​Tovuz savaşından sonra ermənilər səngərlərdən qaçır

Baxış sayı: 
99
1  
0  

 
100-dək itki verən Ermənistan rəhbərliyi əhalinin köçürülməsi planını hazırlayır; deputat Arzu Nağıyev: “Yüksəkliklər çox strateji əhəmiyyətli olduğu üçün bu proseslər davam edəcək, savaş bitməyib”
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatçı hücumlarına endirilən cavab zərbəsi nəticəsində qarşı tərəfin itkiləri artmaqda davam edir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan əməliyyatlar zamanı daha 10 hərbi qulluqçunun müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb. Erməni mediasının yazdğına görə, nazirlik sözçüsü yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib. Daha 5 hərbçinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatına cavab olaraq artilleriya qurğuları ilə vurulan cavab zərbəsi nəticəsində Ermənistan ordusunun 100-dək hərbçisinin öldürüldüyünü bəyan edib.
 
Şübhə yoxdur ki, Ermənistan hakimiyyəti xalqın qəzəbindən ehtiyatlandığı üçün itkiləri gizlətməkdə davam edir.
 
İyulun 15-inə keçən gecədən etibarən cəbhənin Tovuz istiqamətində artilleriya atəşi dayandırılıb. Ancaq ümumi gərginlik hökm sürməkdədir. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Ermənistan ordusunun aldığı zərbələr səbəbindən ciddi itki verməsi Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Tavuş vilayətində əlavə hərbi qüvvələrə ehtiyac yaradıb. Artıq vəziyyətlə əlaqədar olaraq vilayətin mərkəzi şəhəri İcevanda (tarixi adı Karvansaray) qərargah yaradılıb. Düzdür, işğalçı ölkənin Müdafiə Nazirliyi bu barədə Ermənistanda hərbçi çatışmazlığı ilə bağlı yayılmış məlumatları təkzib edib. Lakin sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, xüsusilə də orta yaşlı hərbi geyimli şəxslər cəbhə bölgəsini tərk edərək geri qaçırlar və polis onların qarşısını kəsib səngərə qaytarmağa çalışır. Məlumata görə, bunlar muzdlu, müqaviləli döyüşçülər olsa da, Azərbaycan Ordusunun sərrast zərbələri qarşısında davam gətirməyin mümkünsüz olduğunu anladıqları üçün səngəri tərk ediblər.
 
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gecə Azərbaycanla sərhəddə yaşanan hadisələrə görə silahlı qüvvələrin rəhbərliyi ilə toplantı keçirib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, müşavirədə müdafiə naziri David Tonoyan və Silahlı Qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın rəhbərliyi ilə hərbi komandanlıq iştirak edib. Yayılan fotolardan N.Paşinyanın, həmçinin ordu rəhbərliyinin çox gərgin ovqata kökləndikləri, narahat olduqları aydın görünür. Azərbaycanın sarsıdıcı zərbələri qarşısında qalan düşmən ölkənin Fövqəladə Hallar Nazirliyi sərhəd boyunca yaşayan əhalinin təxliyə ediləcəyini elan edib.
 
****
 
Bu arada tərəflərə atəşkəs çağırışları gəlməkdədir. “Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram”.  ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın baş naziri və Avropa və xarici işlər nazirinin bəyanatında belə deyilib. O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabilləşdirmək üçün səy göstərir. ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: “Biz hamımız konfliktin insan tələfatını azaltmaq üçün bacardığımızı etməliyik və mümkün qədər tez bir vaxtda substantiv danışıqları davam etdirməliyik”.
 
NATO da ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistan-Azərbaycan sərhədində bundan sonrakı toqquşmaların qarşısını almağa çağırıb. “NATO erməni-Azərbaycan sərhədindəki, ağır texnikanın istifadə olunduğu və qurbanların verildiyi ərazidəki vəziyyəti narahatlıqla izləyir” - Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay facebook-dakı şəxsi səhifəsində yazıb.
 
Qeyd edək ki, artıq 4-cü gündür ki, əməkdaşlarımız İlkin Muradlı və Məhəmməd Türkmən hərbi eskalasiyasının gərginləşdiyi bölgədə - Tovuz rayonundadır. Erməni artilleriyaçıların atəşə tutduğu kəndlərdən operativ və səhih xəbərlər verən əməkdaşlarımız Tovuz rayonunda, rayon mərkəzində vəziyyətin stabil olduğunu, mülki əhalinin ruh yüksəkliyi içərisində yaşadığını, ordumuzun ön xətdə ayıq-sayıq dayandığını bildirirlər.
 
Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”
 
Politoloq Elxan Şahinoğlu dedi ki, Tovuz istiqamətindəki insidentlər birinci mərhələyə aiddir: “Birinci mərhələdə Azərbaycan Ordusu hədəfləri sərrast şəkildə vurur və heç kim bizim işimizə müdaxilə edə bilmir, heç Rusiya da Ermənistanın dadına çatmır. Bizim ikinci əsas hədəfimiz Dağlıq Qarabağ ətrafında antiterror əməliyyatına başlamaq olmalıdır. Hesab edirəm ki, biz münbit şəraitdən istifadə edib artıq Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi əməliyyatına başlamalıyıq”.
 
****
 
İyulun 14-də ölkəmizin bir çox yerlərində, o cümlədən Bakıda yüz minlərlə insanın yürüş edərək şəhidlərə sayğı nümayişi, həmçinin Ali Baş Komandana xitabən səfərbərlik elan olunması barədə çoxsaylı müraciəti xalqımızın döyüş əzminin yüksək olduğunu göstərir.
 
Artıq üç gündür ki, Ermənistanla sərhəddə baş verən döyüşlər bütün xalqı hərəkətə gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrinə müraciət edən çoxlu sayda gənc hərbi əməliyyatlara qatılmaq arzusunu ifadə edib. Bundan başqa, 43 siyasi partiya ölkə başçısı və Azərbaycan Ordusu ilə həmrəylik sərgiləyən bəyanatla çıxış edib ki, bu da bütün xalqın Ali Baş Komandan ətrafında sıx birləşdiyini göstərir. “Cənab Ali Baş Komandan! Biz Sizin döyüş əmrinizi gözləyirik!” məzmunlu müraciətlərin ardı-arası kəsilmir.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
 
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir”. Bu barədə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. “Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir. Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur”, - məlumatda vurğulanıb.
 
Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyası Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “İnsan itkiləri ilə təxribatın iki ölkə arasındakı dövlət sərhədində, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş ərazilər ilə əlaqəsi olmayan Tovuz rayonunda baş verməsinə xüsusi diqqət yetirilməlidir. Aydındır ki, Ermənistanın bu məsuliyyətsiz cəhdləri Azərbaycan tərəfindən qisas tədbirlərinin görülməsi və müəyyən hərbi alyansın üzvü olan üçüncü ölkələri təhlükəli sərgüzəştlərinə cəlb etmək üçün məqsədli şəkildə hazırlanıb”.
 
Ölkəmizin haqq işinə dəstək gəlməkdə davam edir.
 
Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki döyüşlərdə ordumuza dəstək vermək üçün səfərbər olublar. Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruz məlumat paylaşıb. “50 milyon türk” instaqram səhifəsinə daxil olan müraciətləri paylaşan S.Aruz bildirib ki, Güneydə yaşayan qəhrəman soydaşlarımız Azərbaycan Ordusunun əsgərləri ilə bərabər Qarabağda döyüşmək istəyirlər.
 
****
 
Hazırda cəbhədə sakitlik olsa da, bir çoxları bunun müvəqqəti xarakter daşıdığını bildirirlər. “Yüksək rütbəli zabitlərin və onlarla birlikdə bir neçə əsgərin döyüşün üçüncü günündə ölümü Azərbaycan Ordusu üçün ciddi itkidir, lakin bərpa edilməz itki deyil. İnsan poqonları, özü də zabit poqonları taxdığı zaman əmr olunduğu yerdə yaşayacağını və əmr edildikdə öləcəyini anlayır. Bu, onun işidir və həyat yolu seçimidir. Buna görə də bu vəziyyətdə ümidsizliyə və hirsli sözlərə yer yoxdur, ancaq qürur hissi və xatirə üçün yer var”.
 
Bu sözləri Rusiyanın məşhur tarixçisi, professor Oleq Kuznetsov Axar.az-a Tovuz istiqamətində təxribatın qarşısını alarkən qəhrəmanlıqla şəhid olan yüksək rütbəli zabit və əsgərlərimiz haqda danışarkən deyib.
 
Oxu.az - Aleksey Fenenko: Ermənistan Rusiya diplomatiyasını pis ...
 
