​Tarixi cəzanın gizlinləri... - Siyasi oyun, yoxsa ədalət?

Baxış sayı: 
85
2  
0  

Xəbər verdiyimiz kimi, Rusiya irimiqyaslı idman yarışlarında - olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. Bu barədə məlumat yayan Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi əlavə olaraq, Rusiyanın 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edildiyini açıqlayıb.
Rusiya tərəfi isə belə iddia edir ki, onlara qarşı haqsızlıq olunur və bu, Avropanın, ABŞ-ın qərəzli mövqeyidir. Bəs, görəsən, burada hər hansı təxribat amilindən söhbət gedə bilərmi?
 
Bu barədə "Yeni Sabah”a açıqlama verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sözügedən məsələnin siyasətlə əlaqəli olmadığını və bu iddiaları ancaq Rusiya tərəfinin söylədiyini deyib:
 
"Heç də xüsusi siyasi plan deyil. Son illər sübut olunub ki, rusiyalı idmançıların bir qismi dopinqdən istifadə edirlər. Bununla bağlı faktlar da toplanılıb. Səhv etmirəmsə, son məlumatda 45 nəfərin müxtəlif idman növləri üzrə dopinqdən istifadə etməsi aşkarlanıb. Axırda məcbur qalıb belə qərar veriblər. Burada heç bir siyasi səbəb axtarmaq lazım deyil.
 
Rusiyanın siyasət adamları da deyirlər ki, guya, “Rusiyanı sıxışdırırlar”. Amma niyə sıxışdırsınlar ki? Həqiqətən, bəzən rusiyalı rəsmilər də etiraf edirlər ki, dopinq halları olub. Hətta rusiyalı bir məşqçi Amerikaya qaçıb, bütün faktları da orada ifşa etmişdi. Düşünürəm ki, bunun arxasında hər hansı siyasi səbəb yoxdur, idmanla bağlıdır. Qanunsuz işləri olub, ona görə də belə qərar verilib.
 
Vallah, bunun siyasətlə bağlı olması haqqında ancaq Rusiya danışır. Rusiyanın narazılıq bildirdiyi məqam budur ki, niyə ancaq dopinqdən istifadə edənlər cəzalandırılmayıb, bütün idmançılar cəzalandırılıb? Buna görə siyasi qərar olduğunu güman edirlər. Amma həmin qurumun da bununla bağlı öz arqumentləri var. O arqumentlər əsasında da belə qərar veriblər".
 
“Əlbəttə ki, idmançıların dopinqdən istifadəsi qadağandır. Bəzi dərmanlar var ki, idmançılara onları istifadə etmək qadağandır. Ümumiyyətlə, bir həkim kimi deyə bilərəm ki, dopinq insanda gücü, dözümlülüyü artırır. İdmançının, hər hansı bir şəxsin dopinqdən istifadə edib-etmədiyini ona baxaraq və ya digər formada bilmək mümkün deyil. Kiminsə dopinq qəbul edib-etmədiyini öyrənmək üçün onu ancaq dopinq-tesdən keçirmək lazımdır. Test nəticəsində onun dopinq qəbul edib-etmədiyi müəyyənləşə bilər”, - deyə futbolçularla işləyən tanınmış həkim Akif Taqarov da dopinqlə bağlı saytımıza açıqlamasında bildirmişdi.
 
Xatırladaq ki, WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayı barədə yaydığı hesabatda 45 belə idmançının 4 növü təmsil etdiyini açıqlayıb. Onlardan 41-i ağırlıqqaldıran, 2-si taekvondoçu, hərəyə 1-i güləşçi və kanoçidir. Bundan başqa, WADA Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını Rusiyadan olan 66 idmançının işi ilə bağlı məlumatlandırıb. Daha 2 hal isə biatlonçulara aiddir.
 
Qeyd edək ki, Rusiya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında neytral statusda çıxış edə biləcəklər. Bu barədə RİA “Novosti”yə Rusiya Antidopinq Agentliyinin (RUSADA) direktor müavini Marqarita Paxnotskaya bildirib. Onun sözlərinə görə, Ümumdünya Antidopinq Agentliyinin (WADA) kodeksinin pozulmasına aidiyyəti olmayan idmançı və məşqçilər dünya çempionatlarına və digər beynəlxalq yarışlara da qatıla biləcəklər. Lakin onların Rusiya bayrağı altında yarışmalarına, bu dövlətin himnini səsləndirməsinə icazə verilmir.
 
Naibə Məmmədova
 
 

Загрузка...
Загрузка...