​“Son 5 ildə müxalifət partiyalarına üz tutan adamların sayını barmaqla göstərmək olar” - SƏRDAR CƏLALOĞLU

Baxış sayı: 
73
1  
0  

 “Bu, vətəndaşların öz siyasi haqqlarından imtina etməsi, apolitik vəziyyətə keçməsi ilə bağlıdır”
 
“Azərbaycanda vətəndaşlarımız maddi maraqları mənəvi maraqlardan həddindən artıq üstün tutur”
 
“Azərbaycan müxalifəti özünü ən fəal şəkildə cəmiyyətə təqdim edir”
 
Yay ayları ilə əlaqədar olaraq Azərbaycanda ənənvi siyasi süstlük müşahidə olunur. Xüsusən də müxalif düşərgədə bu, daha çox özünü göstərir. Çox güman ki, payızda bu süstlük özü yerini siyasi aktivliklə əvəzləyəcək. Çünki adətən ölkədə yaydan sonra müxalif düşərgədə fəallıq müşahidə edilir.
 
Maraqlıdır, bu il də payız aylarında müxalif düşərgədə siyasi aktivlik gözləniləndirmi? Ümumiyyətlə, müxalifətin “payız planı” nələrdir? “Hürriyyət”in bu və digər suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırdı:
 
-Əvvəla, siyasət təbii bir hadisə deyil ki, fəsillə, təqvimlə bağlı olsun. Siyasət rasional bir fəaliyyətin nəticəsidir. Amma təbii ki, insanların fəaliyyəti, bioloji aktivliyi təbiətlə şərtləndiyinə görə, fəsildən asılı olaraq sosial aktivlik dəyişilə bilir. Amma əgər bu zaman rasional faktor iştirak etmirsə, iqlimin dəyişilməsi yalnız bioloji sferada dəyişilmələrə gətirib çıxarır. Yəni sosial sferada dəyişilmələrə gətirib çıxarmır. Sosial sferada fəslin dəyişilməsi o zaman dəyişilməyə gətirib çıxara bilər ki, insanlar şüurlu şəkildə öz fəaliyyətlərini qursunlar.
 
İkincisi də, sentyabr ayında bütün dünyada siyasi aktivliyin artacağını proqnozlaşdırmaq düz deyil. Çünki payızın əvvələri məhsul yığımı dövrüdür. İstər-istəməz təbiətin verdiyi imkanlar istehlak sahəsində yaranan sosial gərginliyi aradan qaldırır. İnsanlar həyətyanı təsərrüfatlarından məhsul yığırlar, ucuzluq meydana gəlir. Ona görə də payızın başlanğıcında demək olar ki, əksinə gərginlik azalır. Adətən gərginlik payızın axırlarından qışın son aylarına qədər davam edir. Mart ayında kulminsiya nöqtəsinə çatır.
 
Bu baxımdan, biz əgər inqilabların tarixnə diqqətlə baxsaq, məsələn, rus inqilabı oktyabrda, İran inqilabı fevralda, yəni dediyim ərəfədə baş verib. Ona görə də mən düşünürəm ki, payızın gəlməsi ilə bağlı biz aktivlik gözləyə bilmərik. Amma proseslər qışa doğru getdikcə cəmiyyətdə müəyyən siyasi fəallıq ola bilər.
 
- Hazırda müxalif düşərgədəki passivlik hakimiyyətin xeyrinədirmi?
 
