​"Tarixdə ilk dəfə ermənilər bunun qarşısında aciz qaldı"

Baxış sayı: 
165
1  
0  

Düşmənin Tovuz təxribatına cavab olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallıq göstərməsi qürurvericidir. Soydaşlarımız bir yumruq kimi birləşərək haqq-ədalətin təmin olunmasını, insan hüquqlarının müdafiəsini tələb etdilər. Onlar erməni lobbisinin üstün olduğu şəhər və ölkələrdə belə haqq səsimizi ucaltmaqdan çəkinmədilər. Diaspor nümayəndələrimiz mütəşəkkillik nümayiş etdirərək dünya ictimaiyyətinin diqqətini erməni vəhşiliyinə cəlb etdilər. Həmrəylik və birliyimiz Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı. İşğalçı ölkəyə qarşı mübarizə Azərbaycan diasporunun daha da sıx birləşməsinə və təşkilatlanmasına gətirib çıxardı.
 
Axar.az xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
 
Politoloqun sözlərinə görə, Tovuz istiqamətində törədilən hərbi təxribatdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı nazirlər arasında ziddiyyətlər, çəkişmələr daha da gərginləşib:
 
“Paşinyanın münasibətlərinin gərgin olduğu nazirlərdən biri də Ermənistanın müdafiə naziri David Tonoyandır. Paşinyan iclasda Tonoyanı açıq şəkildə təxribatda günahlandırdı. Amma onun müdafiə nazirinə pressinqi sonadək alınmadı. Çünki Tonoyanın arxasında onu xaricdən ciddi şəkildə müdafiə edən və dəstəkləyən qüvvələr dayanır. Paşinyanın hədəfə aldığı ikinci hökumət nümayəndəsi Ermənistan Diaspor İşləri Komitəsinin rəhbəri Zare Sinanyan idi. Baş nazir bu günlərdə diaspor rəhbərinin ortalarda görünməməsindən də bərk qəzəblənib. Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib”.
 
Z.Məmmədov dünya azərbaycanlılarının dinc aksiyalarına qarşı vandalizm nümayiş etdirən diaspor üzvlərinin saxlanılması və məsuliyyətə cəlb edilməsi amilinin Ermənistan rəhbərini lap məyus etdiyini deyib. Bildirib ki, ermənilər Azərbaycanın diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər. Lakin iki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar.
 
Azərbaycanlılar isə milli kimlik şüuru ilə mübarizəyə qalxdılar. Çünki bizim işimiz, mübarizəmiz haqq işidir. Nikol Paşinyanın Ermənistanın Diasporla İş üzrə Komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir.
 
“ABŞ-da, Avropada və Rusiyada dinc aksiya iştirakçılarına təcavüz nümayiş etdirənlər arasında “ASALA” terror təşkilatının üzvləri də olub. Bunu onların geyimlərindən də görmək mümkündür. Məsələn, Los-Ancelesdə və Brüsseldə geyimlərinin üzərində “ASALA” yazılmış insanları gördük. Moskvada kafedə azərbaycanlılara hücum edənlər arasında bu terror təşkilatının nümayəndələri vardı. Ermənistanın növbəti təxribatları onu göstərdi ki, onları artıq dünyada tanıyırlar. Biz də hər zaman bütün cəbhələrdə düşmənin hücumlarına hazır olmalı və cavablarını verməliyik”, - deyə Zaur Məmmədov fikrini tamamlayıb.

Загрузка...
Загрузка...