Tovuz döyüşlərindən bir ay ötür - Azərbaycanın qazancı...

Baxış sayı: 
109
1  
0  

 
Emin Həsənli: “Ermənistan və onun arxasındakı güclər bir daha gördülər ki...”
Ermənilərin Tovuz rayonu istiqamətində 12-16 iyul tarixlərində törətdikləri hərbi təxribatlardan bir ay ötür. Azərbaycan tərəfi düşmənin xain hücumuna cavab verərkən Ermənistanın yüzə yaxın canlı qüvvəsini, çoxsaylı hərbi texnikasını məhv etdi. Düşmən bu dörd günlük savaşda qınına çəkilməyə məcbur edildi.
 
Azərbaycan tərəfdən bu döyüşlərdə 11 hərbçi şəhid, 1 mülki vətəndaş həlak oldu.
 
Bu təxribatlar törədilərkən Azərbaycan beynəlxalq aləmdə də Ermənistana sarsıdıcı zərbələr vurdu. Bu zərbələrin təsirindən düşmən hələ də özünə gələ bilməyib.
 
Bu döyüşlərdə dünyada yaşayan azərbaycanlılar dövlətimizin və ordumuzun yanında oldular. İyulun 14-də 50 mindən çox vətəndaşımızın Bakı küçələrinə axışması, eləcə də, şəhidlərimizin böyük insan kütlələrinin coşqusu, ehtiramı ilə son mənzilə yola salınmaları azərbaycanlıların torpaq itkisi ilə barışmadıqlarını, tezliklə ərazilərini işğaldan azad edəcəklərinin mesajları idi. Dünyanın bir çox dövlətlərindəki erməni səfirlikləri qarşısında soydaşlarımızın keçirdikləri aksiyaları da bu sıraya daxil etmək olar.
 
Eyni zamanda, Azərbaycan bu döyüşlərdə ən böyük beynəlxalq dəstəyi aldı. Qardaş Türkiyənin hərbi dəstək verəcəyini belə bəyan etməsi, iyulun 29-dan avqustun 12-nə qədər ölkəmizin əksər ərazilərində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi düşmənin yuxusunu ərşə çəkdi.
 
Tovuz döyüşlərində əldə edilən uğurların Azərbaycan üçün əhəmiyyəti böyükdür.
 
 Onlar Milli Şuranın adını dəyişib LGBT qoysalar, daha səmimi ...
 
Tural Abbaslı: “Bu döyüş və onun yaratdığı nəticələr dostlar üçün xoş, düşmənlər üçünsə üzücü oldu”
 
AĞ Partiya başqanı Tural Abbaslı qazanılan qələbə ilə kifayətlənməməyin tərəfdarıdır: “Tovuz istiqamətində Ermənistanın Azərbaycana növbəti təcavüzü bizə öz dövlətimizdə və dövlət siyasətimizdə bir çox nüansları yenidən qiymətləndirmək imkanı verdi. Belə ki, biz həm xarici diplomatiyamızda, həm ordumuzda, həm də diaspor fəaliyyətimizdə və digər sahələrdə hansı üstünlüklərə malik olduğumuzu və ya hansı çatışmazlıqların olduğunu təsbit etmiş olduq. Bu döyüşdən dərhal sonra xarici siyasətimizin başında duran şəxsin dəyişdirilməsi məhz bu dediklərimə sübutdur. Həmçinin, xaricdə yaşayan azərbaycanlıların qısa zamanda mütəşəkkil formada təşkilatlanma bacarığı bizi sevindirdi. Bu döyüşlərdə ən əsası bizim həm siyasilər, həm də xalq olaraq ordumuza olan inamımızın nə qədər əsaslı olduğunun da şahidi olduq. Ordumuz sübut etdi ki, o istənilən anda Ermənistan silahlı qüvvələrini darmadağın edib, ərazi bütövlüyümüzü bərpa edə bilər. Bununla yanaşı, qardaş Türkiyə Cümhuriyyətinin və onun şanlı ordusunun da birmənalı şəkildə Azərbaycanın yanında olduğunun şahidi olduq. Əminəm ki, Ermənistanın təcavüzü Azərbaycan və Türkiyənin hərbi-siyasi baxımdan yaxınlaşmasının sürətlənməsinə də rəvac vermiş oldu. Regionda və dünyada nüfuzu artan Türkiyəmizlə belə yaxınlaşma çox önəmlidir. Bundan başqa həm də Azərbaycan və bütün dünya sadə Azərbaycan vətəndaşlarının öz ordusuna və dövlətçiliyinə necə və hansı izdihamlı aksiyalarla dəstək verdiyinə də şahidlik etdi. Bir neçə günün içində 10 minlərlə Azərbaycan vətəndaşının könüllü kimi orduya yazılmaları da xalqımızın ərazi bütövlüyümüz və Qarabağ məsələsində nə dərəcədə fədakar və əzmli olmasının ən bariz göstəricisi oldu. Ümumiyyətlə, deyə bilərəm ki, bu döyüş və onun yaratdığı nəticələr dostlar üçün xoş, düşmənlər üçünsə üzücü oldu. Ancaq biz AĞ Partiya olaraq bununla qane olmamağın, daha da irəliyə getməyin və bütün çatışmazlıqları aradan qaldırmağın və daha güclü olmaq istiqamətində addımlamağın tərəfdarıyıq”.
 