- Əvvəla, tək müxalif düşərgə passiv deyil, bütünldükdə cəmiyyətdə total durğunluq var. hakimiyyətdə də, Azərbaycan cəmiyyətində də durğunluq var. Müxalifət də Azərbaycan cəmiyyətinin bir hissəsi olduğuna görə istər-istərməz həmin durğunluğa tabe olur. Müxalifətin əlində elə bir qeyri-adi imkan yoxdur ki, bütün cəmiyyəti fəallaşdırsın. Tez-tez “müxalifətdə durğunluq var”, deyirlər. Bunu kontekstdən ayıranda belə çıxır ki, müxalifətdə hansısa bir problem var. Bəyəm, cəmiyyətdə aktivlik var? Bəyəm hökumətdə aktivlik var ki, biz deyək yox, müxalifətdə durğunluq var? Nə Qarabağ probleminin, nə də sosial-iqtisadi sferada Azərbaycan iqtidarının heç bir fəallığını biz müşahidə etmirik. Azərbaycan xalqı özünün hüquqları uğrunda heç bir aktiv addım atmır. Azərbaycanda yanlış bir təsəvvür yaranır ki, siyasi müxalifət xalqın bütün hüquqlarının müdafiəçisidir. Bu, tamamilə yanlış bir məsələdir. Əgər biz elmi şəkildə yanaşsaq, siyasi müxalifətin vəzifəsi xalqın siyasi hüquqlarını təmsil etmək və müdafiə etməkdir. Xalqın sosial-iqtisadi hüquqları, Dağlıq Qarabağın müdafiəsi bilavasitə müxalifətin işi deyil. Düzdür, müxalifət də bu problemlərlə məşğul olmalıdır, amma bu hüquqları qoruyan başqa vətəndaş cəmiyyəti institutları var. Məsələn, yoxsulluq, kasıbçılıq, işsizliklə bağlı problemləri həmkarlar həll etməlidir və yaxud elə qeyri-hökumət təşkilatları var ki, ərazilərin qorunması istiqamətində, vətəndaşların səfərbər edilməsində onlar daha çox fəallıq nümayiş etdirməlidir. Bu təşkilatlar olmadığına görə Azərbaycan müxalifəti məcbur olub, bütün bu təşkilatların funksiyasını öz üzərinə götürür. Yeri gələndə biz mətbuatın, həmkarların, qeyri-hökumət təşkilatlarının funksiyasını da öz üzərimizə götürməli oluruq. Hətta bəzən də dövlətin etməli olduğu işləri öz üzərimizə götürməli oluruq. Bu isə Azərbaycan müxalifətinin həm yükünü ağırlaşdırır, həm də mövcud şərtlər daxilində siyasi hüquqların müdafiəsi istiqamətində lazım olan resurslarımıza malik olmamağımıza baxmayaraq, əlavə funksiyaları da götürəndə doğurdan da Azərbaycan müxalifəti tamamilə durğun bir vəziyyətdə görsənir. Bu, sadəcə olaraq müxalifət haqqında təsəvvürlərin yalnış olması ilə bağlıdır.
 
Əksinə Azərbaycan müxalifəti özünü ən fəal şəkildə cəmiyyətə təqdim edir. Bizim müxalifət kimi fəaliyyət sahəmiz vətəndaşların siyasi hüquqları çərçivəsindədir. Yəni biz vətəndaşların siyasi hüquqlarını müdafiə edirik. Tutaq ki, kiminsə məişət, işsizlik problemi varsa, bunlar müxalifətin vəzifəsi deyil. Bəs, onda Azərbaycan vətəndaşının, həmkarların, dövlətin funskiyası nədən ibarətdir? Hətta bu gün cəmiyyətdə neqativ hallar var ki, dövlətin bilavasitə üzərinə düşür, onu da müxalifətdən görürlər. Yəni dövlətin görə bilmədiyi işləri də müxalifətdən tələb edirlər. Baxmayaraq ki, Azərbaycan müxalifəti müxalifət kimi fəaliyyət göstərmək üçün heç bir resursa malik deyil. Biz nə maliyyə resurslarına malikik, nə də kifayət qədər insan resurslarımız var. Bütün müxalif partiyaları gəzin, son 5 ildə Azərbaycanda müxalifət partiyalarına üz tutan adamların sayını barmaqla göstərmək olar. Bunu çox vaxt müxalifətin nüfuzdan düşməsi ilə əlaqələndirirlər. Əksinə, bu, vətəndaşların öz siyasi haqqlarından imtina etməsi, apolitik vəziyyətə keçməsi ilə bağlıdır. Biz gecə-gündüz xalqı siyasi aktivliyə çağırırıq. Baxın, həm hökumət xalqı siyasi partiyalardan uzaqlaşdırmağa çağırır, həm özünü hökumətə müxalif hesab edən informasiya vasitələri var ki, gecə-gündüz Azərbaycan müxalifətini gözdən salır, liderlər satılır, partiyalar xəyanət edir... İlk baxışda adama elə gəlir ki, bu adamlar xalqa xidmət edir, amma bunun son nəticəsinə baxanda görürük ki, bu təbliğatın özü Azərbaycan iqtidarına xidmət edir. Azərbaycan müxalifətini nüfuzdan salmaq, Azərbaycan xalqı ilə müxalifət arasında sədd qaldırmaq və xalqı siyasi partiyalardan uzaqlaşdırmaq Azərbaycan iqtidarına xidmət edir və ölkədə demokratiyanın belini sıdıran bir prosesdir. Bu bəhanə nəyə səbəb olur? Müxalifətə insanlar üz tutmur.
 
