​"SÜLH BULAĞI" ƏMƏLİYYATI DAVAM ETDİRİLƏCƏK?

Baxış sayı: 
54
1  
0  

Zərdüşt Əlizadə: “ Türkiyə hərbi əməliyyatı davam etdirməyəcək”
 
Məhəmməd Əsədullazadə: “Ankara hərbi əməliyyatlara başlasa, YPG dərhal ərazini tərk edəcək”
 
Məlum olduğu kimi, Türkiyə həm ABŞ, həm də Rusiya ilə Suriyanın şimal-şərqindən PKK/YPG-nin geri çəkilməsi ilə bağlı razılaşma imzalasa da, terrorçular tam şəkildə geri çəkilmədilər.
 
Bu barədə 2 gün öncə Türkiyənin Müdafiə naziri Hülusi Akar da CNN-ə açıqlamasında qeyd edib: “Biz Suriyaya girərkən əsla istila, basqın etmirik. Sadəcə, hərəkatı həyata keçiririk. ABŞ və Rusiya ilə razılıq əldə etmişdik və onlar YPG-ni həm hərəkat bölgəsindən, həm də şərq və qərbdən çıxarmağı qəbul etmişdilər. Amma təəssüf ki, YPG-li terrorçular tərəfindən edilən bir çox günah var. Bu səbəbdən biz onlara qarşı çıxırıq. Eyni zamanda ABŞ və Rusiya ilə koordinasiyalı şəkildə bölgənin terrorçulardan təmizlənməsini istəyirik. YPG/PKK terror təşkilatı ABŞ və Rusiya ilə bağlanan sazişləri pozaraq bölgədən çəkilmədi”.
 
Qeyd edək ki, Türkiyə-ABŞ razılaşmasından sonra ABŞ Prezidenti Donald Tramp Suriyada olan neft sahələrinə nəzarəti təmin etmək üçün ən azı 800 Amerika əsgərinin qalacağına dair planı təsdiqlədi. ABŞ bu ərazidə öz kontingentinin olmasını İŞİD terror qruplaşmasının yaraqlılarından neft yataqlarının qorunmasının vacibliyi ilə izah etməsinə baxmayaraq, əslində, Amerikanın hədəfi Suriya neftini ələ keçirməkdir.
 
Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın İŞİD terrorçularını məğlub etdikdən sonra Suriyadan neft çıxarıb ixrac etdiyini sübuta yetirən kosmik kəşfiyyat şəkillərini yayması da bunu sübut edir. Hətta Rusiya Müdafiə Nazirliyi ABŞ hərbçilərinin himayəsi altında Suriyanın şərqindəki neft yataqlarından yanacaq daşıyan maşınların digər dövlətlərə qaçaq yollarla gətirildiyini bəyan edib.
 
“Belə karvanlara hər hansı hücum olarsa, dərhal onu qorumaq üçün xüsusi əməliyyat qüvvələri və ABŞ hərbi aviasiyası cəlb olunur”, - deyə məlumatda bildirilib.
 
Məlumatda həmçinin neftin istehsalının Qərbin aparıcı şirkətləri tərəfindən verilmiş avadanlıqlardan istifadə edilməklə, həyata keçirildiyi vurğulanıb.
 
Rusiya Müdafiə Nazirliyinin bəyanatında o da qeyd olunur ki, ABŞ qoşunlarının karbohidrogen yataqlarını Suriyanın özündən qoruması üçün heç bir qanuni əsas yoxdur.
 
Suriya parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədr müavini Əmmar əl-Əsəd isə ABŞ-ın planlarına cavab olaraq Suriyanın öz ərazisindəki bütün neft yataqlarını ölkə hökumətinin nəzarətinə qaytarmaq niyyətində olduğunu söyləyib.
 
Əslində, böyük güclərin Suriyada bölüşə bilmədiyi şeyin neft olduğu aydın olur. O baxımdan, Suriya probleminin çözülməsi də çətin görünür.
 
