Taksi sürücüsü 5,5 milyard manatı Azərbaycandan necə çıxarıb… - TƏFƏRRÜAT

Baxış sayı: 
218
0  
0  

 2013-2015-ci illərdə Azərbaycandan adı olub, özü olmayan 9 şirkət vasitəsilə 5 milyard 551 milyon manat pul çıxarılıb.

Söhbət “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A”, “İTEK” MMC, “Elektromaş” MMC və “Aveo” şirkətlərindən gedir. Sənədlərdə bu şirkətlərin rəhbəri kimi adı keçən Rüfət Vəliyev isə əvvəl beton zavodunda işləyən, daha sonra taksi sürməklə pul qazanan biri olub. Maraqlısı budur ki, bu şirkətlər guya Türkiyədən alınan malların pulunun ödənişi adıyla hər gün ölkədən milyonlarla pul çıxardığı halda, onların Vergilər Nazirliyinə göndərdiyi rüblük hesabatlarda fəaliyyət olmadığı göstərilib. Araşdıran da olmayıb ki, “sıfır fəaliyyəti” olan bu şirkətlər bu pulları necə köçürür?

Turaninfo.org bizimyol.info-ya istinadən xəbər verir ki, pullar əsasən “Azəriqazbank” və Beynəlxalq Bankın Nəqliyyat filialı vasitəsilə çıxarılıb. Elə gün olub ki, bu şirkətlərin adıyla xarici ölkələrə 50-60 milyon manat pul köçürülüb. Köçürmələri əsaslandırmaq üçün 2006-2007-ci illərə aid müqavilələr hazırlanıb, bank sənədlərinə əlavə olunub. Banklarda da soruşan olmayıb ki, məsələn, 2006-cı ildə Türkiyənin “Orkide Makine Elektronik ve Konfeksiyon” firmasından elektrik avadanlıqları alınırsa, onun pulu az qala, on il sonra niyə ödənilir? Yaxud da əgər müqavilədə söhbət Türkiyə şirkətindən gedirsə, niyə pullar Dubaya, Estoniyaya köçürülür?

Azərbaycandakı qaydalara əsasən, banklarda 20 mindən artıq əməliyyat (fərqi yoxdur, mədaxil və ya məxaric) aparılarsa, bu haqda mütləq Monitorinq Xidmətinə məlumat verilir. Maraqlıdır ki, kimsənin tanımadığı bu şirkətlərin adıyla hər gün milyonlarla manatlıq əməliyyat həyata keçirilib, pullar köçürülüb, amma köçürməni həyata keçirən bankların rəhbərliyi də, Mərkəzi Bank da buna göz yumub?

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycandan 5.5 milyard pulun necə və kimlər tərəfindən çıxarılmasıyla bağlı araşdırma gedir. Müttəkimlər kürsüsündə isə iki nəfər əyləşib – taksi sürücüsü Rüfət Vəliyev, bir də “Royalbank”ın əməkdaşı olmuş Malik Əliyev. Onların da heç biri özünü təqsirli bilmir.

Rüfət Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə “Sədərək” Ticarət Mərkəzindəki “Qlobal karqo” şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr Meydanında yaşayırmış. Günlərin birində Əli Can ona şəxsi telefonunu verib, onun şirkətlərində işləməyi təklif edib. RüfətVəliyevin dediyinə görə, o, Əli Canın pullarını banklara daşıyırmış: “Məni doqquz ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm”.

Əli Canın kim olduğu bilinmir. Yalnız o məlumdur ki, bu şəxs 2015-ci ildə Azərbaycandan gedib.
Bu cinayət işində diqqət çəkən əsas məqamlar Mərkəzi Bankın və Vergilər Nazirliyinin münasibətidir. Cinayət işinin materiallarından məlum olur ki, vergi əməkdaşları hər rübdə “sıfır fəaliyyət”lə hesabat göndərib, hər gün milyonlarla pul köçürən bu şirkətlərdən şübhələnib. Ona görə də Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin edib. Amma təxminən 10 gün sonra – yoxlama başlayan ərəfədə o qərar ləğv olunub, yoxlama aparılmayıb.

Banklarda 20 mindən yuxarı əməliyyatları nəzarətdə saxlayıb araşdıran Monitorinq Xidməti də bu şirkətlərin əməllərinə göz yumub. Pullar köçürülən vaxt Beynəlxalq Bankın Nəqliyyat filialında baş mühasib işləmiş, hazırda isə “Kapitalbank”da çalışan Afət Yusifova da bu işə görə dindirilib. O, ifadəsində deyib ki, sözegdən şirkətlərin fəaliyyətindən şübhələnmişdi: “”Məndə şübhələr yaranmışdı, ona görə filialın müdiri Kənan Orucova bu barədə demişdim. O bildirdi ki, bank rəhbərliyinin bu barədə məlumatı var. Tapşırılıb ki, bu şirkətlərə heç bir maneə yaradılmasın”.

Yeri gəlmişkən, bu şirkətlərin 5-6 nəfər pulsayanı olub. Onlara “Azəriqazbank”ın Xətai filialının ofisində, ikinci mərtəbədə yer ayrılıb. Hər gün milyonlarla pullar ora gətirilir, ora aylıq 500-600 manata qeyri-rəsmi işlədilən həmin şəxslər də pulları sayır, sonra da birinci mərtəbəyə düşüb, xarici hesablara göndərirlərmiş. Bunu həmin işçilər özləri də məhkəmədə təsdiqləyib.

Filialın müdiri olmuş Oqtay Hacıyev də məhkəmədə dindirilib. O, hansı əsasla bu adamlara ikinci mərtəbədə yer ayrılması barədə suala cavabında “rəhbərliyin göstərişi idi” cavabını verib. Ölkədən 5.5 milyard manatın çıxarılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir.

Загрузка...
Загрузка...