Müxalifətə lazım olan cəmiyyətdən dəstək və beynəlxalq dəstək olmadığına görə müxalifət öz işini yüksək səviyyədə qura bilmir. Bunu isə xəyanət kimi dəyərləndirirlər. Baxın, 1988-ci ildən 2005-ci ilə qədər Azərbaycanda siyasi partiyaların 50-100 min üzvü var idi. Məsələn, Azərbaycan Demokrat Partiyasının üzvlərinin sayı 100 minə yaxın idi. O vaxtı biz həftədə 2-3 dəfə mitinq, piket keçirirdik. Bu gün bizim üzvlərimizin sayı 1000-2000 nəfərə çatıb. Biz 100 min üzvü olan partiyanın gördüyü işi bu gün edə bilmərik ki. Eləcə də Müsavat, Azərbaycan Xalq Cəbhəsi. Çünki Azərbaycan xalqının özündə çox ciddi problemlər var. Xalqımızın şüurunda, əxlaqında, dəyərlərə münasibətində problemlər var. Mən hər dəfə fürsətdən istifadə edib rus dili məsələsini qabardıram. Baxın, azərbaycanlılar yanvar ayının 20-də Şəhidlər xiyabanını, fevral ayında Xocalı soyqırımını ziyarət edirlər, amma bu il 160 min ailə öz uşağını rus sektoruna qoyub. Mən sual edirəm, sənin 20 Yanvarda Şəhidlər xiyabanını, Xocalı soyqırımını ziyarət etməyin nədir, uşağını aparıb rus dilində təhsil verməyin nədir? Sən nəyə görə Azərbaycan xalqının qanını tökən, Azərbaycanın dövlətçiliyinə, mövcudluğuna ən radikal şəkildə müqavimət göstərən bir xalqın, dövlətin dilini öyrənirsən, uşağını həmin xalqın xidmətçisinə çevirirsən?! Buna siyasi müxalifət neynəməlidir?! Xalqın şüuru bu dərəcədədir. Yəni Azərbaycanda vətəndaşlarımız maddi maraqları mənəvi maraqlardan həddindən artıq üstün tutur. Bunun günahı bizdə deyil. Burada dinin də böyük günahı var. Əsl İslam dini bütün insanları mənəvi dəyərələrə istiqamətləndirdiyi halda, Azərbaycanda mövcud müsəlmançılıq insanları o dəyərlərdən uzaqlaşdırır, insanlar ancaq maddi dünyaya üz tuturlar. Baxmayaraq ki, Quranda Allah-Təala dəfələrlə bəyan edir ki, “siz bu dünyanı çox sevirsiniz, bu dünya ilə əylənirsiniz, bu dünyadan əl çəkmirsiniz”, amma Azərbaycan vətəndaşlarının bütün cəhdləri elə bu dünyəvi tələbatları təmin etməklə bağlıdır. Yəni dəyərlərə istiqamətlənmək odur.
 
İkincisi, dəyərlərə istiqamətləndirən məktəbdir. Baxın, məktəbdə uşaqlara hansı dəyərlər aşılanır: qorxaqlıq, cəsarətsizlik, rüşvətxorluq, yaltaqlıq, satqınçılıq, xəyanət. Cəmiyyətin digər institutlarını götürün. Yəni dəyərlərə istiqamətləndirmə olmayan bir ölkədə vətəndaşlar gedib düşmənə də, erməniyə də xidmət edəcək.
 
-Siz ölkədə rus dilinin geniş yayılmasına toxundunuz. 1990-cı illərdə Sovet İttifaqından ayrılmaq istəyən Azərbaycanda rusdilli əhali daha çox idi. Bəs, onda xalq niyə həmrəy idi?
 
- Məsələ burasında idi ki, xalq onda Sovet İmperiyasının tabeçilyində idi, insanlar da məcbur idi ki, rus dilində oxusun, bu dili istifadə eləsin. Bu gün biz müstəqil dövlətik, bunu sənə heç kim məcbur etmir. Niyə öz uşağına ana dilində təhsil vermirsən? Belə bir arqument var ki, rus dilində təhsil yüksəkdir. Bu, tamamilə yanlış bir şeydir. Azərbaycan dünya miqyasında bir çox görkəmli alimlər yetişdirib ki, bunların hamısı öz ana dilində təhsil alıb. Təvözakarlıqdan kənar olsa da, rus sektorunda oxumuş istənilən adamı gətirin, mən onunla elmin müxtəlif sahələrində diskussiya etməyə hazıram, görək, kim daha çox savadlıdır, təhsillidir. Təhsilin dilə nə aidiyyatı var? Düzdür, rus dilində ədəbiyyat daha çoxdur, amma ingilis dilində ədəbiyyat ondan çoxdur. Rus dilini bilmək, öyrənmək başqa şeydir, rus dilində təhsil almaq başqa bir şeydir.
 
