sektaların sosial şəbəkələrdən istifadə edərək, “haqq yolu”na, öz təriqətlərinə çoxlu gənclər cəlb etdiklərini, rəqiblərini psixoloji terrora məruz qoyduqlarını deyənlər də var və onlar da haqsız deyillər. Belə bir problem var.
 
Avara və yanıq gənclərin öz cinsi ehtiyaclarını ödəmək üçün sosial şəbəkələrdə partnyor (“boşanmış gəlin” və ya “yolayaxın qız” tutmaq məsələsi) axtarışına çıxdıqları da çoxdan bəlli bir məsələdir. Sosial şəbəkə üzvü olan qadınların daxili poçtları tanışlıq təklifləri ilə dolub-daşır, günə 150-200 təklif alanlar olur. Bu, onların profil şəkillərinin cazibədarlığından asılı məsələdir – Adriana Limanın şəklini qoyan qıza, əlbəttə, “dostluq təklifi” və “xanım, çox gözəlsiniz” komplimenti çox gələcək.
 
Ona görə də Trampın sərəncamına bənzər sərəncam bizim ölkəmizdə də verilsə, cəmiyyətin bir hissəsi bundan çox məmnun qalar, amma sosial şəbəkədən sui-istifadə edən bəzi siyasi, dini, hərbi, kriminal qruplar, eləcə də “yanıq gədələr” diviziyası çox narazı qalar. Ola bilər ki, hətta “bizim söz azadlığımız məhdudlaşdırılır” deyə aksiya-filan da keçirərlər.
 
Biz yaşda adamlara gəlincə, sosial şəbəkənin olmadığı vaxtlarda yaşamaq təcrübəmiz olduğuna görə, bizə o qədər fərq eləməz. Hərçənd ayarını, açarını biləndən sonra sosial şəbəkələrin ziyanı yoxdur. Girmirsən, qulağın dinc olur.

Загрузка...
Загрузка...