​Sürücülər pərdə və plyonka qadağasının aradan qaldırılmasından danışdı - REPORTAJ

Baxış sayı: 
66
1  
0  

 
Sürücü: “Əlbəttə ki, bu qadağanı götürmələri yaxşıdır”
 
Maşınlarda pərdə və plyonkaların 6 ay istifadə edilib, 6 ay da istifadəsinə qadağa qoyulmasının aradan qaldırılmasına sürücülərin münasibətini öyrənmişik.
 
İllərdir qüvvədə olan qadağanın aradan qaldırılmasına sürücülərin münasibəti fərqlidir. Rəyini öyrəndiyimiz onlarla sürücülərin bəziləri qadağanı “pərdə-plyonka” mafiyası ilə əlaqələndirir, bəziləri isə qanunu bu şəklə salanların real duruma obyektiv qiymət verə bilməməsi ilə izah edirlər.
 
“İçəridən çöl görünürsə, sürücü ətrafını rahat şəkildə görürsə, pərdənin, plyonkanın 6 ay istifadə edilib, 6 ay da qadağan edilməsi doğru deyil. “Qarlı havada olar, günəşli havada olmaz” kimi qadağalar doğru deyil. Bunun təhlükəli tərəfi yoxdur axı. Sürücü sağ və solunu görürsə, yan güzgülər varsa, bu qadağa kimə gərəkdir? Xaricdə belə qadağalar yoxdur” – deyə sorğuladığımız sürücü Həsən Məmmədov deyib.
 
Ölkədə qüvvədə olan absurd qanunlar sırasında ilk yerdə nəqliyyat vasitələrinə arxa və yan şüşələrinə pərdə və plyonka vurulmasını mövsümi olaraq yasaqlayan qanuna digər sürücülərin də baxışı fərqli deyil: “Gün düşür, arxada əyləşən sərnişinlər, arvad-uşaq məcbur günün altında qalır. İlboyu icazə verilməsi məqsədəuyğundur. Arxa və yan şüşələrdə pərdə və plyonkaların olması sürücünün görmə bucağını məhdudlaşdırmır. Buna görə də ilboyu pərdə və plyonkaya icazə verilməsi doğrudur”.
 
Qeyd edək ki, qadağanın mahiyyəti də budur ki, 1 may tarixindən 15 noyabra qədər maşının arxa və yan şüşələrinə plyonka və pərdə vurmaq olar, qalan müddətdə - yəni noyabrın 16-dan aprelin 30-dək bunu etmək olmazdı.
 
Sürücü Elçin Həsənəliyev deyir ki, xarici qonaqların rayonlara daşınması ilə məşğul olur: “Yayın günü, günəş yandırır. Baxırlar ki, maşında “zavadskoy” “ştorka” var, qaldırırlar. Birtəhər izah edirik ki, başına dönüm, cərimə edəcəklər bizi, o pərdəni aşağı elə. Belə deyəndə xaricilər üzümüzə elə baxırlar ki... Eləsi də var ki, qışqır-bağır salır ki, yayın günü maşında günün altında canımız çıxır, “ştorkanı” qaldırır. Allaha yalvarırdıq ki, yol polisi saxlamasın, cərimələməsin. Hələ maşından düşüb gedən turistlər də olurdu pərdə məsələsinə görə. Xaricidir də, ölkəsində icazə verirlər, bizdə isə qadağan idi. Əlbəttə ki, bu qadağanı götürmələri yaxşıdır”.
 
Bir çox ekspertlər bildirirlər ki, maşının idarə edilməsinə mane olmayan - arxa və arxa yan şüşələrə plyonka, pərdə vurmaq günəş şüalarından qorunmaqla yanaşı, həm də insan hüquqları məsələsinə aid olan məsələdir və buna görə də bu məsələdə sərbəstlik olmalıdır. Məsələn, bir çox insanlar ailəsinin, yaxud özünün yollarda hərəkət edərkən kənar şəxslər tərəfindən görünməsini istəmir...
 
Sürücü Həsən Əliyev pərdə və plyonkalara 6 aylıq qadağanın aradan qaldırılmasını təqdir edir: “Ailə ilə kimsə harasa gedirsə, yolda hər cür adama rast gəlir. “Probka”ya düşürsən, bu gün ölkədə xeyli turist var. Maşının içinə elə boylanırlar ki, elə bil heç adam görməyiblər. Bu baxımdan arxada ailə-uşaq üçün plyonka və pərdə olması əlverişlidir”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov noyabrın 15-də pərdə və plyonkalı (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.
 
Bununla bağlı Ramiz Zeynalovun imzaladığı telefonoqram sosial şəbəkələrdə, mediada yayılıb. Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.
 
Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.

Загрузка...
Загрузка...