“Strasburq siyasi məhbusların hamısının azad edilməsini istəyir” – Rəsul Cəfərov

Baxış sayı: 
92
0  
0  

Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞPA-nın monitorinq və hüquqi məsələlər və insan hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Tədbirin təşkilatçıları bu ilin mart ayında onlarla siyasi məhbusun azadlığa çıxmasına səbəb olan əvf fərmanından sonra siyasi məhbus probleminin hələ də tam həllini tapmadığını vurğulayıb, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı təxminən 70 nəfərin hələ də həbsdə olduğunu bildirib. Strasburqda dinləmələrdə iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinin Amerika icmalı proqramında müzakirələrin gedişi və Avropa deputatlarının Azərbaycana çağırışlarından danışıb.
 
Rəsul Cəfərovun bildirdiyinə görə, Avropa Şurasının digər strukturlarının nümayəndələrinin də iştirakı ilə keçən dinləmələrdə səslənən əsas fikir ondan ibarət idi ki, Azərbaycanda on illərdir formalaşmış siyasi məhbus problemi hələ də qalır, son əfv fərmanı ilə siyasi məhbusların bir hissəsi azad edilsə də, digərləri həbsdə qalır, eyni zamanda, azad edilmiş şəxslərə qarşı təzyiqlər davam etdirilir.
“52 nəfərin azadlığa buraxılması müəyyən pozitiv ehtimallar yaratdığından biz çox istəyirik, çağırışlarımız onun üzərində qurulmuşdu ki, bu proses 52 nəfərlə dayanmasın. Ən azından daha 72 siyasi məhbus da azadlığa buraxılsın və eyni zamanda, azadlığa buraxılmış şəxslərə qarşı təzyiq praktikasına son qoyulsun və ümumilikdə siyasi təqibetmə praktikasına son qoyulması üçün zəruri olan addımların da atılmasına çağırdıq ki, bu, məhkəmə-hüquq islahatıdır, hüquq-mühafizə orqanlarına islahatdır və ən əsası, əsaslarından biri də seçki sahəsində azad və ədalətli seçkinin keçirilməsidir."
Monitorinq komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak dinləmələr zamanı Azərbaycan rəsmilərinin ölkədə siyasi məhbus probleminin olmaması barədə iddialarını qəbul etmədiyini deyib və Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. Rəsul Cəfərov bildirib ki, Stefan Şennak təkcə öz mövqeyi deyil, beynəlxalq ictimaiyyətin mövqeyini əks etdirib.
“Cənab Şennakın çağırışının əsasında bu idi ki, heç vaxt ola bilməz ki, bu qədər yerli və beynəlxalq təşkilat, rəsmilər, beynəlxalq təşkilatlar, parlamentarilər, ayrı-ayrı ölkələrin xarici işlər nazirlikləri, dövlət başçıları, prezidentləri, baş nazirləri Azərbaycanda bu problemi olmayan bir yerdə qeyd etsinlər. Bu, mümkün deyil. Bu elə bir məsələdir ki, artıq nə ölkə içində, nə də ölkə xaricində məncə, buna çox ciddi müxalif mövqedə olan, buna bir etiraz edən, narazı qalan və bu istiqamətdə ciddi addım atan məsələ yoxdur. Hamıya artıq aydındır ki, Azərbaycanda siyasi məhbuslar olub, indi də var və bu məsələni həll etmək lazımdır.”
Rəsul Cəfərovun sözlərinə görə, Avropa rəsmiləri Azərbaycan prezidentinin əfv fərmanını müsbət addım kimi qarşılasa da, hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi digər şəxslərin də ən tez zamanda azad edilməsinə çağırır.

muxalifet.az

Загрузка...
Загрузка...