Bütün filosoflar, sosioloqlar, siyasətçilər birmənalı şəkildə təhsili siyasi bir məsələ, dövlətin atributlarında biri hesab edirlər. Əgər sənin ölkəndə təhsil başqa bir dildədirsə, deməli, sən başqa bir dövlətin maraqlarına xidmət edirsən. Çünki təhsilin əsas məqsədi dövlətin maraqlarına xidmət edən vətəndaş yetişdirməkdir. Sən rusdili təhsil sistemində necə Azərbaycan dövlətinə xidmət edən adam yetişdirə bilərsən? Tariximiz də sübut edir ki, rus dilində təhsil almış insanlar tariximizin ən mühüm məqamlarında Azərbaycan xalqının, dövlətinin maraqlarına zidd möve tutublar və Rusiyanın təmsilçiləri kimi çıxış ediblər. Mən bir dəfə də demişdim, Əlağa Şıxlinski 11-ci qızıl orduya müqavimət göstərmədi, dedi ki, “mən rus ordusunun zabitiyəm, rus ordusuna qarşı vuruşa bilmərəm”. Parlamentdə Rusiyada təhsil alan rusdilli ziyalılar hamısı bir nəfər kimi dedi ki, “Azərbaycan müstəqilliyindən imtina etməlidir və Rusiyaya birləşməlidir”. Bu gün də rus dilində və Rusiyada təhsil alan Azərbaycandakı məmurların 90%-i Azərbaycanın müstəqilliyinin əleyinədir. Baxmayaraq ki, müstəqil dövlətin təmsilçiləridir, amma Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərirlər.
 
- Sərdar bəy, insanların daha çox madddi dəyərlərə üstünlük verdiyini qeyd etdiniz. İndi biz müstəqil, İslam dinin qaydalarına əməl edən bir ölkəyik. Bu halda, niyə insanlar mənəvi dəyərlərdən bu qədər uzaqlaşıb? Halbuki, Sovet dövründə heç İslam dininə imkan verilmirdi, amma Sovet imperiyası dağılan zaman xalqın həmrəy olduğu ortada idi...
 
- İstər Sovet, istərsə də indiki dövrdə bütün dünyada mövcud müsəmançılıqla İslam arasında çöx böyük fərq var. Yəni Qurani-Kərimin göstərdiyi müsəlmançılıq modeli mövcud, praktiki müsəlmançılıq modelinə uyğun deyil. Mövcud dünyada olan İslam dünyəviləşdirilmiş İslamdır. Halbuki, əsl İslam səmavi İslamdır. Əsl İslamda obyektlər Allahdır, mələkdir, ruhdur, şeytandır, axirətdir, qiyamətdir. Amma dünyəviləşmiş İslamda obyektlər peyğməbərin səhabələridir, qohum-qardaşıdır, dövrün alimləridir və. s. Bu qədər fərq var. Ona görə, İslam nə qədər dünyəviləşdirilibsə, müsəlmanlar bir o qədər dünyəvi maraqlara istiqamətlənib. Bz gərək insanlara həqiqi İslamın nə olduğunu başa salaq. İndi 1,5 milyard müsəlman var. Bunların arasında əsl İslamı başa düşən yarım milyard insan olmaz. Çünki insanlar İslamın nə tələb etdiyini bilmədən İslamı qəbul ediblər və İslamın tələblərinə fərqli yanaşırlar. Ona görə də İslam dinini mexaniki olaraq icra edirlər. İnsanlar bilsə ki, İslam hər bir adamdan Allah yolunda canından, malından, sərvətindən keçməyi tələb edir, İslam cəmiyyət naminə özünü qurban verməyi, kafirlərə tabe olmamağı tələb edir, kafirlərlə hər hansı bir iqtisadi, mənəvi əlaqələrə girməyi qadağan hesab edir, bütün müsəlmanları bir qardaş kimi bir yumruqda birləşməyi, insalardan kamilləşməyi, dünyanı abadlaşdırmasını tələb edir, indiki tanıdığım adamların 90%-i İslama yaxın gəlməzdilər. Çünki bu tələblər həmin adamların həyat tərzinə uyğun deyil. İslam yanlış dərk olunduğuna görə, baxırsan ki, bir adam sözün həqiqi mənasında İslami dəyərlərə hörmət etmir, 30 dəfə Həccə gedib-gəlib, gecə-gündüz namaz qılır və yaxud oruc tutur... Bu, o deməkdir ki, İslamın bəzi adətlərinin, ayinlərinin icrası sırf mexaniki həyata keçirilir. Allah-Təala münafiqlər haqqında Quranda belə ayə buyurub: Münafiqlərin Kəbənin yanında İbrahim məqamında namaz qılması fit verib, əl çalmağa oxşayır. Yəni hətta bir adam Həccə gedib Kəbənin qabağında namaz qılırsa, o demək deyil ki, o, namaz qılır. Allah-Təala onun namazını qəbul etmir. Yəni onun qıldığı namazın mahiyyəti yoxdur.
 
-Belə başa düşürəm ki, bizim dünyəvi maraqlara istiqamətlənməyimizdə Sövet hökumətinin ciddi rolunu görürsünüz...
 
(Ardı var)
 
Şamo EMİN, Hurriyyet.org

Загрузка...
Загрузка...