Siyasi şərhçi: "Ermənitan tərəfi buna razıdırsa, biz gözləyirik"

Baxış sayı: 
99
2  
1  

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşdə çıxış edərkən martın 29-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi Vyana görüşü barədə danışıb. Prezident bildirib ki, son görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını bir daha təsdiqlədi.
“Bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" – prezident qeyd edib.
Vyana görüşünün doğura biləcəyi nəticələri Publika.az-a şərh edən siyasi şərhçi İlqar Vəlizadə bildirir ki, bu görüş, əlbəttə, danışıqlar prosesinin əhəmiyyətli addımlarından biri oldu:
“Belə görüşlər illərdir ki, keçirilir. Lakin bundan sonra konkret addımların atılması zəruridir. Yaxud da ki, görüşlər əsnasında əldə olunmuş razılıqların yerinə yetirilməsi ilə bağlı addımların atılması məcburiyyəti var. Vyana görüşü sonrası proseslər isə hələ kifayət qədər aydın deyil. Biz gözləyirdik ki, sonuncu görüşlərin birində tərəflər bu və ya digər şəkildə xalqların sülhə hazırlanması ilə bağlı prosesi açıq şəkildə müzakirə etsinlər. Lakin bu belə olmadı. Çünki buna kifayət qədər zəmin yox idi. Xüsusilə, Ermənistan tərəfi görüşdən çox öncə bəyanatlarla çıxış etməyə başlamışdı ki, Ermənistan hücum strategiyasını hazırlayır. Bundan başqa, bildirirdilər ki, Azərbaycana bir qarış torpaq belə geri qaytarmaq niyyətində deyillər. Belə vəziyyətdə də xalqların sülhə hazırlanması ilə bağlı nəticə əldə etmək və yaxud yeni nəsə gözləmək düzgün olmazdı.

Vyana bu məsələ ilə bağlı bildirilib ki, xalqların sülhə hazırlanması ilə bağlı humanitar aksiyalar keçirilməlidir. Tərəflər müəyyən xoşməramlı addımlar atmalıdır. Amma görüşdən sonra Ermənistan tərəfi yenə də ziddiyyətli fikirləri ortalığa atmağa başladı. Yenə də müharibə ehtimalından danışırlar. əgər bu ritorika davam etsə və yeni xoşməramlı addımlar atılmasa, onda Vyana görüşü də danışıqlar prosesi tarixində nəticəsiz görüş kimi qalacaq. Azərbaycan tərəfi xoşməramlı addım deyəndə, ilk olaraq, girovların azad edilməsini nəzərdə tutur. Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə demişdi ki, biz əsirlərin hamının-hamıya prinsipi əsasında girovların geri qaytarılmasına razıdır. Görüşdən əvvəl isə baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan tərəfi də bu prinsiplə razıdır. Əgər doğrudan da, Ermənitan tərəfi buna razıdırsa, biz gözləyirik ki, ən azı sonradan əsir düşmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı konkret addımlar atılsın. Əgər bu da olmasa, deməli, Ermənistan yenə də öz sözünün üstündə durmur və hadisələr müharibəyə doğru aparır”.

Загрузка...
Загрузка...