Tanınmış konfliktoloq: "Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!"

Baxış sayı: 
133
2  
1  

Turaninfo.org Moderator.az-a istinadən Qubadlı rayonunun Əbilcə kəndindən olan konfliktoloq Elxan Mehdiyevlə müsahibəni oxucularına təqdim edir:
 
- Elxan bəy, Prezidentin xalqa müraciətini izləmək imkanınız oldumu?

- Biz indi xaricdə yaşasaq da hər an Azərbaycandayıq. Əlbəttə izlədim. Biz bu dünyaya yenidən doğuluruq. Torpaqlarımızın hamısı əzizdir. Ancaq, səmimi söyləsəm mən bu dünyada iki dəfə ağlamışam. Biri 1992-ci ildə Şuşa işğal olunanda, ikincisi isə bu ay Cəbrayıl alınanda. Cəbrayılın alınması o qədər təsirli oldu ki, artıq Qubadlının alınmasına şübhəm qalmadı.Sanki Qubadlı alındı. İndi bu gün Prezident Qubadlının alınmasını elan etdikdə, onun gözləri elə parladı ki, sanki o gözlər 27 ildir həsrətdə qalan bizlərin gözləri idi. Elə o an gözümdən iki damla yaş düşdü. O anda cənab Prezidentə ancaq bircə söz demək istəyirdim. Gözlərindən Öpürəm!  
Yenə deyirəm, biz yenidən doğulduq. İndi biz öz kəndimizlə,evimizlə, çayımızla, balığımızla, dərələrimiz, bulaqlarımızla, havamızla və torpağımızla yaşayıb öləcəyik. Amma mən düşünürəm ki, mən heç ölməyəcəm. Yeni doğulan uşaq ölmək nədir bilməz. Bu ruh və enerji sahibi olan insanların ölməsi də mümkün deyil.   

- Prezident beynəlxalq güclərin ikiüzlülüyünü ifşa edirdi və çox açıq danışırdı. Siz bu münaqişə həlləri üzrə çalışmısınız və çoxlu beynəlxalq tədbirlərdə olmusunuz. Necə təsir bağışladı? 

