Stalinin “Azərbaycan gözəli” dediyi möhtəşəm qadın – Video

Baxış sayı: 
154
1  
0  

Bu gün Azərbaycanın görkəmli aktrisası, xalq artisti Leyla Bədirbəylinin doğum günüdür.
 
Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti kimi çalışan Leyla Bədirbəyli 1942-1975-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.
 
O, hələ gənc yaşlarında Üzeyir Hacıbəyov kimi korifey sənətkarın diqqətini çəkir. Dahi bəstəkar Leyla xanımı ilk dəfə filarmoniyada görür. Qızın zahiri gözəlliyi, plastikliyi diqqətini çəkir.
 
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyət günlərinin nümayəndə heyətinə Üzeyir Hacıbəyli rəhbərlik edirdi. O, Leyla Bədirbəylini də bu səfərə dəvət etmişdi. Azərbaycan nümayəndə heyətinin Moskvadakı çıxışları çox böyük uğurla qarşılanır. Konsertlərin birində Stalin də iştirak edir. O, Leyla Bədirbəylini görəndə heyrətə gəlir və kim olduğunu soruşur. Azərbaycanın cavan bir rəqqasəsi olduğunu və filarmoniyada çalışdığını öyrəndikdən sonra heyranlığını dilə gətirir: "Tı krasavitsa Azerbaydjana”.
 
Leyla Bədirbəyli Azərbaycan kino tarixində yaddaqalan, unudulmaz obrazlar yaradıb. Onun oynadığı obrazlar müxtəlifliyi, gözəlliyi ilə diqqət cəlb edir.
 
O, “Arşın mal alan” filmində canlandırdığı Gülçöhrə rolundan sonra daha da şöhrət qazanır.
 
Gözəlliyi və xüsusi istedadı ilə hər kəsi heyran qoyan aktrisamız "Fətəli xan" (Tuti Bikə), "Koroğlu" (Nigar), "Dəli kür" (Zərnigar), "Dərviş Parisi partladır" (Şəhrəbanu), "Görüş" (Bilqeyis) kimi filmlərdə fərqli obrazlar yaradıb.
 
Leyla xanım istedadı ilə yanaşı, gözəlliyi ilə də hər kəsi heyran qoyub. 1944-cü il Tiflisdə keçirilən konsertdə mədəniyyət işçilərimiz böyük sevgi və maraqla qarşılanır. Üzeyir bəy Qafqaz gözəli sayılan Leylanı və Sara Qədimovanı yanına çağırtdırıb "qızlar, elə əyləşin ki, gözümün qabağında olasınız. Bura Gürcüstandır, gürcü oğlanları da yaman coşub, birdən sizi qaçırarlar", - deyib gülümsəyir.
 
“Azərbaycan gözəli” adlanan sənətkar çox ağır və məşəqqətli həyat sürüb. Onun ailə həyatı səhnə həyatı kimi uğurlu olmayıb. 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə quran aktrisanın bu evlilikdən iki övladı - Cavanşir və Mehin dünyaya gəlir. Lakin Leyla xanımın evliliyi uzun çəkmir və bir neçə ildən sonra boşanır. Leyla xanım növbəti dəfə 1942-ci ildə Kamil Aslanovla evlənir. Sənətkarın bu ailə həyatı da çox davam etmir: Kamil Aslanov yol qəzasında həlak olur. Bir müddət sonra isə aktrisanın böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu ardıcıl itkilər aktrisa üçün ağır zərbə olur.
 
Ömrünün son illərini mənəvi sarsıntı içində keçirən Leyla xanım Bədirbəyli 1999-cu il noyabrın 23-də Bakıda vəfat edir və Fəxri Xiyabanda torpağa tapşırılır.

Загрузка...
Загрузка...