​Tarakanlar- Elmira Kənan

Baxış sayı: 
262
6  
0  

 
 
Bilmirəm, ölkədəki iqtisadi durumun ya qəfildən yaxşılaşması ya da pisləşməsi ilə bağlıdır, tarakanlar dəhşətli dərəcədə xeyli artıblar.
Ölkədə baş verən beynəlxalq səviyyədə keçirilən idman oyunlarının da təsiri az olmamış deyil.
Bu hadisələrdən sonra xarici tarakanların da sayının artdığı günbəgün müşahidə olunur.
Baxmayaraq ki, ərəb mətbuatında bizim ölkədə xarici tarakanların soyqırımına aid kəskin surətdə bəyanat verilir. 5 minə yaxın tarakanın qırılması...
5 min ailə başsız, 4 arvadlılıq düsturu baxımından 20 min qadın tənha qaldı.
Əcəb faciə imiş.
Xaricilərə baxanda yerli tarakanlar çox təhlükəli olur.
Xarici tarakanlar heç olmasa bir az sivilsayağıdır, gözünü ağardan kimi aradan sivişib qaçır. Onlar da yaydan-yaya gələn müvəqqəti qonaqlardır.
Yerli tarakanların təmizlənməsi ilə bağlı iməciliklər keçirmək barəsində bir dostumuzla söhbət etdiyin zaman qəfildən qayıdıb deyər ki, yerli tarakanlar çoxalsın, xeyir vətənə qalsın.
Hamının Whatsap, İnstagram, Facebook, Tvitter və digər adlarını çəkmədiyim otaqları var.
Bu otaqlar tarakanlarsız əksik olmaz. Ey yiyəsi aylarla evdə olmasa, bu tarakanlar acgözlüklə ora-bura gəzişəcəklər. İstəyirsən bir nüvə silahı alasan, bunların kökünü tamam kəsəsən.
Bu otaqlar həm də onların evi, eşiyi sayılır. Kim özünü harda rahat hiss edirsə, elə səhərdən axşamadək orda oturur. Amma özünə dəyər verən, mütaliə edən və dünyada və ölkəmizdə baş verən hadisələri izləyən insanlardan fərqli olaraq tarakanlar qonşunun, iş yoldaşının, hətta dostunun dostlarının otaqlarına soxulurlar.
Gecə bunların eyiblərini örtür. Gündüzlər isə hamısı qalstuklu kostyumlu, əlində noutbuk, guya məşğul, iş-güc sahibləridir. Hərəsi bir şou tarakan ...
 Bu həşəratların da təsəlli tapacaq yeri bayaq sadaladığımız otaqlardır.
Təsəlli yeri burası,
Aldı könül yarası.
Niyə online deyilsən ?
Gəl gözümün qarası .
Bu otaqlara arada bir baş çəkirəm ki, mən niyə bu tarakanları blok adlanan dərmanla öldürməmişəm. Onları o dünyaya göndərəndən sonra mətbəxdə çayı ləzzətlə içərək hekayəndə paylaşmağın ləzzəti başqadır. Zavallılar!
Gecə dedik axı.
Bu gecə arsız şou tarakanların eyiblərini yaman örtür.
Mənə də deyən lazımdır ki, axı bu tarakanlar sənin otaqlarında nə gəzir. Və dedim özümə.
Özümə bəraət qazandırmaq üçün səbəblər də tapdım. Allahsız olmayım, kompyuter və robot əsri dövründə bu sosial otaqlardan məhrum olmaq elə o dövrün avam və cahil hesab etdiyimiz Novruzəlisi olmaq demək. Hər şey və hər kəs dünyadan xəbər tutmaq üçün bir-biri ilə gündəlik və iş həyatı ilə əlaqədar olaraq münasibət saxlayır.
Sonralar hər şeydən uzaqlaşıb, mənəvi olaraq intihar edib təkliyə qapanırsan, 40-cı otağı seçirsən. Bu otaqda özünü yenidən kəşf edirsən və insanların gerçək simalarını tanıyırsan. 40-cı otağın qapısının döyülməməsinin bilmədim xoşbəxtlik adlandırım yoxsa bədbəxtlik?!
 Əsl fəlsəfə budur ki, maraqlı olan sən deyilsən, otaqlardır. O otaqlar ki, orda sənə xoşbəxtlik arzu edirlər, ad gününü, bayramlarını belə unutmurla, xəstə olarkən sənə orda baş çəkirlə, hətta sevgini də emojilərlə ifadə edirlər. Maşallah o qədər izləyicilərimiz var ki.