Suriya neftini ələ keçirməyə çalışan ABŞ-ın isə bölgədə PKK/YPG/PYD terror təşkilatlarına dəstəyi hər zaman aşkar görünür. Bir neçə gün öncə, ABŞ prezidenti Donald Trampın YGP lideri Mazlum Kobanini ABŞ dəvət etməsi də ABŞ-Türkiyə münasibətələrinə kölgə salır. Buna baxmayaraq, Türkiyə prezidenti Ərdoğanın noyabrın 13-də Vaşinqtona səfəri dəqiqləşib.  Ərdoğanın səfərinin dəqiqləşməsi isə ABŞ-da yeni bir Türkiyə qarşıdurması yaradıb. Məlumata görə, Konqresin bəzi senatorları Türkiyəyə qarşı sanksiya layihəsinin Ərdoğan Vaşiqntonda ikən mütləq gündəmə gətirilməsini istəyib.
 
Göründüyü kimi, ABŞ ictimai-siyasi rəyində Türkiyəyə qarşı münasibət o qədər də müsbət deyil. Maraqlıdır ki, Ərdoğanın ABŞ-a səfərindən gözləntilər nədir? Görəsən, bu səfərdən sonra Türkiyə Suriyada  “Sülh bulağı” əməliyyatını davam etdirəcəkmi?
 
“Türkiyə siyasi cəhətdən istəyinə çatıb”
 
Картинки по запросу Zərdüşt Əlizadə
 
“Hürriyyət”in sualını cavablandıran politoloq Zərdüşt Əlizadə dedi ki, Türkiyə hərbi əməliyyatı davam etdirməyəcək: “Razılaşacaqlar, hansısa bir həll yolunu tapacaqlar. Çünki artıq Türkiyə siyasi cəhətdən istəyinə çatıb, YPG-nin bölgədən çıxması həll kimi ortadadır. O həllin icrası məsələsində də hansısa siyasi işlər görülməlidir”.
 
“Ərdoğanın bu səfərindən heç nə gözləmirəm. İkisi də NATO-da ciddi müttəfiqdir, danışırlar, məsələləri müzakirə edirlər, mövqelərini uzlaşdırırlar. Adi diplomatik təcrübədir”, -deyə politoloq əlavə etdi.
 
“İndi Türkiyə öz milli mənafeyini qorumaq sahəsində heç kəsdən izin almır”
 
Konqresdə bəzi senatorlarnı Türkiyəyə qarşı sanksiya layihəsinin Ərdoğan Vaşiqntonda ikən gündəmə gətirilməsininə gəlincə, Zərdüşt Əlizadə bu haqda qeyd etdi: “Konqresdə çox şey danışılır. Amerika prezidentinin administrasiyasının fərqli siyasəti, Konqresin fərqli siyasəti var. Konqresdə xal, şöhrət naminə kim nə istəyir danışır, danışsın, Amerika-Türkiyə münasibətləri müəyyən bir istiqamətdə gedir və mən düşünürəm ki, Türkiyəyə qarşı hansısa ciddi təzyiq tədbirləri görülməyəcək. İndi Türkiyə öz milli mənafeyini qorumaq sahəsində heç kəsdən izin almır”.
 
Z. Əlizadə onu da vurğuladı ki, Türkiyə heç bir təxribata uymayacaq: “Amerikanın isə Yaxın Şərqdən getməmək qətiyyəti heç kəsdə şübhə doğurmur. Yəni Amerika Yaxın Şərqdə qalacaq. Bu, onların iqtisadi-siyasi mənafelərinin kəsişdiyi bölgədir və oradan getmək fikri də yoxdur”.
 
“Türkiyə istədiyini eləyir, onun gücü, qətiyyəti, imkanı var”
 
“Bəs, Amerika Türkiyəyə imkan verəcəkmi ki, Suriya ilə sərhəddində öz istədiyinə nail olsun” sualına isə Z. Əlizadə belə cavab verdi: “Türkiyə məgər Amerikadan, Rusiyadan icazə alırdı? Türkiyə istədiyini eləyir, onun gücü, qətiyyəti imkanı var, eləyir. Mane olanı da çalışır, mane olmasın”.
 
