​Şəki: koronavirusa 101 nəfər yoluxub, şəhərdə 4 post qoyulub, turizm çöküb - Reportaj/Fotolar

Baxış sayı: 
106
1  
0  

 
Rayonun polis rəisi Azər Muradov: “Biz də istəyirik ki, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun”
 
Şəkidə həyat donub. Şimal-qərb zonasının böyük şəhərində sərt karantin rejiminin tətbiq olunması Şəkini Bakıya döndərib: küçələr, yollar bomboş, hər addımda polis və Daxili Qoşunların əsgərləri keşik çəkir, insanlar 2 saatlıq SMS icazə ilə hərəkət edir, kafe-restoranlar, bazarlar bağlanıb, gözümüzün həmişə görməyə adət etdiyi “Şəki halvası” yazılan kiçik piştaxtaların üstü örtülüb, hər zaman qaynayan bölgədə indi sükut hökm sürür...
 
Öyrənirik ki, Şəkidə koronavirusa yoluxma hallarının artması regionda sərt karantin rejimi tətbiq olunmasına gətirib çıxarıb. Bu şəhər zonanın ən böyük bazarı sayılır.
 
Təbii ki, daha sıx təmas olan bir regiondur. Nəticədə epidemiya qonşu rayonlarla müqayisədə Şəkidə daha çox tüğyan etməyə başlayıb.
 
Odur ki, Şəkini tərk etmək və rayona gəlib-getmək üçün icaze.gov.az portalından qeydiyyatdan keçmək lazımdır.
 
Şəhərdə qarşımıza çıxan tək-tük adamlar isə maskada gəzirlər. Eyni zamanda marketə, banka və s. ünvanlara baş çəkənləri maskasız içəri buraxmırlar. Rayonun həm Bakı, həm Qax istiqamətindən giriş-çıxışlarına postlar qoyulub, sürücülər bir-bir yoxlanılırlar.
 
Bu vəziyyət isə Şəki kimi turistik bir bölgədə istirahət mərkəzlərinin, otellərin, restoranların, geyim dükanlarının işinə ciddi zərbə vurub.
 
Xüsusən yay mövsümündə turistlər Şəkiyə axışırdılar və indi karantin rejimi onların ayağını bu yerlərdən kəsib deyə bölgənin turizm sektoruna böyük ziyan dəyib.
 
Obyekt sahibləri dua edirlər ki, iyulun 20-dən sonra Şəki sərt karantindən çıxsın, bəzi xidmət sahələrinə işləmək icazə verilsin. Əks halda işizliklə bağlı problemlər dərinləşəcək.
 
Hazırda Şəkidə Xan sarayı, muzeylər, gəzməli-görməli yerlər, istirahət mərkəzləri sərt karantin səbəbindən işini dayandırmalı olub.
 
Şəki Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Azər Muradov bizimlə söhbətində “Yeni Müsavat”a bildirdi ki, sərt karantin rejiminin təşkili ilə əlaqədar 4 yerdə postlar qurulub. Onun sözlərinə görə, 128 nəfər polis əməkdaşı, Daxili Qoşunların 100 əsgəri bu prosesə cəlb olunub.
 
Polis rəisi qeyd etdi ki, Şəkidə 101 nəfər koronavirusa yoluxub, 21 nəfər sağalıb, 4 nəfər dünyasını dəyişib, 43 nəfər isə müalicə alır.
 
A.Muradov bildirdi ki, insanlarda əvvəllər epidemiyanın mövcudluğuna inamsızlıq var idi:  “Amma indi hamı yaxınında, çevrəsində, qohum-tanışında virusa yoluxanların olduğunu, dünyasını dəyişənləri görür.  Biz də istəyirik ki, insanlar sağlam olsunlar, yoluxma artmasın, Şəki və bütün ölkəmiz, dünyamız bu bəladan xilas olsun.
 
Ona görə də sərt karantin rejiminin tətbiq olunmasının əsas hədəfi insanları qorumaq, yoluxmanın qarşısını almaq, sosial izolyasiyaya nail olmaqdır.
 
Gördüyünüz kimi, 4 yerdə postlar qurulub, insanların küçəyə çıxarkən icazəsi olub-olmadığı yoxlanılır, maska taxmayanlara xəbərdarlıq edilir, buna riayət etməyənlər barəsində inzibati tənbeh tədbiri görülür.
 
Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olundu və maska taxmayanlar barəsində cərimələr artırıldı.
 
Bütün bu addımların yeganə məqsədi vətəndaşlarımızın sağlamlığını qorumaq, yoluxmanı minimuma endirməkdir.
 
Ümumiyyətlə, biz maska taxmaq məsələsini cəmiyyətdə ictimai qınağa çevirməliyik, insanlarımız da gərək məsuliyyətli olsunlar, sərt karantin rejimi olan ərazilərdə SMS icazə ilə hərəkət etsinlər.
 
Bizim də, dövlətin də istəyi budur ki, epidemiya sovuşsun, bu xəstəlikdən az itki ilə çıxaq, ölkəmizin və dünyamızın həyatı əvvəlki axarına qayıtsın”.
 
“Yeni Müsavat”ın reportyor qrupu
 
Şəki

Загрузка...
Загрузка...