Dinclikdir, sənə pislik edən yox, kəsib doğrayan yox. Üstəlik başağrısı yaradan problemlərdən də gen gəzirsən. Hələ bayram günlərində bir yığın mənasız boş çümlələrdən uzaq olursan. Adını da qoyublar təbrik.
Uzun müddətli istirahətdən sonra dedim bu sosial otaqlara bahar kimi təşrif buyurursan. Səni kim itirib, kim axtarıb, kim tapıb.
Zavallı tarakanlar da hələ sağdırlar. Allah verən ömürdü, bilirəm, bu ömrü necə yaşayırlar bir analiz edim. Necə oldu ki, adam dediyim tarakanlar həyatımın bu çirkin səhifəsinə düşdülər. Niyə məhz tarakanlar?
Nitşe kimi onları “bazar milçəkləri“ də adlandıra bilərdim.
Amma bu ev milçəyinin həyat ömrü elə Fevral ayının ömrü qədərdir.
Əvvəl baxdım birinci tarakana. Çox arıqdır, deyəsən otaqlarda vurnuxmaqdan əlinə heç nə keçməyib. Ora-bura vurnuxur. Hələ də mənasız məqsədlər uğrunda qeyri-şüuri mübarizə aparır. Yadıma düşdü ki, bu cüvəllağı vaxtilə tarakan olmamışdan qabaq özünü inteligent adam kimi aparırdı. Şeirdən, sazdan dəm vururdu. Poeziya adamı idi guya. Bir dənə kitabı da çıxıb. Müqəddəs kitab kimi üzərində gəzdirir o kitabı. Hər yerdə onunladır. Atalarının hesabına nəinki qələm tutmağı öyrənirlər, üstəlik “qələm sahibi də“ olurlar. Xarakterlərinin kasıblığından həmişə də dən davası edərlər. Orda-burda onun bunun hesabına dən yeyərlər, su içərlər, sonra da hökuməti söyərlər. Bu dediyimiz ac-yalavac adam da ancaq bir gün səbr edərək özünü gözü, könlü tox kimi aparmağı bacarar. Qarın doysa da, göz doymaz axı. Düşüncələrinə görə qürur, ləyaqət ancaq başdan xarablarda ola bilər.
Və birdən könlündən qayğanaq yemək keçdiyi üçün səni arayar. Bu da qələm dostu.
Yerində donub qalırsan ki, qayğanaq hara, ədəbiyyat hara?
Qayğanaq sevdası həyata keçməyəndən sonra büzüşür və səndən taksi pulu istəyir. Yumurta 30 qəpik, taksi də olsun 10 manat. Ya qayğanaq olmalıydı ya da taksi. Təki məqsədinə çatsın. “Nə yesəniz mən verərəm, dən verərəm, su verərəm” deyərək övladlarını əzizləyə-əzizləyə mənəviyyatlarını belə səfil günə qoydular anaları. O an Viktor Hüqonun “ Səfillər”i yazarkən hansı acı hissləri keçirdiyini anlamağa çalışdım. O səfillərdə qürür vardı, şərəf, ləyaqət vardı.
 O gündən o ”yazı-pozu” adamı gözümdə kiçilib tarakana çevrildi.
 Gözüm ikinci tarakana sataşdı. Bu da özünü qanun şahı xoruz hesab edirmiş. Çox lovğa, təkəbbürlü birisi idi. Hətta danışırdılar ki, bir rəssam onun portretini yaradıb. Bu da o qədər özündən razı imiş ki, rəssama narazılığını bildirib ki, sən məni niyə şaha oxşatmamısan. ŞAH Xoruzun qanunlarına görə xoruz uçur uçmalıdır. Vəssalam şüttamam.
Xoruz sosial otaqlarda ova çıxar. Kim toruna düşərsə düşsün.
Şərab məclislərində tez-tez banlayar. Hərgah ki, banlamağını özündən başqa kimsə eşitmirdi, hərdən kimsə aparırdı xarici kəndlərə ki, arada banlasın, səsi yaxşı gəlsin. ŞAH olmaq iddiasında olan XORUZ küçədə qalmış sahibsiz toyuqların əhatəsində idi. Bədbəxtin aclığı təkcə toyuqlara deyil, cavan qazlara, ördəklərə, hinduşkalara idi.
Gözləri mərcan xoruz da vəzifəsindən könüllü istefa verərək tarakana düşdü.
Budur, bir tarakan da lap qaşqabaqlı durub. Uzun, yöndəmsiz, biyaraşıq. Nə yemək istəyir, nə qaçmaq. Buynuzları kimi iddialı görünür. Tarix müəllimi olan bu zavallının da belə yalançı qəhrəman obraz kimi dayanmasına səbəb elə çökmüş təhsil sistemi idi. Deyirdi “Təhsil çökübsə, mən yalqız gəzib dolanacam da, dağa-daşa dırmanacam da. “Tarixi-Nadir” kitabını məndən başqa kimsə anlaya bilməz.”
