Sərdar Cəlaloğlu: “Biz niyə özümüzü Rusiyanın canlı qalxanına çevirməliyik?”

Baxış sayı: 
695
0  
0  

Prezidentliyə namizəd, ADP sədri Sərdar Cəlaloğluyla Rusiya ilə əlaqələr və “Türk Konfederasiyası” ilə bağlı düşüncələri ətrafında söhbətləşdik.

ADP sədrinin “Hürriyyət”ə müsahibəsini təqdim edirik:

 

-Sərdar bəy, Azərbaycan ictimaiyyətində son zamanlar Rusiyaya meyllənmə hiss olunur. Hətta uşaqların təhsili məsələsində belə rusdilli məktəblərə üstünlük verilir. Sovet hakimiyyəti dövründə belə bu qədər ruspərəst deyildik. Siz bu tendensiyanı necə şərh edərdiniz?

-Bunların hamısı hakimiyyətin yürütdüyü siyasətilə birbaşa əlaqədardır. Heç kim sirr deyil ki, Əbülfəz Elçibəydən sonra hakimiyyətə gələn qüvvələrin böyük qismi rusyönümlü, yəni Rusiyanın maraqlarını Azərbaycanda müdafiə edən insanlardır. Nə qədər ki bu qüvvələr Azərbaycanda güclüdür, xalqı bu və ya digər şəkildə itaətdə saxlaya bilirlər, haqqında danışdığınız tendensiya da gözlənilməz olmayacaq.

Azərbaycan hakimiyyətində olan rusqafalı qüvvələrin həyata keçirmək istədiyi siyasət ölkəmizi Qərbə inteqrasiyasının qarşısını almaq və onu Rusiyanın boyunduruğu altında saxlamaqdır. Bunun üçün isə süni problemlər yaradır, siyasi partiyalara, mətbuata təzyiqlər edir, Qərb institutlarının sərt reaksiyalarını Azərbaycan siyasi iradəsinə doğru çəkirlər. Siyasi məhbus problemi, mətbuat nümayəndələrinin sıxışdırılması, söz azadlığının boğulması və s. kimi problemlər bundan qayanaqlanır. Fikir verirsinizsə, hər dəfə seçkilərin yerli-yersiz saxtalaşdırılması, heç bir əsası olmadan vətəndaşların həbs olunması, iş adamlarının, qeyri-hökumət təşkilatlarının incidilməsi Qərblə Azərbaycan arasında böyük uçurumlar yaradır. Bu qarşıdurmadan faydalanan yeganə qüvvə isə Rusiya olur.

Bu gün Azərbaycanda bəzi qüvvələr açıq-açığına Rusiyanın liderliyi ilə yaranan Gömrük İttifaqına, Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq çağırışları səsləndirirlər. Eynilə son debatda da Rusiya ilə daha yaxın əlaqələr qurmaq təklif olundu.

Əvvəla, biz heç bir dövlətlə düşmən olmamalıyıq, amma bir dövlət bizə qarşı düşmən siyasəti yürüdürsə, biz də buna adekvat cavab verməliyik. Necə ki, bu gün Türkiyə açıq şəkildə NATO-dakı müttəfiqi ABŞ-ı terrorçulara dəstək verməkdə və qardaş ölkənin milli maraqlarına zidd mövqe tutmaqda günahlandırır. Eynilə Azərbaycan da Moskvaya deməlidir ki, biz rus xalqı ilə dostuq, amma Rusiya dövlətinin bu siyasətləri bizim milli maraqlarımıza ziddir. Problemi ört-basdır etmək onun həllinə imkan vermir.

Azərbaycandakı rüsqafalı qüvvələrin gücləri zəifləşdikcə açıq hücumlara keçir, ölkəmizi Rusiyanın təsir dairəsinə sürükləməyə çalışırlar. Adi bir misal çəkim; Jırnovski Azərbaycan haqqında nələr deməyib? Gah bizi təhdid edib, gah qoyun adlandırıb və s. Amma Jırnovski Azərbaycana gələndə onu böyük təmtəraqla qarşıladılar, onu böyük rus siyasətçisi kimi qəbul etdilər. Halbuki, Azərbaycan hökuməti  dövlətimiz və xalqımız haqqında ağır fikirlər səsləndirdiyinə görə onu qəbul etməməli idi.

