Sumqayıtdakı dələduzluq planı - Radio rabitə vasitəsi və tapançaya bənzər alışqan...

Baxış sayı: 
58
1  
0  

 
Özünü DTX zabiti kimi təqdim edərək dələduzluq edən şəxs məhkəmə önünə çıxarılıb. O, birinci instansiya məhkəməsinin hökmündən narazı qalıb.
 
Musavat.com xəbər verir ki, 1973-cü il təvəllüdlü Elxan Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. O, bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsində hakim qarşısına çıxarılıb.
 
Elxan Mahmudov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4 312-ci (rüşvət verməyə təhrik etmə) maddələrilə ilə ittiham edilərək Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Amma Mahmudov bu cəzadan narazı qalıb. Cəzasının yüngülləşdirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.
 
E.Mahmudov şikayətində deyib ki, bu cəza həddindən artıq ağırdır. Söyləyib ki, ittiham olunduğu üç maddənin üçündə də alternativ cəza- cərimə cəzası nəzərdə tutulub. O, məhkəmədən cəzasının dəyişdirilməsini xahiş edib.
 
Mahmudov nədə ittiham edilir?
Dələduzluq hadisəsi Sumqayıtda baş verib. Mahmudov özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) zabiti kimi təqdim edərək polis mayoruna qarşı dələduzluq edib.
 
Belə ki polis mayoru öz oğlunu və qardaşının oğlunu Mahmudov vasitəsi ilə DTX-ya işə düzəldəcəkmiş.
 
İşin ilginc tərəfi budur ki, orta təhsilli, heç bir yerdə işləməyən Mahmudov tora saldığı şəxsi inandırmaq üçün müxtəlif üsullardan istifadə edib.
 
 
Cinayət işinin materiallarında yazılıb ki, o, tanışı olan polis sahə müvəkkilinin öz oğlunu və bacısı oğlunu DTX-ya işə düzəltmək istədiyini eşidib. Polisi DTX əməkdaşı olduğuna inandırmaqdan ötrü onun yanında “Kenwood” markalı xüsusi radio rabitə vasitəsini, tapançaya bənzər alışqanı bir neçə dəfə göstərib. Deyib ki, silah və rabitə vasitəsi ona işlədiyi DTX-dan verilib.
 
Cinayət işi materiallarda o da qeyd olunub ki, istintaq onun bu əşyaları hardan, necə əldə etdiyini tapa bilməyib. Amma aydın məsələdir ki, bu əşyaları əldə etmək çox asandır.
 
E.Mahmudov polisə deyib ki, oğlu və bacısı oğlunun DTX-ya işə düzəlməsi üçün 14000 manat pul istəyirlər.
 
İlk razılıq belə olub ki, pulun yarısı dərhal, qalanı da iş düzələndən sonra verilməlidir.
 
Razılığa əsasən onlar birlikdə “Bank Respublika”nın "Sumqayıt" filialına gediblər.
 
Polis əməkdaşı ailə üzvlərinin qızıllarını banka girov qoyub, 7500 manat kredit götürüblər. Bunun da 7000 manatını E.Mahmudova verib.
 
Amma Mahmudov vədinə əməl etməyib. Üstündən bir xeyli vaxt keçib, iş düzəlməyib.
 
Apellyasiya məhkəməsində çıxış edən Mahmudov cəzasının yüngülləşdirilməsini istəyib. O azyaşlı övladının olmasını, peşmançılığının, yaşayış yerindən müsbət xarakterizə olunmasının nəzərə alınaraq cəzasının azaldılmasını istəyib.
 
Amma məhkəmə belə qənaətə gəlib ki, Mahmudova təyin edilən cəza ədalətlidir. Qərarda yazılır ki, yüngülləşdirici hallar nəzərə alınıb, ona nisbətən yüngül cəza verilib. Ona görə də hökm dəyişdirilməyib.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...