​“Sərt karantin rejimi uzadılacaqmı” sualı

Baxış sayı: 
107
1  
0  

 
Sağalanların sayında artım müşahidə olunsa da, gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır
Xəbər verdiyimiz kimi, iyulun 8-də 542 nəfər koronavirusa yoluxub, 465 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da, gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır.
 
Rəsmi göstəricilərə görə, ölkə üzrə yoluxanların 5 faizi 0-9 yaş arası, 6 faizi 10-19 yaş arası, 14 faizi 20-29 yaş arası, 18 faizi 30-39 yaş arası, 15 faizi 40-49 yaş arası, 21 faizi 50-59 yaş arası, 16 faizi 60-69 yaş arası, 4 faizi 70-79 yaş arası, 2 faizi 80 və yuxarı yaş arası insanlardır.
 
Qeyd edək ki, prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimotoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.
 
Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.
 
Bəs yoluxmanın sayı azalmasa, sərt karantin rejimi daha 10 gün uzadıla bilərmi?
 
Baş infeksionist koronavirusla bağlı: "Hazırda bu viruslara qarşı ...
 
Cəlal İsayev
 
Bununla bağlı sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, iyulun 20-nə hələ 10 gün qalır: “10 gün müddətində yoluxanların, sağalanların sayı və xəstəliyin yayılma sürəti analiz edildikdən sonra qərar qəbul ediləcək. Yoluxmanın sayı 500-dən yuxarı olsa da sağalanların sayı artıb. Dünən 465 nəfər sağalaraq evə buraxılıb. Başqa formada karantin qaydalarını gücləndirməklə iyulun 20-dən sonra müəyyən yumşaldılmalara gedilə və ya olduğu kimi saxlanıla bilər. Bunu indidən demək çətindir. Hər şey insanlarımızın qoyulan qaydalara nə dərəcə riayət etməsindən asılı olacaq”.
 
Kamran Əliyev: “İstənilən nəqliyyat vasitəsi ilə rayon və ...
 
Kamran Əliyev
 
Sərt karantin elan olunan ərazilərdə karantin postlarından cərimələnərək geri qaytarılan nəqliyyat vasitələri digər postlardan keçməyə cəhd edərsə, yenidən cərimələnə bilər. Bunu isə “Trend”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, bəzən bu cür hallara da rast gəlinə bilər: «Ola bilər ki, nəqliyyat vasitəsi postda saxlanılır, cərimələnərək geri qaytarılır. Amma həmin şəxs digər ərazidəki karantin postundan keçməyə cəhd edir. İcazəsiz evdən çıxdığı üçün həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə cərimələnərək geri qaytarılır. Həmin şəxs əgər digər postdan keçməyə cəhd edərsə, o, yenidən həmin maddə ilə təkrar cərimələnir".  K.Əliyev bildirib ki, növbəti şənbə-bazar günləri də sərt karantin elan olunan şəhər və rayon ərazilərində karantin postları yenidən qurula bilər: “Bu barədə hələ ki dəqiq qərar yoxdur. Amma bu, vəziyyətin gedişindən asılıdır. Əgər zərurət olarsa, marşrut postları və xüsusi texniki vasitələrlə də yollarda nəzarət gücləndirilə bilər”.
 
Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 8 iyul saat 00:00-dan 9 iyul saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1081 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə məzuliyyətə cəlb edilib.
 
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
 
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 213 nəfər həmin məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 1295 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-si rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb, ümumilikdə 325 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
 
Xaçmazda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən genişmiqyaslı tədbirlər davam etdirilir. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.
 
Xalidə GƏRAY,
“Yeni Müsavat” 

Загрузка...
Загрузка...