Açığını desək, Azərbaycan dövlət səviyyəsində olmasa da, ictimai inteqarsiya sahəsində Qərblə yaxınlaşır və Rusiyadan uzaqlaşır. Təsadüfi deyil ki, bu gün Qərbdə 500 min mühacirlərimiz var. Bunların qohumlarını da hesaba qatsaq, 3-4 milyon vətəndaşımızın dolayısıyla Qərbə inteqrasiya etdiyini görə bilərik.

Yaxud Türkiyə ilə son zamanlar yaxınlaşmağımız da Rusiyapərəst qüvvələri xeyli narahat edir. Bizim dünyadakı əsas strateji müttəfiqimiz olan bu ölkəylə çox ciddi iqtisadi əlaqələrimiz qurulub. İş adamlarımızın bu ölkə vasitəsilə Qərbə çıxışı, SOCAR-ın Türkiyəyə qoyduğu investisyalar, qlobal kommunikasiya əlaqələrinin yaradılması Azərbaycanın təbii proseslər nəticəsində, həm sosial, həm də iqtisadi sferada Avropaya inteqrasiyası deməkdir. Bu isə Azərbaycanın taleyini Rusiyada görənləri qıcıqlandırır. Çünki toplumumuzun dabanı – elektoratı Qərbləşib. Nəticədə hakimiyyət cəmiyyətimizə əvvəlki kimi nəzarət etmək imkanını itirir. Hökumətin Azərbaycanı Qərb dəyərlərindən (insan hüquqları, sosial və hüquqi dövlət və s. mütərəqqi ideyalar) uzaqlaşdırmaq üçün həyata keçirdiyi represiya siyasətləri isə əhali arasında böyük narazılıqla qarşılanır. Çünki ədalətli cəmiyyət, hüquqi dövlət, insan haqları kimi mütərrəqi ideyalar insan fitrətinə uyğundur və cəmiyyətimiz özü də bilmədən Qərbə inteqrasiya xətti tutmağa çalışır. Ruspərəst qüvvələr isə bu sosial sifarişi yerindəcə boğmağa, Azərbaycanı Rusiyanın qucağına sürükləməyə çalışırlar.

-Yəni demək istəyirsiniz ki, Rusiyanın post-sovet məkanı üçün hazırladığı layihələr – Avrasiya İttifaqı, Gömrük İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi təkliflər rus imperaiyasının yenidən diriltməyə xidmət edir?

-Bəli. Rus imperiyasını üçüncü dəfə, başqa bir adla bərpa etmək istəyirlər. Kimin burda həmin ideyalara nə bəzək-düzək verməsindən asılı olmayaraq, Rusiya yenidən post-sovet məkanını öz təsir dairəsinə qaytarmağa çalışır. Rusiyadan bu qədər aralı olmağımıza baxmayaraq, məlum aprel döyüşlərində Moskva bizim öz torpaqlarımızı azad etməyimizə imkan vermədi. Hətta deyirdi ki, azad etdiyin bütün torpaqları geri qaytar. İndi təsəvvür edin, biz Rusiya ilə ittifaq yaradarsaq, nə baş verər? Beynəlxalq iqtisadi layihələrə vaxtilə nə qədər manelər yaradırdı? İndi də bizi mütəmadi təhdid etməkdədir. Belə bir vəziyyətdə biz Rusiya ilə hansı ittifaqdan danışa bilərik? Hələ heç bir hüquqi əsas olmadığı halda bun edirsə, ona hüquqi əsas versək, görün, nə olar?

