​Təməli halallıqla qoyulmuş istiqlalımız…

Baxış sayı: 
92
3  
1  

 
İlin ən gözəl ayında, mayın ən gözəl günündə, istiqlalımızın 102-ci ildönümünü qeyd etdiyimiz saatlarda hələ də yoxdan bir bayraq dikəltmiş, vaxtilə parçalanmış, rus quberniyalarına döndərilmiş mahalları toplayıb dövlət qurmuş istiqlalçı babaların fəaliyyətinə ağız büzənlər, artıq-əskik sözlər yazanlar varsa, demək, hələ o qədər də möhkəm, güclü deyilik.
 
Ömrümüz pambığın ağ və yumşaq, mazutun qara və iyli, dəmirin bərk və paslı olduğunu isbat etməklə keçir, fəqət xarici düşmənlər içimizdən istədikləri qədər odun tapır, öz baltalarına sap eda bilirlər.
 
Burası dəqiqdir: heç bir işğalın nəticəsi bir ilə, beş ilə, yüz ilə ötüşüb keçmir. İşğal izləri əsrlərlə qalır. Biz ərəb işğalının izlərindən də qurtulmamışıq, İran işğalının izlərindən də. Teymurləngin işğalının izləri də bir yerlərdə, şüurumuzun dərinləklərində qalır, rus işğalının izləri isə hələ çox üzdədir.
 
Hələ də soyadlarımızın sonluğu kütləvi şəkildə rus şəkilçisi (ov-yev) daşıyır. 29 ildir dövlət müstəqilliyimizi bərpa etmişik, pasportlarımız, şəxsiyyət vəsiqələrimiz 2-3 dəfə dəyişib, amma biz hələ də “ov”uq. Ovuq əslində. Böyük yırtıcıların iştahla baxdığı, əl çəkmək istəmədiyi şikarıq.
 
 
Biz ov, şikar olmaq bədbəxtliyini bir xeyli dərəcədə boynuna almış camaatıq. İndi də bizdən tələb edən yoxdur ki… Amma övladlarımızı kütləvi şəkildə rus dilində təhsil almağa yönəldirik. Rus dilini, ingiliscəni, fransızcanı öyrənmək başqa şeydir, övladın “ana dili”nin yad dillər olmasına çalışmaq tamam başqa şeydir. Öz ana dilində hıqqana-hıqqana danışan və ya ümumiyyətlə danışa bilməyən adamlardan istiqlal təəssübkeşi, milli dövlət sevgilisi çıxmayacaq. Bu, “iki vuraq iki bərabərdir dörd” aksiomu qədər aydın məsələdir.
 
Yad dillərin, yabançı dövlətlərin təsiri altında olanların bir xeylisinin sosial şəbəkədə yadıqlarına baxın: öz ana dillərinə, öz millətlərinə, öz dövlətlərinə ikrahla yanaşırlar, hər fürsətdə açıq-gizli düşməndən yana olurlar. “Hamı yaxşıdır, biz pisik” – düşüncəsi daşıyırlar.
 
Belə adamlar öz-özlərinə yetişmirlər, onları yetişdirirlər. “5-ci kolon” söhbətləri boşuna deyil. Heç kim olmasa da, biz öz ölkəmizdə o kolonun topdağıtmaz kolonlarını (sütunlarını) görürük.
 
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti — Vikipediya
 
Bu gün 102-ci ildönümünü qeyd etdiyimiz istiqlal isə böyük, əvəzedilməz nemətdir. Onun əsl dəyərini dövləti olmayan xalqlardan soruşmaq lazımdır. Onların sayı 3 mindən çoxdur. Düzdür, onların tam əksəriyyəti kiçik, azsaylı xalqlardır və bir qəsəbəni doldura bilməyəcək qədərdirlər. Amma sayları milyonlarla ölçülən böyük xalqlar da var ki, milli dövlət, istiqlal təşnəsidirlər. Onu əldə etmək üçün yüz illərdir siyasi, hərbi mübarizə aparırlar.
 
Nə yazıq ki, Avropanın göbəyindəki 5 milyonluq katalonlara milli dövlət qurmaq imkanı verməyən superdövlətlər Qafqaz dağlarının dərələrinə sığınmış 3 milyonluq ermənilərin ikinci dövlətinin qurulması üçün 30 ildir səy göstərir, ən azı qanunsuz yaradılmış qondarma “DQR”-in mövcudluğuna göz yumur və onu himayə edirlər.
 
Bu üzdən bizim istiqlal savaşımız, milli dövlətimizi möhkəmləndirmək uğrunda mübarizəmiz bitməyib, davam edir.
 
Biz öz gənc ömürlərini milli dövlət qurmaq üçün fəda edən istiqlalçı babaların irsinə sahib çıxıb, onların işini davam etdirməliyik ki, gələcək nəsillərimiz güclü, firavan, heç bir yadellinin müstəmləkəsi olmayan vətənimizdə xoşbəxt yaşasınlar.
 
Biz öz yolumuzda davam etmək xüsusunda israrlı olsaq, istiqlalçı babalara dil uzadanlar get-gedə azalacaq və yox olacaqlar.
 

Bu gün onlar həyasızcasına deyirlər və bəzilər də kortəbii olaraq inanırlar ki, 102 il əvvəl dövlət qurmuş vətənpərvər ziyalılar dövləti öz şəxsi mənfəətləri, korporativ maraqları üçün qurublar və sonra onu talayıb xaricə qaçıblar.
 
Hansı şəxsi maraqdan söhbət gedə bilər ki, bu dövlətin baş naziri öz varlı bəy atasından dolanmaq üçün borc istəyirmiş. O da bir dəfə baş nazir oğluna yazıb ki, ay oğul, səni neçə illər oxutdum, az maaşlı işdə işlədiyin zaman əl tutdum, amma indi baş nazirsən axı…
 
Həmin baş nazir haramxor adam olsaydı, milyonçuların qaynaşdığı Bakıda bir günün içində özü üçün milyonlar toplayardı. Tağıyev, Nağıyev, Əsədullayev, o biri milyonçular (indiki ölçülərlə milyarderlər) Nəsib bəy Yusifbəyliyə və digərlərinə istədikləri qədər pul verərdilər. Amma onlar halala haram qatmayıblar, heç kəsdən xərac tələb etməyiblər, yalnız xaricdə təhsil alan tələbələr üçün təqaüd xahiş ediblər.
 
Bu, o deməkdir ki, istiqlalımızın təməli dürüst kişilər tərəfindən halallıqla qoyulub. Biz sadəcə o təməlin çat verməməsi üçün çalşmalı və onun üzərində ünü göylər dələn Azərbaycan inşa etməliyik.
 
İstiqlal gününüz mübarək olsun, əziz respublikaçılar!

Загрузка...
Загрузка...