Söhbət kiminsə taleyindən deyil, dövlətin taleyindən gedir

Baxış sayı: 
150

 
Turaninfo.org saytı son günlər ölkənin enerji sektorunda baş verən hadisələr və bu hadisəyə görə heç kimin məsuliyyətə cəlb olunmaması ilə bağlı ADP sədrinin müavini Taliyət Əliyevin münasibətini öyrənib.
 
Taliyət bəy, enerji problemi, Prezidentin müşavirəsi, ölkə başçısının məmurlara sərt reaksiyası. Bu kontekstdən baş verənləri necə qiymətləndirirsiz? Sizcə, belə hallarda hansı tədbirlər görülməli idi? Bu situasiya hakim komandada növbəti təmizləməyə rəvac verə bilərmi?
Son günlər ölkənin enerji sektorunda baş verən qəza nəticəsində ölkənin qaranlığa qərq olması və əksər sahələrdə mənfi fəsadlara yol açması və ciddi problemlər yaratması birmənalı olaraq göstərdi ki, ölkənin enerji təhlükəsizliyində ciddi problemlər mövcuddur. Ən narahatedici hal ondan ibarətdir ki, son illər ölkənin enerji təminatının yaxşılaşdırılması üçün bu sahəyə milyardlarla vəsait xərclənib. Baş verən qəzaya əsas kimi son günlər havaların həddindən artıq isti keçməsi göstərilib. Amma bu əsaslandırma bütün hallarda tənqidə dözümsüzdür. Qəza gecə saatlarında baş verib. Əgər istilərdən dolayı hədsiz yüklənmədən qəza baş verməli olsaydı, onda məntiqlə gündüz saatlarında qəza baş verməli idi. Çünki, gündüz saatlarında bütün müəssisələr işlədiyindən elektrik enerjisindən daha çox istifadə olunur. Bu baxımdan ortada daha ciddi səbəblərin olması istisna deyil. Bu səbəblərin əsası kimi həmin sahəyə ayrılan milyardların təyinatı üzrə xərclənməməsi və korrupsiyaya uğramasıdır. Günü bu gün həmin sahəyə məsul olan şəxslərin maddi durumu və əmlakları araşdırılsa ortaya ciddi faktlar çıxacaq. Biz müharibə vəziyyətində olan bir dövlətik, bizim enerji təhlükəsizliyimiz “havaların isti keçməsinə” dözmürsə bu sahəyə məsul olan şəxslər özlərində zərrə qədər məsuliyyət hiss edirlərsə, istefa verməli idilər. Yeri gəlmişkən qeyd edim ki, erməni tərəfi dəfələrlə Mingəçevir SES-i vurması ilə hədələyiblər. Bu baxımdan böyük enerji resurslarına malik olan ölkə kimi Azərbaycanın enerji təhlükəsizliyinin yalnız bir SES-dən asılı olması ən azı biyabırçılıqdır. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, bu hadisə Azərbaycan ordusunun 20 minlik canlı qüvvə ilə geniş miqyaslı hərbi təlimlər keçirdiyi bir müddətdə baş verməsidir. Bu təlimlərdən də düşmən tərəfinin nə qədər ciddi narahat olduğu da göz önündədir. Bütün qeyd etdiklərimdən dolayı hesab edirəm ki, baş verən hadisələr ciddi araşdırılmalı, ölkəmizin enerji təhlükəsizliyində olan boşluqlar aradan qaldırılmalı, baş vermiş qəzada subyektiv faktorların olub-olmaması dəqiqləşdirilməli və bu qəzada günahkar olan şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır.
Bəs belə bir cəzalanmanın olacağını gözləyirsizmi?
Məntiqlə olmalıdır, çünki, bu sıradan bir məsələ deyil. Bir ölkənin enerji təhlükəsizliyindən söhbət gedir...
Maraqlıdır, bu cür hallarda cəzalandırma olsa hakimiyyət xal qazanar. Niyə cəza verilmir..?
Ölkə başçısının bu məsələyə münasibəti də ortadadıır. Qəza ilə bağlı komissiya yaradılıb. Kənar təsirlər olmasa komissiya qəzanın əsl səbəbini ortaya qoya biləcək. Yəqin ki, bundan sonra günahkarlar cəzalanacaq. Baş vermiş hadisə nəticəsində nə qədər insan əziyyət çəkib, iqtisadiyyata zərər vurulub, ən böyük ziyan isə ölkənin enerji təhlükəsizliyinin imicinə dəyən ziyandır ki, bunu bərpa etmək asan məsələ deyil. Ölkə başçısı da bir qəza ilə ölkənin enerji sektorunun tam çökməsini qəbuledilməz sayıb. Bu baxımdan cəzalandırmalar qaçılmaz olacaq. Bir daha qeyd edirəm, bu sıradan bir məsələ deyil. Söhbət kiminsə taleyindən deyil, dövlətin taleyindən gedir.
 
 

Загрузка...
Загрузка...