-Maraqlı bir məqama gəlib çıxdıq. Bu yaxınlarda Qazaxıstan prezidenti ABŞ-a səfər etmiş və iki ölkə arasında vizasız gediş-gəliş barədə müqavilə imzalanmışdı. Jurnalistlər bununla bağlı Rusiyanın Xarici İşlər naziri Lavrovun mövqeyini öyrənmək istəmişdilər. Lavrov isə həmin hadisədən xəbərsiz olduğunu, əgər məlumat doğrudursa, Qazaxıstanın Avrasiya İttifaqı prinsiplərini və Kollektiv Təhlükəsizlik Müqaviləsini pozduğunu demişdi. Onun sözlərinə görə, həmin müqavilələrdə bu cür məsələlərin ittifaq üzvləri ilə məsləhətləşilməsi və razılaşdırılması nəzərdə tutulurmuş. Doğrusu, anlaya bilmədim; adi bir vizasız gediş-gəliş nədir ki, bunun da icazəsi alına? Bəs, dövlət suverenliyi harda qaldı?

Ən əsası isə Türkiyə və İranın bu zamana qədər Azərbaycandan vizanı ləğv etmək istəyinin indiyə qədər niyə yerinə yetirilmədiyinin səbəbini də anladım. Sən demə, Rusiya öz müttəfiqlərinə bu cür müqavilələr bağlamağa icazə vermirmiş, hətta bunu hüquqi aktlara imperativ şərtlər kimi salırmış. Görünür, bizim başbilənlər də bu imperativ tələbləri yerinə yetirdiklərindən yaxın qonşularıyla daha yaxın əlaqələr qura bilmirlər.

-Bax, görürsənmi, mənim fikrimi təsdiqləyən çox maraqlı məlumatı özünüz səsləndirdiniz. Mən o müqavilələrin şərtlərini tam dəqiqliyi ilə bilmirəm. Amma onu bilirəm ki, Belarus prezidenti də dəfələrlə bu ittifaqın suverenlik haqlarını məhdudlaşdırdığını bəyan etmiş və ordan ayrılacağını bildirmişdi. Bu məsələnin bir tərəfidir.

Digər tərəfdən, bu gün bütün dünya Rusiya ilə qarşıdurma vəziyyətindədir. Belə bir vəziyyətdə Rusiya ilə yaxınlaşmaq onun məsuliyyətlərini paylaşmaq, ona olan təzyiqlərin bir hissəsini öz üzərinə götürmək deməkdir. Bilirsiniz ki, bu cür gərginlik ortamlarında zərbə zəif tərəfə dəyir. Qərb ölkələri Rusiyadan əvvəl Azərbaycanı sıradan çıxara bilərlər. İndi mən sual verirəm: Rusiya öz əməllərinə görə cəzalandırılır. Bəs, Azərbaycana nə düşüb ki, özünü Rusiyanın apardığı yanlış siyasətin ortasına atsın və qurban versin, məsuliyyət yükünün altına girsin? Özgə vaxt olsa, mən Rusiya ilə bağlı fikirlərə reaksiya vermərəm. Amma indi bütün dünya Rusiya ilə, az qalır, müharibə edə, sən isə gedib öz xoşunla öz başını cəllad kötüyünün üstünə qoyursan?

Rusiyanın bu gün Qərbdən özünə yönələn təzyiqləri azaltmaq üçün müttəfiqlərə ehtiyacı var. Çünki ikinci, üçüncü hədəflərin ortaya çıxması ona qarşı yönələn təzyiqləri azalda bilər. Azərbaycanın özünə aid olmayan bu davaya girməsi hər iki nəhəng qüvvənin çaprışma sahəsinə, poliqona çevrilməsinə yol açar. Bizim kimi kiçik dövlətlərin gedib Rusiyanın əlində canlı qalxana çevrilməsi ona atılan bütün daşların ilk əvvəl Azərbaycana dəyməsiylə nəticələnə bilər. Rusiya güclü olduğundan bu təzyiqlər ona heç bir şey etməz, bizi isə tamamilə sıradan çıxarar.