- Prezident bu illər ərzində bizə dünyanın gözü qarşısında edilən bu haqsızlıqları və ədalətsizlikləri və bizi dilə tutan,alçaldan və digər tərəfdən düşmənin arxasında duran bütün gedişlərlə və münasibətlərlə özünün necə yanıb yaxıldığını ifadə edirdi. Özlərinin qəbul etdikləri qanun,hüquq və qətnamələri Azərbaycana gəldikdə necə qulaqardına vurduqlarını və sonra də onların mahiyyətini necə dəyişməyə çalışdıqlarını ifadə edirdi. Prezident haqsız təzyiqlərdən danışdı. Əksinə, bu cür təzyiqlər bizim əzmimizi və iradəmizi daha da gücləndirir.Çünki qarşı tərəflərin məqsədlərini daha aydın görə bilirsən. Elə son günlər xarici mətbuatın, o cümlədən, Fox News-n müsahibəsinə baxanda, Prezidentə verilən suallar yuxarıda deyilənlərin məcmusu idi. Ermənilərin tezislərini ifadə edən, bizim haqlarımızı qulaqardına vuran və jurnalist yox, tərəfkeş bir siyasi partiya aktivistinin ittiham xarakterli sualları verilirdi. Biz bu hal ilə eyni şəkildə Türkiyənin YPQ-PKK terror qruplarına qarşı əməliyyatlarında da şahid olduq. 
Bilirsiniz, bu məsələdə cənab Prezidenti ən yaxşı başa düşən bu illər ərzində beynəlxalq məsələlər üzrə çalışan Azərbaycanın siyasiləri, diplomatları, ekspertləri və QHT təmsilçiləridir. Prezidentin dediklərinin hamısı düzdür və mən özüm bütün bu iztirabların içində yanan birisi kimi bütün bunların hamısının şahidi olmuşam və içindən keçmişəm. Yəqin ki, alim-ekspert kimi daha da açıq baxışlarla üzləşmişəm. Mən indi sizə ABŞ təcrübəsindən bir neçə misal çəkim. Baxın, mən həmsədr Kerri Kavano-ya BMT TŞ qətnaməsi deyəndə eqoistcəsinə “onda get, BMT torpağını alib- versin deyirdi”.  Həmsədr Steven Manna işğalçı ilə işğala məruz qalana fərq qoymursunuz deyəndə, deyirdi, “bilirsiniz mən mexanikəm, maşını təmin edirəm. Məni maraqlandırmır kim bu maşını harda əzib və ya necə əzib. Ona görə də məni işğalçı və işğala məruz qalan maraqlandırmır”. Hərbi Tribunal olması lazımdır deyəndə deyirdi, “bu söhbəti yığışdırın,onun şansı sıfırdır”.  ABŞ Dövlət katibinin 1-ci müavini ilə görüşdə Ermənistana torpaqlardan çıxmağa təzyiq edirsinizmi soruşanda, “biz niyə təzyiq etməliyik ki, bu sülh prosesidir”-deyirdi. Həmsədr R. Bradtke hələ 2012-ci ildə deyirdi ki, ” bizim üçün hər hansı bir həllə gəlmək önəm daşımır, bizim üçün əsas məsələ sülh prosesinin davam etməsidir. Biz indi 1992-ci ildəki vəziyyətdən daha yaxşı vəziyyətdəyik”. 1992-ci ildə bizim bütün torpaqlar yerində idi.... Bu nə danışır, deyə düşünürdüm. Dövlət departamentinin insan hüquqları hesabatı  2016-cı ilə qədər “DQ və ətrafının Ermənistan və yerli erməni qüvvələri tərəfindən işğal edildiyini” yazırdı. Sonralar həmsədlərin fikrinə görə “sülh prosesinə xələl gətirməmək üçün” bütün bu erməni və Ermənistan adlarını və işğal sözünü çıxarıb yerinə adı məlum olmayan “separatist qüvvələrin bu ərazilərə nəzarət etdikləri” ifadəsini saldılar.  Pentaqonda, indi Prezidentin sadaladağı bu ağır texnikanın işğal ərazisində yerləşməsi və onların sayı və Vyana Müqaviləsi ilə əlaqəsinə dair bağlı məsələni qaldıranda onların nümayəndəsi “biz sizi də inspeksiya etdiyimiz zaman tankları və ağır siılahları gizlədirsiniz” deyirdi. Faktiki olaraq, qanunsuz birləşmələrə tam legitimlik verməyə çalışırdılar. Vaşinqtonda DQ üçün nümayəndəlik açılmasına izn verirdilər. Vasitəçi olaraq DQ –a birbaşa yardım edən yeganə ölkə də, Azərbaycana 907 düzəlişi qanuna çevirən də “dostumuz”ABŞ idi. 
Bir tərəfdən Karaciç və Mladiçi Hərbi tribunala çəkən Fransa hərbi cinayətkar Kocaryana Prezident Şirak tərəfindən Fransanın ən yüksək medalı təqdim edilirdi.  Rusiya XİN-də  həmkarlarımız erməni işğalçıları ifadəsini işlətdiyi zaman, onun sözçüsü “bizim XİN-i divarları arasında bu cür ifadə işlətməyə icazə vermirik” deyirdi.  Rusiyanın rolu ilə bağlı danışsaq, o zaman səhifələr yetməz. Bircə bilmək istərdim, hardadır bu Kazimirov? Yəqin bütün günü telefondan asılı qalıb Rusiya xarici işlər nazirliyini erməniləri xilas etmək üçün telefon zəngləri ilə bombardman edir. Hara getsə çıxış edirdi ki, Azərbaycan torpaqlarının işğalında Azərbaycanın özü  gunahkardır? Niyə dedikdə, Azərbaycan atəşkəsi pozurdu, ermənilər də gəlib o ərazilərin atəş nöqtələrini təmizləməyə məcbur olurdu deyirdi. Deyirdim ay Kazimirov, o zaman almanların Moskvaya gəlib çıxmasına da Ruslar günahkar idi? Siz də atəşkəsi pozurdunuz,onlar da gəlib cıxmışdılar Moskvanın altına? Kakoe sravnenie-deyirdi. Yaxud kinayə ilə deyirdi: “Xeberin var, 1993-cü ildə Ter- Petrosyan Qubadlıdan çıxmaq istəyirdi, heh, heh, heh”. Yəni, mən qoymadım çıxa....“Agdamda atəşkəs vardı. Amma bir də gördüm Samvel Babayan faks göndərib ki, Azərbaycan ordusu Agdam yaxınlığında qruplaşmaq istəyir və mən yarım saata gedib oranı tutacam.  Dedim mən yarım saata nə edə bilərəm. Belə şeylər də olurdu”. Deyirəm bəs sən başqa cür deyirdin? Onun 1993-1994 illərindəki işi ancaq və ancaq siyasi danışıqlar pərdəsi altında erməni işğalının sakit şəkildə başa çatdırılması idi. Necə ki, o vaxtkı Rusiya XİN-i Kozıryev dediyi kimi: “Bizim sizə edəcəyimiz ən böyük kömək sizə qarşı beynəlxalq koalisiyanın yaranmasına mane olmaqdır”. BMT TŞ qətnamələrinə səs verməyə məcbur olsalar da onun yerinə yetirilməsini apardıqları siyasətlə bu günə gətirib çıxardılar. O hər zaman bu cür qətnamələrin qəbul edilməsinin əleyhinə idi. Bu qətnamələr sadəcə Türkiyə,Pakistan və ABŞ-ın səyləri nəticəsində qəbul edilmişdir.  Bundan sonra biz  bu riyakarlıqları yazmaq və Azərbaycanın bu ikiüzlüyü necə məhv etdiyini dünyaya çatdırmalıyıq. Yazılası çox məsələlər var.

- Qubadlı alınıb, indi siz hansı hissləri keçirirsiniz? 