Aleksey Fenenko
 
“Azərbaycanla Ermənistan sərhədində yaranmış gərginlik İrəvanın Rusiya ilə əlaqələrinin qırılması istiqamətində davamlı addımlarının təzahürüdür”. Bunu isə beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Aleksey Fenenko deyib. Ekspert deyib ki, Ermənistan və Rusiya arasındakı münasibətlərin pozulmasının detonatoru işə salınıb. “İndi Ermənistan bir daha KTMT-ni onu ”qorumağa" çağırır və bu məsələdə Rusiyaya təzyiq göstərməyə çalışır, Rusiya və KTMT isə o qədər də həvəsli görünmür. Beləliklə, İrəvanın əlində bir kart-blanş yaranır ki, bir müddət sonra “Rusiya Ermənistanı qorumadı, ona heç bir hərbi dəstək göstərmədi” deyərək, NATO ilə əməkdaşlığı davam etdirsin və KTMT-dən uzaqlaşa bilsin. Bu məqsəd Paşinyanı eskalasiyaya gətirib çıxardı". Fenenko deyib ki, Rusiyanın vəziyyətə reaksiyası son dərəcə təmkinli oldu: “O, heç bir tərəfi dəstəkləmədi. ”Rusiya Ermənistanı satdı" fəryadları ənənəvi strategiyadır. Ancaq İrəvanın növbəti addımı, çox güman ki, artıq Rusiya bazasını Ermənistandan çıxarmaq çağırışı olacaq. Artıq belə ifadələr səslənir. Ancaq başa düşmürlər ki, bundan sonra Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaqlar".
 
Ancaq fərqli müşahidələr də var. Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan - Türkiyə sərhədi boyu keşik uçuşları həyata keçirir. Bu barədə Gümrüdəki şahidlər bildirib. Bu addımın səbəbi kimi Türkiyə hökumətinin Azərbaycanı tam dəstəklədikləri və hər an yardım etməyə hazır olduqları barədəki bəyanatları göstərilir. Lakin Rusiya rəsmiləri bunu təkzib edib, adi qrafikə uyğun uçuşlar adlandırıb.
 
Ötən gün Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib. “Report” xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb. Nəzarət uçuşlarına adi PUA-larla yanaşı silahlı PUA-lar da qatılıb. Bu mənada Türkiyənin Azərbaycana açıq dəstəyinin fonunda baş verənləri təsadüf saymayanlar az deyil.
 
İstənilən halda, qardaş Türkiyə Azərbaycanın yanındadır. Ankaranın prinsipial mövqeyinin məntiqi nəticəsidir ki, Rusiya da digər dövlətlər kimi, sadəcə, savaşı dayandırın məzmunlu bəyanat verməklə kifayətləndi. Dünyaya bəllidir ki, Azərbaycanı təxribata çəkən Ermənistandır və Azərbaycanın mövqeyi ədalətə, beynəlxalq hüquqa söykənib. Qarabağ torpaqları azad olunanadək mübarizə davam edəcək.
 
Elçin Mirzəbəyli: Brüssel və Kiyev fiaskosundan sonra Ermənistanın ...
 
Elçin Mirzəbəyli
 
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, indiki halda Rusiya və Türkiyənin proseslərə qatılacağını düşünmür: “Rusiya helikopterlərini havaya qaldırmaqdansa, erməni köpəklərini təxribatlardan çəkindirməli, işğala son qoyulması istiqamətində konkret addımlar atmalıdır. Regionda müharibənin alovlanması, həmçinin Türkiyə ilə qarşıdurma Rusiyanın maraqlarına cavab vermir. Əks təqdirdə, qarşısında hətta KTMT-də təmsil olunan müttəfiqlərini də görə bilər. Rusiya İkinci Dünya müharibəsindən sonra rəqibləri ilə yalnız başqa dövlətlərin ərazisində üz-üzə gəlib. Amma indi geosiyasi vəziyyət də, coğrafi reallıqlar da fərqlidir”.
 
E.Mirzəbəyli bundan sonrakı gedişatla bağlı dedi ki, ermənilərin hərbi təxribatına verilən tutarlı cavab düşmən düşmən tərəfini ciddi itkilərə məruz qoyub: “Bunu etiraf etməsələr də, hərbi əməliyyatların keçirildiyi ərazidən ermənilərin çoxsaylı zabit və müddətli əsgərlərin fərarilik edərək qaçmaları real mənzərə ilə bağlı təəssürat yaradır. Mən prosesin yaxın zamanlarda, xüsusilə də itkilər barədə məlumatlar aşkara çıxdıqdan sonra Ermənistanın daxilində davam edəcəyini düşünürəm”.
 
Tovuzdan olan millət vəkilləri Qənirə Paşayeva və Arzu Nağıyev savaş başlayandan bəricəbhə bölgəsindədir. A.Nağıyev qəzetimizə qısa açıqlama verdi: “Yüksəkliklər çox strateji əhəmiyyətli olduğu üçün bu proseslər davam edəcək... Savaş bitməyib, çünki qisas hissi daha da güclənib”.
 
Allah dövlətimizi və ordumuzu qorusun!
 
Elşad PAŞASOY,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...