-Sərdar bəy, amma bu da var ki, ABŞ-ın Şərq dünyasına gətirdiyi “demokratiyalar” da böyük faciələrlə nəticələnir. Yaxın Şərq ölkələrinin indiki vəziyyəti göz qabağındadır. Bəzən istəməsən belə, bir çox savaşların poliqonuna çevrilirsən. Necə bilirsiniz, biz heç bir cinahda yer almadan, tərəfsiz qala bilərikmi?

-Əvvəla, mənim fikrimcə, Azərbaycanın özünün Avrasiya İttifaqını yaratmasının vaxtı çatıb. Yəni Türk Konfederasiyası yaradılmalı, Özbəksitan, Türkmənistan, Qırqızıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə dövlətləri müxtəlif əməkdaşlıq çərçivələrində birləşməlidirər. Bu ittifaq təkcə iqtisadi platformada qalmamalı, hərbi əməkdaşlıqlar da qurulmalı, gələcəkdə vahid ordu sisteminə keçilməlidir. Mənim təklif etdiyim ittifaq ideyası bütün türk dövlətlərinin hamısına hava və su kimi lazımdır. Xüsusilə hərbi sahədə ciddi əməkdaşlıq perspektivləri qurula bilsə, Türk Konfederasiyası dünyanın ən nəhəng qüdrətlərindən birinə çevrilər. Bundan başqa ittifaqın vahid gömrük siyasəti, iqtisadiyyatı, milli valyutası olmalıdır. Biz bu istiqamətdə səylərimizi birləşdirməliyik. Bu hədəf həm Rusiyaya, həm də Qərbə yaxınlaşmağın alternatividir.

-Yeri gələndə o ideyaların infrastrukturu da qurulub. Beynəlxalq iqtisadi əməkdaşlıq potensialımızın yaradılmasını, kommunikasiya xətlərinin çəkilməsini nəzərdə tuturam.

-Bəli, çox şeylərin əsası çoxdan qoyulub. Bəziləri bunu görməsələr də. Türk dünyasının tarixi şüuru və təcrübəsi də bu ittifaqın qurulmasını mümkün hala gətirir. Tarixən Türk coğrafiyası bu cür vahid sistemlərin sayəsində dünya gücünə çevrilmişdi. Daha sonra o sistem dağıdıldı, Türkün çöküşü də bundan sonra başladı. İndi tarixi zərurət həmin ittifaqların qurulması üçün münbit zəmin hazırlayıb. Təsadüfi deyil ki, Azərbaycanın reallaşdırdığı bir çox beynəlxalq layihələr Qərb ölkələri və ABŞ tərəfindən də dəstəklənir. Biz də bu fürsətdən yararlanmalı və öz qüdrətli ittifaqımızı qurmalıyıq.

-Etiraf edim ki, beynimdə yeni bir üfüq açdınız. Belə çıxır ki, ABŞ hazırda ən böyük rəqibləri olan Rusiya və Çinə alternativ olaraq yeni bir ittifaq ortaya qoymaq istəyir, Orta Asiyadan Türkiyəyə qədər uzanan, Çin və Rusiya ilə müqayisədə daha kövrək bağlarla bir-birinə bağlandığı üçün hələlik böyük təhlükə əxz etməyən Türk İttifaqının yaradılmasında maraqlıdır. Məhz bu səbəbdən də coğrafiyamızda nəhəng layihələrlə bir-birinə, daha sonra isə Avropaya bağlanan enerji şəbəkəsi yaradılıb?

Yadıma 1999-cu ildə ABŞ prezidenti Bill Klintonun Türkiyə parlamentində söylədiyi bir fikir düşdü. O, 21-ci əsri “Türk əsri” adlandırmışdı...