Emin Həsənli: “Azərbaycan tərəfi 40 dəqiqəyə Ohanyan xəttini ...
 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “Tovuz hadisələrinin siyasi, hərbi, mənəvi baxımından çox böyük əhəmiyyəti var. Ermənistan və onun arxasındakı güclər bir daha gördülər ki, Azərbaycan dövləti ilə hərbi dildə danışmaq olmaz, bu ölkənin güclü ordusu var, hər an qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün güclü silahlı qüvvələrə malikdir. Tovuz döyüşlərində Ermənistan çox böyük itkilər verdi. Yüzə qədər hərbiçi və çoxlu sayda hərbi texnika itirdi. Nəticədə geri çəkilməyə başladı, qarşısına qoyulan heç bir tapşırığı yerinə yetirə bilmədi. Son 5 ayda pandemiyanın dünyanın əsas mövzusuna çevrilməsi tarixdə nadir hadisələrdən biridir. Belə bir hal yoxdur ki, davamlı olaraq beş ayda bir mövzu dünyanın əsas gündəmi olsun. Belə bir vəziyyətdə Azərbaycan xalqı səfərbər olaraq şəhidlərini dəfn etdi, gənclərimiz vətənpərvərlik şüarları ilə küçələrə axışdılar. Bundan əvvəlki bu cür hadisələrdən Tovuz hadisələrinin fərqi o oldu ki, dünya azərbaycanlıları hər yerdə birlik nümayiş etdirdilər, dünyanın aparıcı ölkələrində Ermənistan səfirliklərinin qarşısında etiraz aksiyaları keçirdilər, ordumuza və dövlətimizə dəstək ifadə etdilər. İlk dəfə xaricdə yaşayan azərbaycanlılar oradakı ermənilərlə üz-üzə gəldilər. Azərbaycan gəncliyi bütün müstəvilərdə ermənilərin layiqli cavabını verdi. İlk dəfə iş adamlarımız Rusiyada erməni mallarını satmaqdan imtina etdilər, erməni biznesmenlərinə layiqli cavab verdilər. Diasporumuz və iş adamlarımız ordumuzla həmrəy oldular. Həzi Aslanov, Məhəmməd Əsədov, İsmət Qayıbovdan sonra ilk dəfə Azərbaycan döyüş meydanında generalını-Polad Həşimovu itirdi. Xalqımız generalına böyük ehtiram göstərdi. Generalların əsgərləri ilə birlikdə döyüşməsinin hər kəs şahidi oldu.
 
Eyni zamanda, ilk dəfə qardaş Türkiyədən bu tərzdə dəstək gördük. Azərbaycana hər cür dəstəyin veriləcəyi ifadə edildi. Qardaş ölkənin parlamentindəki dörd partiya birlikdə bəyanat imzalayaraq, ölkəmizin haqq işini dəstəklədilər. Bu da bir ilk idi. Azərbaycanla Türkiyənin birgə keçirdikləri böyük hərbi təlimləri də gördük. Tariximizə iki ölkə arasında ilk dəfə bu şəkildə keçirilən böyük təlimlər kimi düşdü. Cəmiyyətimiz buna çox böyük qiymət verdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, 102 il öncə babalarımızın getdiyi yolu biz də getməyə hazırıq. Nuru Paşaya işarə edirdi. Ermənistan və onun arxasındakı qüvvələrə bununla öz mesajını göndərdi. 2016-cı ilin aprel hadisələri kimi, indiki Tovuz hadisələrində də mediamız, QHT-lər, aparıcı siyasi partiyalar həmrəy oldular. 50-yə yaxın siyasi partiya vahid mövqedən çıxış etdi. Gənclərimiz cənab prezidentin çağırışına qoşularaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdilər. Düzdür, ondan qabaq sosial şəbəkələrdə müraciətlər var idi. Amma bu rəsmi deyildi. Məhz dediyimiz vaxta qədər səfərbərliklə bağlı quruma 150 nəfər müraciət etmişdi. Ali Baş Komandanımız konkret ünvan göstərdikdən sonra bir həftə ərzində 50 min insan müraciət etdi. Hətta qızlar belə müraciətlər etdilər. Gənclərimizin bu vətənpərvərliyi yüksək təqdirə layiqdir.  Ermənistanın bircə nicatı var. O da Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Əks halda Azərbaycan qısa müddətdə hərbi əməliyyatları bərpa edib, torpaqlarını işğaldan azad edəcək. Tovuz hadisələri beynəlxalq aləmdə Ermənistanın siyasətinin iflasa uğradığını bir daha göstərdi. Bu hadisələrdən sonra ordumuzun şəxsi heyətində mənəvi, psixoloji hazırlığı həddindən artıq yüksəlib. Böyük ruh yüksəkliyi yaranıb. Xalqımızın ordusunun arxasında necə dayandığını görürlər”.
 
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...