Toğrul Nərimanbəyovun qızı atası ilə bağlı İNANILMAZ FAKTLAR AÇIQLADI: Onun məzarının... - FOTO

Baxış sayı: 
120
1  
0  

Publika.az-ın müsahibi Azərbaycan rəssamlıq məktəbinin əvəzsiz siması Toğrul Nərimanbəyovun qızı, Əməkdar rəssam Əsmər Nərimanbəyovadır.
 
 
 
- Əsmər xanım, böyük rəssamımız Toğrul Nərimanbəyovun övladısınız. Yəqin ki, bu fakt peşə seçiminizə təsirsiz ötüşməyib.
 
- Bilirsiniz, hər şeydən öncə atam mənim ən yaxın dostum idi. Bundan əlavə, bizi sənətə sevgi birləşdirirdi. Rəsmlərimə böyük diqqətlə yanaşırdı. Yəqin ki, mən çox şanslı insanam, iki sənətkarın ailəsində dünyaya gəlmişəm. Anam Elmira Hüseynova da heykəltəraş idi. Təbii ki, belə bir ailədə doğulmaq rəssam kimi formalaşmağımda böyük rol oynayıb.
 
- Toğrul Nərimanbəyovun həm də güclü tenor səsi vardı. Bildiyimə görə, atanız sizinlə birgə gözəl əsərlər ifa etmək arzusunda da olub.
 
- Atam məni musiqiyə yönəltmək istəyirdi. Hətta onunla birgə ifa etməyimi də arzulayırdı. Eyni anda piano dərsləri də alırdım. Bilirsiniz, incəsənətin iki növü ilə eyni anda məşğul olmaq hər kəsə nəsib olmur. Buna görə mən öz taleyimdən çox razıyam. Çünki bu iki sahə bir-birini tamamlayır. Musiqini rənglərdə, xətlərdə təsvir etmək böyük xoşbəxtlikdir. Mən rəssamlığı seçdim və Tbilisi Rəssamlıq Akademiyasına qəbul olundum. O ki qaldı musiqi fəaliyyətimə, atamın repertuarındakı əsərləri onun qədər peşəkar ifa edə bilməsəm də, hamısını əzbərləməyə çalışmışam. Hətta vokal dərsləri almağa qərar vermişəm. Yəqin bilirsiniz ki, zamanında atamın dəfələrlə Avropada, xüsusən də İtaliyada konsertləri təşkil olunub.
 
- Toğrul Nərimanbəyovla Səttar Bəhlulzadə yaxın dost olublar. Bu parlaq dostluq xatirələrini bölüşə bilərsinizmi?
 
- Bəli, bu dostluğun çox gözəl tarixçəsi var. Atam Səttar bəyin çox yaxın dostu, həmçinin onun yaradıcılığının böyük pərəstişkarı idi. Emalatxanası bizim binamızda yerləşirdi. Biz onunla sözün əsl mənasında qonşu idik. Tez-tez qonağımız olurdu. Hətta bəzən həftələrlə bizdə qalırdı. Buna nəinki ailəmiz, valideynlərimin sənətkar dostları da çox sevinirdilər. Axşamlar hamı bizə gəlib, qonağımızın ətrafında toplaşardı. Adətən məclis səhərə yaxın bitərdi. Yazıçı Anar, Maqsud və Rüstəm İbrahimbəyovlar, Xəyyam Mirzəzadə, Vaqif və Yusif Səmədoğlular, Fikrət Qoca və adlarını sadalamadığım mədəniyyətimizin digər işıqlı simaları ailəmizin doğma insanları idi. Sizə altmışıncı illərin sonu, yetmişinci illərin ortalarından danışıram. Atamla anam Səttar Bəhlulzadənin çox gözəl portretlərini yaratmışdılar. Hətta anamın əsəri hazırda Muzey Dəyərləri arxivində saxlanılır. Mənim ən böyük arzum o heykəli restavrasiya etdirib, yenidən sərgilərə qaytarmaqdır. Mədəniyyət və Turizm Nazırliyinin rəhbərliyi bu arzumu gerçəkləşdirməkdə yardım edəcəyinə söz veriblər. Səttar bəy mənə də olduqca dəyərli, gözəl xatirələr qoyub gedib. O, əsasən qara flamasterlə işləməyi sevirdi. Mənə çoxlu qrafik rəsmlər çəkirdi. Şaxta babadan tutmuş, ərəb əlifbası ilə yazdığı şeirlərədək hamısını əzizləyib saxlamışam.
 