-Bəli, Şərq dünyasını məhv etmək üçün iki əsas qövmü tikə-tikə parçalayıblar. Bunlardan biri ərəblərdir, biri də türklər. Ərəb dünyasında 300 milyondan artıq insan yaşayır. Təbii resursları da onların iqtisadi cəhətdən dünyanın əsas güc mərkəzinə çevrilməsinə imkan verir. Amma ərəbləri az qala şəhər-şəhər, ada-ada ayırıblar. Dünyanın super güclərinin enerji maraqları onların bir araya gəlməsinə imkan vermir. Üstəlik, özlərinin də birlik şüurları yoxdur. Türklər isə uzun əsrlər boyu Şərqin ən aparıcı xalqı olublar, bu coğrafiyaya hökm ediblər. Yəni tarixi şüur və təcrübə baxımdan biz ərəblərdən fərqlənirik və dünyanın maraqları da bizim birləşməyimizin xeyrinədir. Biz də bundan istifadə edib bir araya gəlməli, Türk Birliyi yaratmalıyıq. Kiməsə mütləq Avrasiya İttifaqı lazımdırsa,  bu da olar bizim Avrasiya İttifaqımız.

-Bəs, biz bu fikri ortaya qoysaq və bu istiqamətdə siyasət aparsaq, Rusiyanın qəzəbinə gəlmərik? Rus ordusu Azərbaycanı yenidən işğal edə bilərmi?

-Biz Rusiyanın gücünü, imkanlarını həddindən artıq şişirdirik. Bu, həmin Rusiyadır ki, Şeyx Şamil kiçik bir qüvvəylə 25 il rus çarına, Cövhər Dudayev isə yenə 25 il sovet imperiyasına qarşı mübarizə apardı. Amerika və Qərb ölkələri Rusiyaya dəstək verməsəydi, Çeçenistan çoxdan müstəqil dövlət olmuşdu. İndiki Rusiyadan da əsər-əlamət qalmamışdı. Təəssüf ki, o vaxt bütün xristian dünyası dini təəssübkeşliklə çeçenlərə qarşı birləşdilər və Dudayevi öldürülməsində, bu hərəkatın məğlubiyyətə uğramasında rol oynadılar. Və yaxud dünyanın bütün dövlətləri toplanıb bir İŞİD-in öhdəsindən gələ bilmirsə, sən Azərbaycan dövlətinin gücünü niyə belə kiçildirsən?

-Deyim niyə? Çünki I Cümhuriyyətin süquta uğraması zamanı yaşanan bir hadisə yadıma düşür. Səhv etmirəmsə, Azərbaycan Cümhuriyyətinin Müdafiə naziri  Səməd bəy Mehmandarova rus bolşeviklərinə qarşı vuruşmaq təklif olunur. O isə “mən rus ordusuna and içmişəm, Rusiyaya qarşı vuruşa bilmərəm” deyir. Bizim indiki aparıcı generallarımız da rus ordusuna and içiblər. Andlarını pozub-pozmayacaqlarına əmin deyiləm.

-Bəli, Azərbaycanın bu dəqiqə də ən zəif tərəfi ruspərəst qüvvələrin hakimiyyətdə və digər hərbi orqanlarda önəmli postlar tutmalarıdır. Hakimiyyətdəki milli qüvvələr dövlət orqanlarını bu adamlardan təmizləsələr, Azərbaycan istənilən uğura imza ata bilər.

O ki qaldı 26 illik ölkəni iki illik ölkəylə müqayisə etməyinizə, mən bununla da razı deyiləm. Nə Azərbaycan həmin Azərbaycandır, nə Rusiya həmin Rusiya, nə də tarixi şərait eynidir. I Dünya müharibəsindən Rusiya qalib dövlət kimi çıxmışdı. Ölkədə bolşevik inqilabının baş verməsi bu həqiqəti dəyişmir. Üstəlik, o zaman dünyanın bütün diqqətləri Osmanlını parçalamağa yönəlmişdi. Rusiya ilə maraqlanan yox idi. İndisə Rusiyanın parçalanması beynəlxalq birliyin əsas gündəmini təşkil edir.

