Suriya əməliyyatının 5-ci günü - Türkiyəyə böyük dəstək

Baxış sayı: 
49
1  
0  

 
500-dən çox terrorçu məhv edilib; politoloq: “Heç kəs Ankaraya qarşı sanksiya tətbiq edən deyil...”
Türkiyənin Suriyada həyata keçirdiyi “Barış bulağı” adlı antiterror əməliyyatından 5 gün ötür. Bu günlər ərzində 500-dən çox terrorçu məhv edilib. Əməliyyat getdikcə sürətlənir və qardaş ölkənin ordusu durmadan irəliləyir.
 
Artıq bundan qorxuya düşən YPG terror qruplaşmasına mənsub olan terrorçular ABŞ-dan aldıqları silah və hərbi maşınları qoyaraq bölgədən qaçmağa başlayıblar. Hərbi texnikaların arasında təqribi qiyməti 250 min ABŞ dolları dəyərində olan zirehli “Humvee” markalı hərbi maşınlar da var. Bu fakt da bir daha terrorçuları maliyyələşdirənlər, silah-sursatla təmin edənlər arasında Amerikanın da olduğunu sübut edib.
 
Türkiyənin Suriyadakı bu uğurlu əməliyyatı Qərb ölkələrini ciddi şəkildə narahat etməyə başlayıb. Artıq bəzi Avropa dövlətləri və beynəlxalq qurumlar rəsmi Ankaradan əməliyyatları dayandırmağı tələb edirlər. Türkiyə isə əməliyyatı sona qədər aparmaqda qətiyyətli görünür. Bütün bunlar da bəzi müzakirələrə yol açıb. Belə davam edərsə, qardaş ölkəyə qarşı yeni cəbhənin açıla biləcəyi ehtimal edilir.
 
Təəssüf doğuran hal odur ki, Ərəb Dövlətləri Liqası da təcili toplantı çağıraraq, Türkiyəni Suriya əməliyyatını dayandırmağa çağırıblar. Sənədə Fələstinin də qol çəkdiyi deyilir.
 
Eyni zamanda, Livan əməliyyata cavab olaraq, liqadan 2012-ci ildən çıxarılan rəsmi Dəməşqi Ərəb Dövlətləri Liqasına geri çağırmağı istəyib.
 
Livanın xarici işlər naziri Cubran Basil Ərəb Dövlətləri Liqasının Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə bağlı keçirdiyi təcili toplantısı zamanı bildirib ki, onlar rəsmi Ankaranın bu əməliyyatına yaxşı cavab verə bilərlər və o cavab rəsmi Dəməşqin yenidən ƏDL-ə qayıtmasını təmin etməkdir.
 
Livan xarici işlər naziri bu addımın atılmasının zamanının çatdığını bildirib.
 
Əməliyyatların uzanacağı halda Türkiyənin sanksiyalarla üzləşmə ehtimallarının artacağı bildirilir.
 
“Türkiyə sanksiyalardan qorxmur”.
 
APA-nın verdiyi xəbərə görə, bu sözləri Türkiyə Xarici İşlər İdarəsinin rəhbəri Mövlud Çavuşoğlu Almaniyanın “Deutsche Welle” televiziyasına açıqlamasında deyib.
 
“Əgər biz sanksiyalardan qorxsaydıq, bu əməliyyatları başlatmazdıq. Bu, bizim milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır”, - deyə Türkiyə XİN rəhbəri bildirib.
 
ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmə mümkünlüyünə toxunan nazir qeyd edib ki, heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil.
 