Картинки по запросу Toğrul Nərimanbəyov Səttar Bəhlulzadə
 
- Rəssamın əsərlərini satmağına necə yanaşırsınız?
 
- Məncə incəsənət iki hissəyə bölünür: Zərurətdən doğan və ilhamın məhsulu. Bu iki anlayış bir-biri ilə sıx əlaqədədir. Rəssam yalnız ilhamına güvənib yaşasa, gərək günlərlə, aylarla holsta yaxınlaşmasın. Eyni zamanda, hər gün sifarişlə çalışmaq da yaradıcı ruhu öldürür. Əsl peşəkar daim öz üzərində çalışmalıdır. Məsələn, bir pianoçu ancaq ilhamı gələndə ifa etsə, çətin əsərlərin öhdəsindən gələ bilməyəcək. Rəssamlıq da belədir. Bütün dahi sənətkarlar uşaqlıqdan fasiləsiz incəsənətlə ciddi məşğul olanlardır. Peşəkar olmaq üçün bu vacibdir. Rəssamın ilham pərisi bir anda gələn qığılcımdır. Oturub, aylarla onu gözləməyə gərək yoxdur. Bu sənətə can atanlara həmişə deyirəm ki, hər gün heç olmasa, on, ya iyirmi xətt çəkin, amma mütləq işləyin. Əlinizi, beyninizi bu işə alışdırın ki, çəkdikləriniz ruhunuza hopsun. Rəssamın əsərləri onun daxili aləminin təzahürüdür. Onları yalnız satmaq üçün çəkmək məncə, doğru deyil. Məsələn, Yan Vermeer ixtisasca mühasib olub. Bununla yanaşı, çox gözəl rəsmlər yaradıb. Amma heç vaxt əsərlərini satmayıb. Yalnız ölümündən 200 il sonra əsərləri evinin zirzəmisindən tapılıb. Bu əsərlər öz möhtəşəmliyi ilə bu gün də hər kəsi heyran qoyur. Lakin öz fikrimi insanların beyninə güclə yeritməyə haqqım da yoxdur. Axı bir tərəfdən də bizim çörəyimiz bu işdən çıxır. Ümumiyyətlə, rəssam əsərlərini yaradanda zövq alır. Kimsə bunu maddi baxımdan da dəyərləndirirsə, bu ikiqat zövqdür. Bizi daha çox işləməyə sövq edir.
 
- Bəs əsərlərinizi hədiyyə edirsiniz?
 
- Siz konsertə, yaxud teatra gedəndə bilet almaq üçün pulunuzdan keçirsiniz axı. Rəssamlıq da sənətkarın bacarığının nümayişidir. Onu havayı əldə etmək nə dərəcədə düzgündür?! Mən bunu doğru hesab etmirəm. Rəssamların da üzərinə böyük məsuliyyət düşür. Onlar öz tamaşaçılarının zövqünü sağlam incəsənətlə cilalamağı bacarmalıdırlar. Bunun üçün də özləri kifayət qədər təhsilli olmalıdırlar. Mən özüm hər gün məhsuldar çalışmağa səy göstərirəm. Başqa cür inkişaf etmək mümkün deyil. Təbiətdən zövq alıram. Bu zövqü də əsərlərimə köçürtməyə çalışıram.
 
 
 
- Əsmər xanım, Fransaya gedişiniz necə oldu?
 
- Təsadüfi deyil. Bildiyiniz kimi atamın anası fransız olub. Babamsa Bakının keçmiş qubernatorunun övladı, həmçinin müsavatçı olub. Dövlətin göstərişi ilə Fransanın Tuluz şəhərində energetika ixtisası üzrə təhsil alıb. Burada İrma adlı fransız qızla tanış olub. Parisdə evlənib, bir müddət burada yaşayıblar. Babam daim Bakı ilə əlaqə saxlayırmış. Bir gün vətənində hakimiyyətin dəyişdiyini eşidir. Vəziyyətin get-gedə pisləşməsinə rəğmən, xanımını da götürüb, Azərbaycana dönür. Atam da Bakıda doğulur. 37-ci ildə babamı həbs edib, Sibirə sürgünə göndərirlər. Nənəm İrma əri sürgünə göndəriləndən sonra çox əziyyətlərə qatlaşır. İrma çox bacarıqlı qadın olub. Məndə olan məlumata görə, gözəl dərzilik bacarığı vardmış və zövqlü geyimlər tikərmiş. Bu yolla uşaqlarını böyüdüb. Atamın Alla adlı polşalı dayəsi də olub. 1941-ci ildə İkinci Dünya Müharibəsi başlayanda nənəmi Qazaxıstana sürgünə göndərirlər. Anna atama və onun qardaşına analıq edir. Son günlərinədək nənəm İrmaya Azərbaycana dönmək qadağan edilir. Odur ki, sürgündən sonra Özbəkistanın Səmərqənd şəhərinə köçüb və uzun müddət orada yaşayıb. Nənəm əsl fransız qadını olub. Çox gözəl libaslar tikdiyi üçün varlı müştəriləri çox imiş. Atam da tez-tez anasını ziyarətə gedərmiş.
 
