Sovet liderlərinin film senzurası – Çernenko Daneliyanın çəkdiyi filmi yarımçıq saxlatdırıb ki....

Baxış sayı: 
66
1  
0  

 
Sovet dövründə çəkilmiş “Bəyin oğurlanması” filmində böyük sənətkar Səməndər Rzayevin obrazındakı kinonun qəliz və vacib olması fikrini bütövlükdə SSRİ-yə aid etsək, bu ifadəyə bir söz də əlavə etmək olar, qəliz, vacib, həm də problemli. Belə ki, kommunistlər kinonu əsas təbliğat və təşviqat vasitəsi kimi qəbul etdiklərindən bu sahəyə xüsusi diqqət ayırıblar ki, bu da kino işçiləri üçün “sürpriz”siz ötüşməyib.
 
İosif Stalinin hakimiyyəti illərində çəkilmiş filmlər yalnız birinci şəxsin icazəsindən sonra kütləvi nümayişə buraxılıb. Stalin çəkilən filmlərin ilk tamaşaçısı və ilk tənqidçisi olub. Onun kinoya bu cür ciddi münasibəti bir çox hallarda rejissorlara problemlər və gərginliklər yaşadıb.
 
Nikita Xruşovun hakimiyyəti illərində də kino yaradıcılığı Mərkəzi Komitənin ciddi nəzarəti altında saxlanılıb və onun dövründə kino istehsalı kəskin şəkildə artıb. Müqayisə üçün qeyd edək ki, 1951-ci ildə doqquz yeni film çəkildiyi halda, 1960-cı illərdə hər il 100-150 film tamaşaçıların ixtiyarına verilib. Düzdür, çəkilən filmlərin bəziləri Xruşovun göstərişi ilə illər boyu kütləvi nümayişə buraxılmayıb. Amma həmin filmlər sonralar böyük tamaşaçı auditoriyası qazanıb. Ümumiyyətlə isə Xruoşovun incəsənət nümayəndələri ilə, o cümlədən rejissor və ssenaristlərlə münasibətləri çox da isti olmayıb. Bu səbəbdən də kino işçiləri yaradıcılıq prosesində yetərincə problemlərlə üzləşib.
 
Kino xadimləri Leonid İliç Brejnevin kinoya böyük marağını nəzərə alaraq daha şövqlə çalışıblar. Amma senzura yenə də öz işini görüb. Filmlərin kütləvi nümayişə buraxılmasına nəzarət filmin ssenarisinə uyğun aparılıb. Bu məsələyə əsasən Mərkəzi Komitənin ideologiya üzrə katibi Mixail Suslov və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Yuri Andropov nəzarət edib. “Mübahisəli” hallarda isə məsələyə şəxsən Brejnev müdaxilə edib.
 
Yuri Andropov qısamüddətli hakimiyyəti dövründə daha ciddi problemlərlə məşğul olsa da, kinonu yaddan çıxartmayıb. Özü sahəyə tam nəzarət edə bilməsə də, senzura daha da ciddiləşib. Onu da qeyd edək ki, poeziya həvəskarı, yaradıcılığa meylli, arabir bədii yaradıcılıqla məşğul olan Yuri Andropov iş və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kino işçilərindən öz qayğısını əsirgəməyib.
 
13 aylıq hakimiyyətinin yarısını xəstəxanalarda keçirən Konstantin Çernenkonun kino xadimlərinə yalnız bir tövsiyəsi olub, çəkilən filmlərdə Lenin prinsipləri və kommunist ideyaları əsas ana xətt olmalıdır.
 
Sovet liderlərinin kaprizləri ilə oynayan rejissorlar bu tövsiyəyə də əməl etməyə çalışıblar. Bu çalışqanlığa və cəhdlərə baxmayaraq, kino işçilərinin Çernenko ilə bağlı fərqli bir problemi ortaya çıxıb.
 
Bu dəfə Mərkəzi Komitənin hədəfinə rejissor Georgi Daneliya və ssenari müəllifi Rezo Qabriadze düşüb.
 
1930-cu ildə Tiflisdə anadan olan, Rusiyanın və SSRİ-nin xalq artisi, SSRİ Dövlət mükafatı laureatı, milliyətcə gürcü Georgi Daneliya sovet dövrünün ən tanınmış rejissorlarından biri sayılıb. O, “Mimino”, “Afonya”, “Uğur centlemenləri”, “Otuz üç”, “Pasport”, “Meksikalı” və sair filmləri ilə kino həvəskarları arasında böyük populyarlıq qazanıb.
 
Georgi Daneliya 1980-ci illərin əvvəllərində növbəti film üzərində işləməyə başlayıb. İkiseriyalı “Kin-dza-dza” filmi “Mosflim”də çəkilib. 1984-cü ildə filmin üzərində qızğın iş gedəndə Georgi Daneliya əvvəlcə bədii şuraya, sonra isə Mərkəzi Komitəyə dəvət olunub. Bu dəvət Konstantin Çernenkonun baş katib kürsüsünə əyləşdiyi ilk aylara təsadüf edib.
 
Bədii şurada “Kin-dza-dza” filminin ssenarisi yenidən müzakirəyə çıxarılıb. Filmdə yadplenetlinin tez-tez işlətdiyi “KU” sözü “siyasiləşdirilib”. Belə ki, Çernenkonun ad və atasının adının baş hərfləri “KU” (Konstantin Ustinoviç) olduğundan filmin çəkilişinin tam dayandırılması, yaxud da ssenarinin dəyişdirilməsi mütləq və vacib sayılıb.
 
Eyni problemi rejissora və ssenari müəllifinə Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsində də xatırladıblar.
 
Filmin yarıdan çox hissəsinin çəkildiyi halda hər şeyi yenidən başlamaq Georgi Daneliyaya böyük problemlər yaşadıb. Ən böyük problem isə filmdəki “KU” sözünə uyğun bir söz tapmaq olub.
 
Beləliklə, rejissor və ssenari müəllifi bir neçə ay film üzərində baş sındırmalı olublar. Amma narahatlıq çox da uzun çəkməyib. 1985-ci ilin mart ayında Çernenko vəfat etdikdən sonra rejissora filmin köhnə ssenaridə çəkilişini davam etdirmək icazəsi verilib.
 
Film 1986-cı ildə hazır olub və kütləvi nümayişə buraxılıb. 1987-ci ildən 2002-ci ilə qədər “Kin-dza-dza” filmi müxtəlif beynəlxalq kino festivallarında altı nominasiya üzrə ən yüksək mükafatlara layiq görülüb.
 
Sonralar Georgi Daneliya 2013-cü ildə eyniadlı tammetrajlı animasiya filmi də çəkib. Rejissor animasiya filminin adında çox kiçik bir dəyişiklik edib: “Ku! Kin-dza-dza”. Bəlkə da Georgi Daneliya bu dəyişikliklə, ada “KU” sözünü əlavə etməklə, 1984-cü ildə keçirdiyi narahatlığın yorğunluğunu çıxarmaq üçün edib.
 
Qeyd edək ki, tanınmış rejissor Georgi Daneliya 2019-cu ildə, 89 yaşında Moskva şəhərində vəfat edib.
 
İlham Cəmiloğlu, Musavat.com

Загрузка...
Загрузка...