“Əgər siyasi qərar qəbul olunubsa, bunu addım-addım həyata keçirib, nail olacaqlar”
 
“Amma bütün hallarda YPG Türkiyə ilə sərhəddən çəkilməyib” dedikdə isə Z. Əlizadə belə söylədi: “Cəkiləcək də. Buna vaxt lazımdır ki, qəbul edilmiş şərti qərar yerinə yetirilsin. Bu, “birbaşa otaqdan çıxırıq” deyil, axı. Orada YPG-nin tərəfdarları, əhali, YPG-nin bazaları var. Bunlar bir aya başa gələn şey deyil. Bunun üçün proses lazımdır. Əgər siyasi qərar qəbul olunubsa, bunu addım-addım həyata keçirib, nail olacaqlar ki, YPG geri çəkilsin”.
 
“Terrorçuların bir qisminin ərazini tərk etməməsi Ankaranı hərəkətə gətirə bilər”
 
Картинки по запросу Məhəmməd Əsədullazadə
 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Türkiyənin şimali Suriyada başladığı “Barış Pınarı” hərbi əməliyyatı regionda yeni situasiya yaratdı: “İlk növbədə, Türkiyənin müstəqil oyunçu olduğunu,  ABŞ və Rusiyanın bununla rəsmi şəkildə müqavilə imzalayaraq tərəfdaşlıq etməsinə gətirib çıxardı. ABŞ və Rusiya ilə bağlanılan müqaviləyə əsasən 30 km içərilərə qədər bufer zonadan YPG çəkilməli və burada Suriya qaçqınları yerləşdirilməlidir.  Artıq vaxt bitir,  amma terrorçuların bir qisminin ərazini tərk etməməsi Ankaranı hərəkətə gətirə bilər. Bunun da məsuliyyəti Moskva və Vaşinqtonun üzrinə düşəcək. Göründüyü kimi, YPG tam tərkibdə anlaşmanın olduğu ərazini tərk etmək istəmir. Ankara hərbi əməliyyatlara başlasa, YPG dərhal ərazini tərk edəcək.
 
“Tramp- Ərdoğan görüşü müsbət  məcrada davam edəcək”
 
M. Əsədullazadənin fikrincə, Türkiyə prezidenti R.T.Ərdoğanın ABŞ səfəri reallaşsa, YPG məsələsi müzakirə ediləcək: “Trampın Ərdoğanla anlaşması Konqresin Nümayəndələr Palatasını  və digər qurumların Trampa qarşı təzyiqlərinə yol açır, onlar Türkiyəyə qarşı sanksiyaların tətbiqinə çağırır. Ərdoğana qarşı Ağ Evdə sanksiyalar tətbiqi heç vaxt çatdırılması mümkün deyil. Ərdoğan ona görə Vaşinqtona getmir ki, sanksiyalar tətbiq edilib, ölkəsinə qayıtsın, o, öz ölkəsinin maraqlarını diktə etməyə gedir. Ağ Ev çalışır ki,  Ərdoğanla münasibətləri qaydaya salsın. 13 noyabrda səfər  reallaşsa, Tramp- Ərdoğan görüşü müsbət  məcrada davam edəcək. Amma iki ölkə arasında diametral fikir ayrılığı var. Ərdoğan çalışacaq ki, istəyinə nail olsun. Trampla danışıqlarda buna nail olur. Amma ABŞ -da Konqres və Pentaqonun mərkəzi komandanlığı Trampa təsir edir”.
 
“ABŞ -ın Suriyada əsgəri Türkiyə əleyhinə xidmət edəcək”
 
Politoloq onu da vurğuladı ki, ABŞ şərqi Suriyada neft yataqlarının qorunması bəhanəsi ilə burada hərbi baza yaradır: “Məqsəd YPG-ni inkişaf etdirmək, kürd muxtariyyətini qurmaq və öz geosiyasi maraqlarını təmin etməkdir. Təbii ki, belə olan təqdirdə Ankara Vaşinqton əlaqələrində mənfi tendensiyalar müşahidə olunacaq. İlk növbədə, biz artıq ABŞ-Türkiyə müttəfiqliyinin yaxın perspektivdə tam sona çatmasını görəcəyik. Burada təxribat deyil, Vaşinqton ciddi şəkildə bu ərazilərdə hərbi baza quraraq, qalıcı mövqe ortaya qoyur. Buradan da YPG-yə lojistik dəstək  göstərəcək. ABŞ -ın burada əsgəri gücü sülhə deyil, deastiblizasiyaya və Türkiyə əleyhinə xidmət edəcək”.
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...