Digər tərəfdən, deyək ki, Rusiya böyük, biz isə kiçik dövlətik. Onda göz yummalıyıq ki, Rusiya bizə təcavüz etsin? Beynəlxalq hüquq normalarından doğan mükəlləfiyyətlər var. Beynəlxalq hüquqa görə, nə Rusiya, nə də ABŞ Azərbaycandan böyük deyil. Heç kiçik də deyil. Hər kəs beynəlxalq hüquq qarşısında bərabərdir. Hüquqi bərabərlik varsa, Rusiya nəyə əsaslanıb Azərbaycanı işğal edə bilər? Hər güclü gücsüzü işğal etsəydi, onda ABŞ da Rusiyanı işğal etməlidir.

Bir də unutmayaq ki,, Rusiya əhalisinin 20%-i müsəlmandır və bu nisbət getdikcə müsəlmanların xeyrinə dəyişilir. Rusiyanın bu amili nəzərə almaması öz başında çatlaya bilər. Rusiya bir müddətdən sonra rus-müsəlman dövlətinə çevriləcək. Bu gün də çevrilir əslində. Biz bir dövlət kimi Rusiyadakı müsəlmanlarla siyasətimizi düzgün qursaq, şimal qonşumuzun da bizdən asılılığı yaranar.

-Maraqlı burasıdır ki, siz  Qərbə və Rusiyaya inteqrasiya dilemması qarşısında üçüncü bir alternativdən bəhs edirsiniz – Türkiyənin liderliyi ilə Türk Konfederasiyasından. Amma Türkiyənin özü gedib az qala Rusiya ilə ittifaq yaradır...

-Xeyr, hər hansı Türkiyə-Rusiya ittifaqından söhbət edə bilməz. Türkiyənin son zamanlar qarşı-qarşıya qaldığı geopolitik problemlər ucbatından Rusiya ilə münasibətlərini yaxşılaşdırması ittifaq səviyyəsində deyil və olmayacaq.  Çünki hər iki dövlətin geopolitik hədəfləri tarix boyu bir-biriylə toqquşub, yenə də toqquşacaq. Digər tərəfdən, Türkiyə bizimlə müqayisə olunmayacaq qədər böyük dövlətdir. Azərbaycanın Rusiyayla qurduğu əlaqələrlə Türkiyənin Rusiya ilə qurduğu əlaqələr arasında böyük fərqlər var. Bu gün Rusiyanın mövcudluğu Türkiyədən asılıdır – iqtisadi əlaqələr, blokadanın yarılması baxımından. Türkiyənin kiminləsə müttəfiqliyi onu uduzdurmaz. Azərbaycan haqqında isə eyni sözləri deyə bilmirik. Düşünülməmiş müttəfiqlik Azərbaycanın özünü yox edə bilər. Hər dostluq xeyirli deyil.

-Rusiya ilə əlaqələr qurulmasını təlif edənlərin əsas arqumentlərindən biri də bazar münasibətləri ilə əlaqədardır. İddia olunur ki, Rusiya böyük bazardır. Oraya öz kənd təsərrüfatı məhsullarımızı satırıq. Biz niyə bu bazardan imtina etməliyik?

-Mən demirəm ki, biz Rusiya ilə ticari əlaqələri kəsək. Mən deyirəm ki, Rusiyanın təklif etdiyi dövlət suverenliyini məhdudlaşdıran ittifaqlardan uzaq durmalıyıq. Bu gün biz o ittifaqlarda yer almamışıq, Rusiyaya öz məhsulumuzu satmırıq? Yaxud, Rusiyaya məhsul satan İspaniya, İtaliya, yaxud Almaniya gedib Avrasiya İttifaqına üzv olublar? Bu iki münasibəti bir-birindən ayırmaq lazımdır. Söhbət burda siyasi bağlılıqdan gedir. Ruspərəstlər isə “Rusiyaya pomidor satacağıq” deyə, onun boyunduruğu altına girməyimizi tələb edirlər.

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

“Hürriyyət”

Загрузка...
Загрузка...