Politoloq Əhəd Məmmədli mövzu ilə bağlı danışarkən öncə əməliyyatın önəminə toxundu: “Əvvəla, deyim ki, qardaş ölkəyə sözdə təzyiqlər gözlənilirdi. Bu dəfə ola bilsin ki, sözdə ittihamlar daha çox oldu. Çünki bu hərbi əməliyyat daha strateji və miqyaslıdır. O da gözlənilirdi ki, bu təzyiqlər sözdən o yana keçməyəcək. Ağlı başında olan heç kəs PKK-ya görə türk ordusu ilə savaşa girən deyil. BMT-də belə Türkiyəyə qarşı qərar qəbul etmədilər. Xüsusən, BMT-də baş verən çox maraqlı olan son hadisənin üstündə dayanmaq istərdim. Bildiyiniz kimi BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən ikisi ABŞ və Rusiya Fransa, Almaniya, Britaniya, Belçika və Polşanın Türkiyəyə qarşı yönəlik qərar çıxmasına veto qoydular. Bu türk xarici siyasətinin böyük uğuru idi. ABŞ və Rusiya dünyanın ən böyük beynəlxalq strukturunda Türkiyəni dəstəklədilər. Ərdoğan mərhum xəlifə Abdulhamid xan kimi xristian ölkələrinin bir-birləri ilə ziddiyyətləri üstündə gözəl manevrlər etdi. Bunun nəticəsi kimi də Türkiyəni itirmək qorxusundan ABŞ-la Rusiya bir-birindən geri qalmamaq üçün eyni anda Türkiyəyə dəstək verməyə məcbur qaldılar. ”Türkiyə niyə Rusiya ilə yaxınlıq edir" sualına ən gözəl cavab BMT-dəki qardaş ölkənin xeyrinə olan veto oldu. Bu xarici siyasətin klassika janrı idi. Ərdoğan qrossmeyster gedişi etdi və uddu. Bu haqda Qərb mediası da yazdı. Beynəlxalq siyasət nədir bilməyənlər və öyrənmək istəyənlər üçün keçmişdə Abdulhamid xanın, müasir dövrümüzdə isə Ərdoğanın xarici siyasətdə usta gedişatlarını diqqətlə izləsinlər, bəlkə nəyisə öyrəndilər. Suriyada proses onsuz da uzanıb. Səkkiz ildir ki, bu bədbəxt ölkə misli görünməmiş fəlakət yaşayır. Bir yandan vətəndaş müharibəsi, digər tərəfdən İran, Rusiya və ABŞ-ın hərbi intervesiyasına məruz qalıblar. Suriya öz ərazi bütövlüyünə cavab verməkdən aciz qaldığı üçün qonşu Türkiyə təhlükəsizliyini qorumaq naminə zərurətdən irəli gələn hərbi müdaxilələr edir. Özü də bu hərbi müdaxilələri təkcə özünə görə etmir, həm də evlərindən qaçqın, didərgin düşən suriyalılar üçün edir ki, onlar üçün təhlükəsizlik zonası yaradıb yeni həyat qurmaqlarına kömək etsin".
 