- Bu, Vətən Müharibəsidir. Vətəni xarabaya çevrilmiş, aşağılanmış millətin  şərəf mübarizəsidir. Bu həyatları məhv edilmiş insanların yenidən həyata qaytarılması mübarizəsidir.  Mən bu 27 ildə dünyaya yuxuda olan adam kimi baxmışam.  Bu 27 ildə heç nəyə sevinmədim. Nə toyda oynadım, nə şənlikdə sevindim.  Oynamağa əllərimin qalxması mümkün deyildi. Əllərim qalxsa həmən yerə yıxılardım. Hər an evimiz kəndimiz gözümün qarşısında ola-ola bu mümkün deyildi.... Həyatımız məhv olmuşdu.  Bərgüşad çayımız, çayımızın balıqları, bağ və bostanlarımız, dağ və dərələrimiz,havamız, suyumuz ,bayramımız  əlimizdən alınmışdı. Bütün dünyanı dolansam da, süni nəfəs alan və gözünün qarşısında hər zaman evi, bostanı görünən süni adamdan fərqlənməmişəm.. Birisi mənimlə söhbət edəndə gözüm, beynim ancaq o ellərdə qalırdı... Hər dəfə Amerikya uçanda hər birinci gecə kəndimizdə, evimizdə yuxudan ayılırdırm.  Ora uçanda sevinirdim ki, heç olmasa bu gecə evimizdə yatacam.  
Bu konfranslar, görüşlər, ermənilərlə üz-üzə davalarda deyilənlər, deyişmələr, alçalmalar, alçatmalar, gücsüzlük və o biri tərəfdən cəzasızlıq, tərəfkeşlik, hiyləgərlik, ürəyə dağ çəkmələr məni yandırıb yaxıb.
   
Ermənilərdən çox onları dəstəkləyən qüvvələrin beşüzlülüyü,saxtakarlığı daha təsirli idi . Nə qədər alçalmışam, nə qədər stresslər almışam, nə qədər aşağılanmışam və sonucda ümidsizliyə qapılıb, demək mən bu dünyaya ölüm günümü gözləməyə gəlmişəm deyib, daha çox Adnan Şensesin “Allahım, bu dünyaya nədən gəldim” mahnısına qulaq asıb aglayaraq günlərimi keçirmişəm. Ümidsizliyə qapılsam da, ümidimi heç vaxt itirməmişəm, çünki bu ümid məni bu günə qədər yaşatmışdır. Bunu məni tanıyanlar bilir. Amma indi mənim dünyamdır. Artıq mən bilirəm özümü necə aparacam və hansı mesajları onlara verəcəm. İndi hər kəslə hesablaşmaq dövrü olacaq. Artıq meydan bizimdir.
 Dörd il öncə Buxarestdə bir konfransda fasilədə iştirakçılardan biri ilə söhbət zamanı torpaqda ev tikməkdən danışırdıq. Mən dedim ki, mən Qubadlıda kəndimizdə ev tikəcəm. Azərbaycanda çoxlarının tanıdığı bir alçaq erməni tez mənə yaxınlaşdı, harda, harda? Dedim Qubadlıda. Erməni kinayəli gülümsəyərək mənə baxdı, “Day Boq, Day Boq” deməklə onu görməyəssən deyirdi. Yaxud başqa erməni “Qubadlıda yetişdirilən tütündən istehsal olunan siqareti çəkirəm” deməklə mənə həmkarımdan mesaj göndərirdi. Bu sadəcə iki misaldır. İndi isə söz bizimdir. 

İndi bütün dostlar, ailə üzvlərimiz arayır, Qubadlıya gedirik. Hazırlaş. Mən o əsgərin, zabitin ayağından öpəcəm . O qəhraman əsgər və zabitlərin.  Məni Qubadlıya aparan o əsgərlərin. Ortada bir qətiyyət var. Prezidentin qətiyyəti, xalqımızın və əsgərmizin qətiyyəti vahid cəbhə yaradıb.  Vahid gücə çevrilib. Bu güc ancaq irəli aparacaq. 28 ildir bu milləti aşağılayan qüvvələrə qarşı dövlətimizin ortaya qoyduğu duruş, müharibədən sonra bu milləti daha da irəli aparacq. Geriyə adddım yoxdur. Stalinqradda sovetlər bir milyon yüz min itki verdi.  Amma vətənlərini xilas etdilər.  Çanaqqalada Türk ordusu 253 min itki verdi. Amma düşməni İstanbula buraxmadı. Tarixi dəyişdi. İndi də bizim əsgərlər özlərini qurban verərək Vətənini  azad edir, tarix yazır. Bu millət, indi bir qürurlu millət kimi dünyada öz sözünü deyir. Bu millət, indi şərəfli tarix yazır.  Qurtuluş Savaşı tarixi. Müstəqillik Savaşı Tarixi.  Azərbaycan qalib gələcək!. Yaşaşın Azərbaycan dövləti! Yaşasın Azərbaycan əsgəri!

Загрузка...
Загрузка...