- Bəs babanızın taleyi necə olub?
 
- Babam Fərman bəy Sibirə sürgünə göndəriləndən sonra heç kim ondan xəbər tutmayıb. Nə məktub, nə bir quru xəbər, ümumiyyətlə heç nə... Doğmaları uzun müddət öldüyünü düşünüblər. Amma Stalinin ölümündən sonra əfv fərmanı çıxır. Babam da aministiyaya düşüb, vətəninə dönür. Mingəçevirdə məskunlaşır. Şəhərin Su Elektrik Stansiyasının inşasında yaxından iştirak edir və bir daha Bakıya qayıtmaq istəmir. Görürsünüzmü, hər şey necə gözəl, romantik başlayıb, kədərli sonluqla bitir. Atama kiçik yaşlarından vətən xainin oğlu damğası vurulur və o, Stalin hakimiyyətinin ən çirkin üzünü görür. Bu qaranlıq illərin yeganə təsəllisi atamın dayəsi Anna olub. Anna əvvəllər Fətəli Xan Xoyskinin övladlarının da dayəsi olub. Babamgilin ailəsinə də onu Xoyski özü tövsiyə edib. Atam dayəsini çox sevib, və “Ana” adlı portretində onu dərin məhəbbətlə təsvir edib. Dəfələrlə Avropada baş tutan sərgilərində bu portreti də nümayiş etdirib. Mən də artıq uzun müddətdir Fransada yaşayıram və hər iki ölkənin vətəndaşıyam. Bu çox qürurverici məqamdır. Çünki iki ölkə arasında mədəni körpü rolunu oynamaq möhtəşəm hissdir.
 
- Atanız da yaradıcılığı boyu bu missiyanı layiqincə daşıyıb.
 
- Sizə çox şərəfli bir hadisə danışacam. Bir dəfə atamın Moskvada sərgisi keçirilirmiş. Sərgiyə möhtərəm qonaq kimi Fransanın o vaxtkı mədəniyyət naziri, yazıçı və incəsənət xadimi Andre Malro da dəvət olunur. Atamın “Azərbaycan musiqiçiləri” əsəri qarşısında ayaq saylayıb, müəllif haqda maraqlanır. Təşkilatçilar ona Toğrul Nərimanbəyov haqda geniş məlumat verib, anasının da fransız olduğunu bildirirlər. Malro heyrətə gəlir və təcili Bakıya yola düşür. Bu dövlətimiz tərəfindən çox böyük sevinclə qarşılanır. Sizə 1968-ci ildən danışıram. Mən onda artıq böyük qız idim. Yadımdadır, bir neçə günə atamın emalatxanasını səliqəyə saldılar, mebellə, xalçalarla təmin etdilər. Fransız nazir atamın emalatxanasına gəlib, şəxsən onunla tanış oldu. Sonra isə ünvanına çox gözəl resenziya yazdı. Belə bir ifadə işlətdi ki, Toğrul Nərimanbəyov yaradıcılığı Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayır. Avropanın bir neçə ölkəsində atamın əsərlərindən ibarət kataloqlar çap olunmağa başlandı. Bu bütövlükdə Azərbaycan rəsm sənəti üçün çox böyük nailiyyət idi. İndi fransalı sənət dostlarıma deyəndə ki, Malro Bakıda atamın emalatxanasında olub, insanlar heyrətə düşür, inana bilmirlər. Çünki o həqiqətən fransız mədəniyyətinin əfsanəsi sayılır.
 
- Atanızın Parisdə dəfn edilməsilə bağlı nə deyə bilərsiniz?
 