Politoloq onu da qeyd etdi ki, Ankara sanksiyalarla üzləşməyəcək: “Barış Pınarı” əməliyyatı qoyulduğu sərhədlər çərçivəsində keçiriləcəyi təqdirdə heç kəs Türkiyəyə qarşı sanksiya tətbiq edən deyil. Lap sərhədlər çərçivəsini keçsə belə həmin dəqiqə sanksiyaların tətbiq olunmasını düşünmürəm. Bilirsiniz, hər bir hərbi əməliyyatda risk, təhlükə var, amma böyük, güclü olmaq istəyirsənsə, bütün risklər etməyi, təhlükələrdən keçməyi bacarmalısan, əks halda böyük ola bilməzsən. İmperiyalar keçmişinə malik olan Türkiyə böyük olmağa məhkumdur, yoxsa onu kiçildib parçalayarlar. ABŞ indiki böyüklüyü, gücünə çatmaq üçün bilirsiniz neçə risklər, təhlükələrdən keçib? Böyüklüyün bədəli budur, risk də edəcəksən, təhlükələrdən də keçəcəksən. Ərəb liqasının Suriya ilə bağlı Türkiyəyə qarşı yönəlik qərarına gəldikdə, bu, gözlənilən idi. Marionet monarxik ərəb rejimləri ABŞ-ın nəzarəti altındadırlar. Vaşinqtondan onlara nə deyiblər, onlar da onu ediblər. Müasir beynəlxalq siyasətdə ərəb küçəsi deyilən bir qeyri-rəsmi ifadə var, bunun əksi olaraq bax həmin o küçədə sıravi xalq tərəfindən Türkiyəyə böyük bir sevgi və dəstək var. Fələstinə gəldikdə isə bu ölkənin xarici işlər naziri rəsmən şayiələri təkzib etdi ki, guya onlar Ərəb liqasında Türkiyəyə qarşı səs veriblər. Fələstin ərazilərinin 70-80% nəzarətdə saxlayan Həmas iqtidarı isə Türkiyənin yanında olduqlarını bəyan etdilər. Əksinə “Barış Pınarı” əməliyyatı başlayan kimi İsrail rəsmən PKK-YPGÜ terror təşkilatının yanında olduqlarını bəyan etdilər. Yəhudilər PKK bayraqları ilə küçələrə tökülüşüb, Türkiyəyə qarşı etiraz mitinqləri keçirirlər. ABŞ silahlarının türk əsgərləri tərəfindən trofey kimi ələ alınması yaxşı mənzərədir. Amerikalılar onlar üçün bu heç də xoş olmayan mənzərəni gördükdən sonra güman edək ki, bir daha PKK-YPG terrorçularına pulsuz silah verməkdən vaz keçərlər. Təbii ki, bu cür mənzərə ABŞ üçün heçdə xoş deyil və bu amerikalıları türkiyəlilər qarşısında daha da pis vəziyyətə qoyur. Siyasət ustası Ərdoğan çalışacaq ki bu durumdan da ölkəsi üçün dividentlərlə çıxsın. Türk dünyası da ərəb dünyasından çox uzağa getməyib. Ərəb dünyasında Qətər, türk dünyasında isə Azərbaycan qardaş Türkiyənin yanında oldular.
 
Ərəb ölkələri Amerikadan, türk ölkələri isə təəssüf ki, Rusiya və Çindən asılı vəziyyətdədirlər. Və bir də türk dövlətlərində türklük, türk milli kimliyi nə yuxarılarda, nə də aşağılarda lazımi səviyyədə deyil. Türk ölkələri üstündə hələ ideoloji işlənməlidir. Bunu isə hələ oradakı nə yuxarılar, nə də aşağılar etmirlər. Gözləyək Türkiyənin daha güclü olmasını, bəlkə o vaxt türk dünyası daxildən daha da inteqrasiya olundu. Türkiyənin xilas edib qurduğu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti belə “Barış Pınarı” əməliyyatının dayandırılmasını istəyirsə, görün türk dünyasında vəziyyət nə gündədir? İslam dünyasına gəldikdə isə, yeganə nüvə derjavası olan müsəlman dövləti Pakistan onsuz da həmişə qardaşı Türkiyənin yanındadır. Müsəlman ölkələrində məscidlərdə türk əsgərinə dualar oxunur. Təbii ki, könül istərdi ki, bütün bunlar rəsmi şəkildə müsəlman hökumətlər səviyyəsində olsun. Bunun hələlik niyə belə olmamasını yuxarıda qeyd etmişəm. Müsəlman coğrafiyası sözdə müstəqil olsa da, reallıqda yenə ABŞ, Britaniya, Fransa, Rusiya, Çinin müstəmləkəsi olaraq qalırlar. Yenə tək ümid, qurtuluş son islam xilafətinin varisi Türkiyədədir. Türkiyə ordusunun “Barış Pınarı” hərbi əməliyyatı da bu ümidə, qurtuluşa gedən yolda atılan növbəti addımdır".
 
Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Загрузка...
Загрузка...