Bu müəllimi dinlədikcə görürdün ki, bu adam elmdən yox, tarixdən yox, taxta “sex”indən danışır. Əxlaqi dəyərləri Fatmanisənin fəlsəfəsi hesab edirmiş.
Maraqlıdır, görən evindəkilər Fatmanisə olub yoxsa Nataşa? Yazıq bu şagirdlər... Ucuz dəyərlərə sahib olan müəllimin xəyalında hansı erotik səhnələr qurduğunu anlamaq çətin deyildi. Pompey xülyasında idi.
"Azad Sex" inqilabı etmək istəyən bu tarixçi ac qalan oyunbaz tarakanlardan idi.
Mişel Montenin ləyaqətlə yaşamaq qabiliyyəti haqqında kitabında deyirdi ki, insanın böyüklüyü mühüm işlərdə deyil, gündəlik həyatda özünü biruzə verir.
Müəllim insanlıq adına ən gözəl nümunədir. Böyük insandır.
Onlar isə böyük ola bilmədilər. Kiçilib lap balaca tarakanlara çevrildilər.
Bir qoca tarakan da var. Amma hayı gedib, vayı qalıb. Böyük bir adamın kiçik köməkçisi olsa da, addımlarını iri-iri atır. Arada axsasa da, deyir mənim cavanlardan nəyim əksikdir. Üstəlik də qonşuyam. “Qonşu qohumdan irəlidir” deyərək özünü qoca qartal kimi dağlar qoynunda gəzən kimi göstərmək istəsə də çifayda. Mətbəxin ən çirkin, kaftar tarakanlarından idi.
 Hələ o sapsarı pişiyə bax. Bığcıqları da yoxdur. “Mən hər evə lazımam” düşüncəsi ilə yaşayan xəstə təfəkkürlü bankir idi. Özünü xeyirxah, mərhəmətli göstərmək istəsə də, işi tamam oyun olan ümümxalq pişiyə çevrildi. Hər yerdə görünməyə çalışır. Pişiyin oyunları heç vaxt bitən mövzu deyil. Bunun da səbəbi analardadır. Oğullarını necə tərbiyə edirlərsə, necə böyüdüb ərsəyə çatdırırlarsa, evləndirsələr də, acgöz tarakan seçimini qazanırlar.
 Bu tarakanların yaranma və yaylıma tarixinə bir nəzər salaq.
Bunların bədənləri yastı olduğu üçün divardakı yarıq və çatlaqların arası, taxta aralıqları, qapı və pəncərə çərçivələrinin divarla birləşdiyi yerlərdəki çatlaqların içi, döşəmə taxtalarının arası, su və kanalizasiya borularının arxaları, şkaf altları, tualet altları və bunların divarla bitişmiş olan yerləri, tarakanların asanlıqla girərək gizlənmələrinə əlverişlidir. Bu kimi yerlərdə gündüzlər gizlənən tarakanlar qaranlıq başladıqdan sonra çıxaraq aktiv hala keçir, qida və su tapmaq üçün ətrafa yayılırlar.
Onlarla mübarizənin ən effektiv yolu mənzilin təmiz saxlanılması və milliyyətindən, peşəsindən və statutusundan asılı olmayaraq tarakanların dərhal məhv edilməsidir. Heyif ki, uşaqlar tərəfindən sevilən məşhur ispan mahnısı var.” La Cucaraha”. Altı ayaqdan birini itirmiş tarakan haqqındadır. O axsayaraq gəzsə də, mahnı uşaqlar tərəfindən sevilir. Onlara ruh yüksəkliyi bəxş edir. Demək olar ki, bu mahnını sevməyən uşaq yoxdur. Amma onlar böyüyəndə bizim tarakan kimi olmurlar.
Danmaq olmaz, bizdə də animasiya filmləri var. Hərçənd ki, belə qənaətə gəlirsən ki, balaca uşaqlarımıza biz xoruz, keçi, pişik haqqında şeirlər öyrətməkdənsə, onlara insanlıq haqqında şeirlər, mahnılar öyrətsək, gələcək nəsillərə böyük töhfə verərik. İnsan kimi həyata başlayaraq insan kimi başa vursunlar.
Niyə də yox? İnsan yaradılışının təməlində hansı köklər gizləndiyini də bilmirik. Xülasə, bu səbəbdən texnika əsrinin övladlarına daha ciddi şeirlər, hekayələr öyrətmək lazım.
Yoxsa böyüyəndə tarakan olarlar.
 

Загрузка...
Загрузка...