- Ümumiyyətlə, atamın ölümü məni çox sarsıtdı. Amma tez-tez məzarına gedib, qəlbimdəkiləri bölüşə bilirəm. Bununla təsəlli tapıram. Digər tərəfdənsə, axı o tək mənim atam deyildi, Azərbaycanın övladı, böyük sənətkarı idi. Hər bir ölkənin də mənəvi dəyərləri olan bu insanlar mütləq vətən torpağında dəfn olunmalıdırlar. Lakin taleyimiz bəzən istəklərimizlə üst-üstə düşmür. Bu həmçinin yenidən qayıtmaq istəmədiyim qalmaqallı hadisədir. Ümid edirəm ki, Toğrul Nərimanbəyov nə vaxtsa, Azərbaycan torpağında, doğmalarının yanında dəfn ediləcək.
 
Картинки по запросу Toğrul Nərimanbəyovun məzarı
 
- Əsmər xanım, azərbaycanlı rəssamlarımızın Fransada tanınması üçün siz də əlinizdən gələni əsirgəmirsiniz.
 
- Bilirsiniz Leyla, mənim Fransadakı fəaliyyətim çoxşaxəlidir. Atamın adını daşıyan assosiasiya yaratmışam. Bu assosiasiya müxtəlif sərgilər, mədəni tədbirlər keçirir. Əlimizdən gəldiyi qədər gənc rəssamlara dəstək olmağa çalışırıq. Öz qalereyam var. Bu qalereyadakı əsərlər ildə iki dəfə Parisdə, bir dəfə isə Kann şəhərində nümayiş olunur. “Asmar Art” adını verdiyim qalereyamda azərbaycanlı, gürcü və digər xalqlardan olan rəssamların əsərlərini toplayırıq. Özüm də hazırda Milanda sərgi təklifi almışam. Ancaq mən eqoist insan deyiləm. Digər rəssamların da əməyini dəyərləndirməyə çalışacam. Bugünədək Parisin də məşhur qalereyalarında kifayət qədər çox sərgim təşkil olunub.
 
- Bəs hansı ölkənin mətbəxini daha çox sevirsiniz?
 
- Mən ölkəmi çox sevirəm. Azərbaycan mənim damarımda axan qanımdır. Amma Fransaya da etinasız deyiləm. Bu ölkə də mənimdir axı. Duyğuların sintezi yaradıcı insanın fantaziyasını daha da zənginləşdirir. Hər bir xalqın mətbəxini dadıram, hörmətlə yanaşıram. Amma öz plovumuzun, fisincanımızın yerini heç nə vermir. Doğrudur, Azərbaycandan uzaqda bu təamların həsrətini çox çəkirik, amma fransız mətbəxinin də özünəxas zənginliyi var. Bilirsiniz, vətənimin göyərtiləri üçün çox darıxıram. Hərdən rəfiqəm mənə Bakıdan göyərti gətirir. İnanırsınız, bu hədiyyə mənim üçün 100 qızılgül buketindən daha dəyərlidir (gülür). Mən demirəm ki, Parisdə göyərti yoxdur. Var... Amma o gözəl ətir, dad yoxdur axı.
 
 
 
- Sizcə, insan dəyişə bilərmi?
 
- Biz hər birimiz öz xarakterimizin, taleyimizin hökmdarıyıq. Təbii ki, istəsək, öz üzərimizdə işləsək, dəyişə bilərik.
 
- Parisi bir neçə cümlə ilə təsvir edin.
 
- Parisi Heminqueydən tutmuş, latın amerikalı yazıçılaradək, bütün dünya müdrikləri mədh ediblər. Bu şəhərdə insan özünü həqiqətən xoşbəxt hiss edir. Hər gün eyni küçələri yeni emosiyalarla gəzirsən. Bəzən Parisə ilk dəfə gələnlər deyirlər ki, elə bil bu şəhərdə nə vaxtsa olmuşuq.
 
- Bəs Bakı haqda qısaca nə deyə bilərsiniz?
 
- Baki isə mənim doğma körpəmdir. O daim mənimlədir. Atam, anam bütün yaradıcılıqlarını bu gözəl məmləkətə həsr ediblər. Mən də onların yolunu davam etdirməyə çalışıram. Əzizlərimin, doğmalarımın çoxu Bakıdadırlar.
 
 
 
- Əziz Əsmər xanım, sizinlə ünsiyyətdə olmaq çox gözəldir. Təşəkkür edirəm.
 
- Buyurun, əzizim.
 
Leyla Sarabi

Загрузка...
Загрузка...